Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri

Məlum olduğu kimi bu il ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan bələdiyyə seçkiləri keçiriləcəkdir. Qeyd olunmalıdır ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar üçün demokratik seçki mühiti yaradılmış, həmçinin vətəndaşların seçki hüquqlarının reallaşması ilə bərabər, baş verə biləcək seçki hüquqlarının pozulması hallarına qarşı bir çox məqsədyönlü tədbirlər görülmüşdür. Bu tədbirlərin sırasında ən mühümlərindən biri də “Cari ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair” Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 8 oktyabr 2019-cu il tarixli qərarına əsasən dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 2019-cu il 15-17 oktyabr tarixlərində seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsindən ibarətdir.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil etməklə xalqın hakimiyyətə olan etimadının göstəricisi kimi çıxış edir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsi kimi qəbul edilir. Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına azad, demokratik seçkilərin keçirilməsi yolu ilə bildirməsidir. Hər bir inkişaf etmiş dövlətdə seçkilər vətəndaşların, cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi forması kimi qəbul edilir. Dövlət müstəqilliyimiz yenidən elan olunduqdan və ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyatımızın bütün sahələrində, o cümlədən demokratik seçkilərin təşkili və keçirilməsi sahəsində də əsaslı islahatlar aparılmışdır. Bu istiqamətdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində ötən dövrdə güclü qanunvericilik bazası yaradılmış, peşəkar seçki komissiyaları formalaşmış, ildən-ilə keçirilmiş prezident, parlament, bələdiyyə seçkilərində, habelə, referendumlarda uğurlu nəticələr əldə olunmuşdur. Sözsüz ki, bütün bunlar hərtərəfli güclənən dövlətimizin, habelə, ümumxalq səsverməsində və seçkilərdə fəal iştirak edən xalqımızın siyasi iradəsinin məntiqi nəticəsidir.

Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnun və seçkilərin (referendumun) keçirilməsinin ümumi prinsiplərinin konstitusiya norması ilə təsbit edilməsi Əsas Qanunun çərçivəsində dövlətimizin demokratik quruluşuna verilən ən mühüm təminatlardan biridir. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlı III fəslinin 56-cı maddəsində təsbit edilmişdir ki,  Azərbaycan Respublikası  vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüququ fundamental hüquqlardan biri kimi Konstitusiyada təsbit olunsa da, bu hüququn həyata keçirilməsi qaydaları, seçkilərin tənzimlənməsinə dair digər məsələlər Azərbaycan Respublikasının Seçkilər Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 1.1.8-ci maddəsinə əsasən, seçki hüququ özündə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarını, Azərbaycan Respublikasının Prezidentini, bələdiyyələrə üzvləri seçmək və həmin orqanlara, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində (seçkilərin (referendumun) nəticələrinin müəyyən edilməsi də daxil olmaqla), səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququnu ehtiva edir və sadalanan proseslərdə iştirak edən hər bir şəxs seçki subyekti hesab olunur.

Seçki məcəlləsində seçki hüququnun prinsipləri də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

Qüvvədə olan seçki qanunvericiliyi seçkilərin təşkili və keçirilməsinin əsas prinsiplərindən biri kimi aşkarlıq prinsipini də müəyyən etmişdir ki, onun əsas forması da yerli və beynəlxalq müşahidəçilərə azad və sərbəst şəkildə bütün seçki hərəkətlərini müşahidə edə bilmək imkanının verilməsidir.

