Görüşlər problemlərin həllini sürətləndirir

Oktyabr ayının 17-də Göytəpə kəndinin sosial problemlərinin həlli istiqamətini müəyyənləşdirmək üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndin sakinləri ilə görüşüb.

Görüşə qədər ərazidəki çatışmazlıqlarla yaxından tanış olan başçı  ucqar dağ kəndləri ilə müqayisədə bu yaşayış məntəqəsində vəziyyətin qənaətbəxş olduğunu söyləyib.

M.Sadıqov qeyd edib ki, ölkədə gedən sosial infrastruktur yenilikləri artıq kəndlərimizə də nüfuz etməkdədir. Əlbəttə, hər bir vətəndaşın yaxşı yaşamaq hüququ və istəyi vardır. Bu istəyi reallaşdırmaq isə ilk növbədə vətəndaşın özündən asılıdır. Bunun üçün gündəlik fayda gətirə bilən fəaliyyət  növləri ilə məşğul olmaq lazımdır. Torpaqdan istifadənin səmərəliliyini artırmaq bu istiqamətdə atıla biləcək ən vacib addımlardandır.

Görüş zamanı kənddaxili yararsız eləktrik dirəklərinin yeniləri ilə əvəzlənməsi, məktəbəqədər hazırlıq keçən, bunun üçün Qalınçaq kəndinə getməli olan azyaşlılar üçün Göytəpə kənd məktəbinin özündə sinif açılması, kəndin ərazisindən keçən Əyriçaya  körpü qoyulması məsələləri səsləndirilən xahişlərdən olub.

Vətəndaşları diqqətlə dinləyən M.Sadıqov sakinlərin narahatlığına səbəb olan məsələlərin qısa müddətdə həlli üçün müvafiq idarə və müəssisələrin cavabdeh şəxslərinə tapşırıqlar verib.

Ş.Soltanov

Şərh Yaz