Şəxsi işgüzarlıq vacib şərtdir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov oktyabr ayının 15-də  Quşencə bələdiyyəsinin hüdudlarına daxil olan Quşencə, Zoğallıq, Balik və Enişdibi yaşayış məntəqələrinin sakinləri ilə görüş-qəbul keçirib.

M.Sadıqov məlumat olaraq ölkədə, eləcə də rayonda gedən tikinti-quruculuq, inkişaf barədə yenilikləri dilə gətirib. Rayonun əldə etdiyi son nailiyyətlərə diqqət çəkib.

Görüş  iştirakçıları ilk növbədə Quşencə-Zoğallıq avtomobil yolunun asfaltlaşdırılması, iki kəndin qovuşduğu yerdə müasir standartlara cavab verən uşaq bağçasının tikintisi üçün Prezident İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə ediblər.

Görüş-qəbulda kəndlərin sosial infrastrukturunun daha da müasirləşdirilməsi baxımından bir sıra xahiş və təkliflər səslənib. Kənddaxili elektrik xətlərində yararsız hala düşmüş dirəklərin yenilənməsi, Zoğallıq kəndində elektrik transformatorunun daha güclüsü ilə əvəzlənməsi, ərazidə yeni tikilmiş  55 evin təbii qazla təminatı başlıca istəklərdən olub.

RİH başçısı M.Sadıqov ərazidə işsizliyin aradan qaldırılması üçün  vətəndaşların kiçik sahibkarlıqla məşğuliyyəti barədə tövsiyələrini verib. Rahat yaşamaq üçün şəxsi işgüzarlıq nümayiş etdirməyin vacib şərt olduğunu bildirib. Torpqdan səmərəli istifadənin məqamlarına aydınlıq gətirib.

Rayonun xidmət idarələrinin rəhbərlərinə  qaldırılan məsələlərin həlli ilə əlaqəli qanunamüvafiq tapşırıqlar verilib.

Ş.Soltanov

Şərh Yaz