Seçkilərin demokratik və şəffaf prosedurlar əsasında keçirilməsi, habelə, ölkə vətəndaşlarının seçki hüquqlarının tam təmin olunması üçün seçki hüquqpozmalarının törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi və bu neqativ amillərlə səmərəli mübarizə mexanizminin yaradılması da mühim əhəmiyyət kəsb edən amildir. Seçki hüququnun pozulması dedikdə, vətəndaşların ali dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarına nümayəndə seçmək və seçilmək, referendumlarda iştirak etmək hüquqlarının həyata keçirilməsinə istənilən maneçiliklərin törədilməsində, bu hüquqların həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmamasında, o cümlədən qanunvericiliklə üzərinə seçkilərin təşkili və keçirilməsi vəzifəsi qoyulmuş vəzifəli şəxslərin, təşkilatların, qurumların öz vəzifələrini lazımınca yerinə yetirməməsində, seçki subyektlərinin qanunvericiliklə müəyyən olunmuş normalara riayət etməməsində ifadə olunan əməllərdə öz əksini tapır. Qeyd olunanlardan göründüyü kimi, seçki hüquqlarının pozulması seçki prosesinin bütün mərhələlərində yerinə yetirilən hərəkətləri, onlara cəlb olunan bütün seçki subyektlərini əhatə edən kifayət qədər irihəcmli bir anlayışdır. Məsələn, Seçki Məcəlləsində namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası müəyyən edilmişdir. Belə ki, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə yol verilmir. Belə halın baş verməsi  seçki hüquqlarının pozulması deməkdir. Yaxud seçki qanunvericiliyi ilə qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı təşviqat aparmaq hüquqları əks olunmuş, bununla bağlı əsas şərtlər və qaydalar müəyyən edilmişdir. Seçki prosesində iştirak edən bütün subyektlər qanun çərçivəsində həyata keçirilən təşviqat hüququna riayət etməyə borcludurlar. KİV, nəşr, audiovizual materialların yayılması, kütləvi tədbirlərin keçirilməsi yolu ilə təşviqat aparılmasına qəsdən maneçilik törədilməsi seçki hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

Seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyətin əsasları və növləri ilk növbədə Seçki Məcəlləsi ilə müəyyən edilir. Məcəllənin 16-cı fəsli bilavasitə vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət məsələlərini tənzimləyir.

Ümumilikdə isə Məcəllənin 2.7, 17.3. 22.7, 27.2, 33.2, 38.2, 46.5, 47.10, 68.5, 70.4, 88.6, 88.8, 89.4, 97.5.5, 98.3, 98.3, 99.7, 100.9, 101.1, 111.3, 115, 129.3, 151, 185.2, 190.4, 219-cu maddələrində seçki münasibətləri subyektləri (seçki komissiyalarının üzvləri, namizədlər, seçicilər və sair) tərəfindən seçki hüquqpozmalarının törədilməsinə görə məsuliyyət nəzərdə tutan müddəalar öz əksini tapmışdır.

Məcəllənin 60.6-cı maddəsinin tələblərinə uyğun olaraq namizədin hərəkətlərində cinayət məsuliyyətinə və ya inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu əlamətləri aşkar edildikdə seçki komissiyası Məcəllənin pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları hüquq-mühafizə orqanlarına göndərir.

Həmin Məcəllənin 115-ci maddəsinə əsasən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər:

* zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;

* seçilmək məqsədi ilə özünün vəzifə və ya xidməti mövqeyindən imtiyaz kimi istifadə edənlər;

* namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;

* seçiciləri ələ alanlar, yəni bu Məcəllənin 88.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;

qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqlənşdirməyənlər;

* namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);

* seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndəlrinin hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin sürətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin sürətlərini təsdiqi ilə bağlı hüquqlarını pozanlar;

* seçkiqabağı təşviqat aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər:

* məcəllənin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya va digər reklamları hazırlayanlar və yayanlar, yaxud xeyriyyə xidmətləri göstərənlər;

seçki kompaniyasının maliyyələşdirilməsinin məcəllə ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;

* seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vərəqələrinin əlavə tirajını hazırlayanlar;

* seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə qeyri-qanuni müdaxilə edənlər;

* seçki məntəqələrində səsverməyə mane olanlar;

* səsvermənin gizliliyini pozanlar;

* seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;

* seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;

* vətəndaşların seciçi siyahıları ilə tanış olmaq hüququnu pozanlar;

* vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;

* seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərçlənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;

* məcəllədə nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;

* seçki komissiyalarının bu məcəllənin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri.

Vətəndaşların qeyd olunan seçki hüquqlarının pozulmasına görə qanunvericilikdə müxtəlif növ hüquqi məsuliyyətlər nəzərdə tutulmuşdur:

Seçki hüquqpozmalarının xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və aid olduğu qanunvericilik sahəsinə uyğun olaraq onların törədilməsinə görə cinayət, mülki və inzibati məsuliyyət müəyyən edilmişdir.

Belə ki, Seçki Məcəlləsinin 2.7-ci maddəsində seçkilərdə iştirakla bağlı bir çox şərtlərin pozulmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olması da vurğulanır.

Seçki Məcəlləsinin 70.6-cı maddəsinə uyğun olaraq qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının seçki komissiyasının hərəkəti (hərəkətsizliyi) nəticəsində ona dəymiş zərərin ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət edə bilər.

Bundan əlavə, Azərbaycan Respublikası CM-nin “İnsan və vətəndaşın konstitutsiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlanan 21-ci fəslinin 159-161-ci maddələrində seçki qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə səbəb olan hərəkətlər və bu hərəkətlərə görə cəza növləri nəzərdə tutulmuşdur.

CM-nin 159-cu maddəsi Seçki /referendumda iştirak/ hüquqlarının həyata keçirilməsinə mane olmağa görə məsuliyyət nəzərdə tutur. Həmin maddəyə görə vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma, vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma cinayət məsuliyyətinə səbəb olur və təqsirkar şəxslər barədə sanksiya tətbiq edilir. Göstərilən əməllər ələ alma, aldatma, hədələmə, zor tətbiq etmklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə daha ciddi sanksiyalar tətbiq olunur.

Seçki /referendumda iştirak/ hüquqlarının həyata keçirilməsinə mane olma dedikdə, həm seçicilərə, həm də referendumda iştirak etmək arzusunda olanlara müxtəlif məhdudiyyətlər yaratma başa düşülür.

Ələ alma dedikdə, seçkili vəzifəyə namizədi, seçicini və başqa şəxsləri onlara pul, əmlak verməklə və ya verməyi vəd etməklə və sair formada maddi cəhətdən maraqlandırmaqla təqsirkar üçün əlverişli qərara gəlməyə sövq etmə başa düşülür. Məsələn, bələdiyyə seçkilərinə namizədə pul verməklə və ya pul verməyi vəd etməklə onu digər namizədin xeyrinə öz namizədliyini geri götürməyə sövq etmə.

Aldatma dedikdə, zərərçəkmiş şəxsi seçkinin keçirilməsi üzrə tədbirlərin vaxtı və yeri barədə, bülletenin doldurulması qaydaları və sair barədə yanlış istiqamətləndirən hər hansı hərəkətin və ya hərəkətsizliyin edilməsi, məsələn yalan məlumatların verilməsi, həqiqi hallar barəsində susma və sair başa düşülür.

Hədələmə dedikdə, zor tətbiqi istisna olmaqla, misal üçün, vətəndaşın işdən çıxarılacağı, yaxın adamlarına təzyiq göstəriləcəyi, namizədin barəsində rüsvayedici məlumatların yayılması və sair yolla hədələnməsi başa düşülür.

Həmin cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs, habelə seçkilərin təşkili və keçirilməsi ilə bilavasitə əlaqədar olan vəzifəli şəxslər və ya əlaqədar olmayan digər vəzifəli şəxslər ola bilər.

CM-nin 159.1-ci maddəsi seçkilərdə /referendumda/ iştirak qaydalarını pozmaya görə məsuliyyət nəzərdə tutur. Həmin maddəyə görə namizədlərin, partiyaların, siyasi partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olma, seçkilərdə başqalarının əvəzinə səs verilməsinə şərait yaratma cinayət məsuliyyətinə səbəb olur və təqsirkar şəxslər barədə sanksiya tətbiq edilir.

CM-nin 160-cı maddəsi seçki /referendum/ komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərməyə görə məsuliyyət nəzərdə tutur. Həmin maddəyə görə seçki /referendum/ komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə cinayət məsuliyyətinə səbəb olur və təqsirkar şəxslər barədə sanksiya tətbiq edilir. Göstərilən əməllər ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə daha ciddi sanksiyalar tətbiq olunur.

CM-nin 161-ci maddəsi seçki /referendumda iştirak/ sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozmağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Həmin maddəyə görə seçki komissiyasının üzvü tərəfindən seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, habelə seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülletenlərinin salınması cinayət məsuliyyətinə səbəb olur və təqsirkar şəxslər barədə sanksiya tətbiq edilir.

Qanunvericilik seçkilərin təşkili, keçirilməsi və sair qaydaların pozulmasına görə inzibati məsuliyyət də müəyyən etmişdir. Yeni qəbul olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar” adlanan 21-ci fəslinin 164-179-cu maddələri bu sahədə inzibati xətalara həsr olunmuşdur.

Həmin maddələrə əsasən:

– Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılmasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına, qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən müdafiə etmək imkanının verilməməsinə görə (maddə 164);

– Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər belə təşviqat materiallarını məhv etməyə, korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə (maddə 165);

– Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə (maddə 166);

* Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin Seçki Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə (maddə 167);

* Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə (maddə 168);

* Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə (maddə 169);

* Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə görə  (maddə 170);

* Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına görə (maddə 171);

* Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə (maddə 172);

* Seçki (referendum) komissiyasının üzvü tərəfindən: vətəndaşların seçici siyahıları, yaxud referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısı ilə tanış olmaq hüququnun pozulmasına; seçici siyahılarındakı, yaxud referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısındakı yanlışlıqlar haqqında vətəndaşların ərizələrinə Seçki Məcəlləsi ilə müəyyən edilmiş müddətdə baxılmamasına; qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə (maddə 173);

* Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə) qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki (referendum) komissiyasının üzvünə məzuniyyət verilməsindən imtina etməyə görə (maddə 174);

* Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə (maddə 175);

* Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə (maddə 176);

* Seçkilərin (referendumun) maliyyələşdirilməsinin Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarını pozmağa, seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitlərin xərclənməsi barədə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya dərc edilməməsinə görə (maddə 177);

* Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumatların göstərilməməsinə, Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına, Siyasi partiyaların, siyasi partiyaların bloklarının, namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına, yaxud yayılmasına görə (maddə 178);

* Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların, siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən təqdim edilməməsinə, Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə (maddə 179) bu xətalara yol vermiş şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

Bir qayda olaraq göstərilən inzibati xətalara yol verilməsi barədə məsələyə rayon məhkəməsində baxılır. İXM-in göstərilən xarakterli inzibati xətaya həsr olunmuş maddələrinin hamısında inzibati xətaya yol vermiş şəxslər barəsində müxtəlif məbləğlərdə cərimə cəzasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Çıxışımın sonunda qarşıdan gələn seçkilərin bu sahəni nizama salan qanunvericiliyin tələblərinə uyğun keçirilməsi işində hamıya müvəffəqiyyətlər arzulayıram və arzu edirəm ki, seçkilər o dərəcədə yüksək səviyyədə keçirilsin ki, heç bir vətəndaş istər cinayət, istərsə də inzibati məsuliyyətə cəlb olunmasın.

İnanırıq ki, aparılmış bütün işlər öz bəhrəsini verməklə, hər bir seçki prosesinin iştirakçılarının hüquqları təmin olunacaq və xalqımız düzgün seçim edəcəkdir.

Tural Yusifov,

İsmayıllı rayon prokuroru, baş ədliyyə müşaviri                                       

 

Şərh Yaz