Daha bir şəhid haqqında kitab

Sentyabrın 27-də Əl Oyunları Sarayı Konfrans zalında Qarabağ savaşında itkin düşmüş və hələ də əzizləri tərəfindən yolu gözlənilən Xəqani Eyvaz oğlu Əkbərovun döyüş və keçdiyi həyat yolundan bəhs edən “Gözlər yoldan yığılarmı” kitabının təqdimat mərasimi keçirilib.

Respublika Xatirə Kitabı Redaksiyası (RXKR) və “Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən nəşr edilən “Gözlər yoldan yığılarmı” sənədli povestinin müəllifi tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır.

Layihənin rəhbəri RXKR-nin baş redaktoru Nəzakət Məmmədova, rəyçisi “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, redaktoru şair-publisist Zülfüqar Şahsevənlidir.

Kitabın təqdimatına həsr edilən tədbirin aparıcısı, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, Vətənin ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıq göstərən və qanlı döyüşlərdə itkin düşən Xəqani Eyvaz oğlu Əkbərov bir qəhrəmandır. Təqdimatına toplaşdığımız bu kitab Azərbaycanın qəhrəman oğlu, cəsur kəşfiyyatçı, Qarabağ müharibəsində itkin düşən şəhid Xəqani Əkbərovun ömür və döyüş yolundan bəhs edir. Əgər Xəqani yaşasaydı, onun 50 yaşı olacaqdı. O, 25 il bundan əvvəl itkin düşüb, şəhid olub. Hələ bu vaxta qədər doğmaları onun yolunu gözləyirlər.

Kitabın müəllifi, tanınmış jurnalist Nəzirməmməd Zöhrablı kitabı hazırlayarkən kifayət qədər iş aparıb, qəhrəmanın döyüş yoldaşları ilə görüşüb, onun necə döyüşdüyünü, hansı vəziyyətdə itkin düşdüyünü öyrənib. O, kitabı şəhidin döyüş dostlarının, ailəsinin xatirələri əsasında ərsəyə gətirib. Kitabın birinci hissəsi xatirələr bölməsidir. Burada əsasən Xəqaninin döyüş yoldaşlarının xatirələri əsasında onun döyüş şücaətlərini əks etdirib. Kitabın ikinci hissəsində qeyd edilir ki, 25 ildir ana öz övladının yolunu gözləyir, ana inanır ki, övladı sağdır və nə vaxtsa qayıdacaq. Bu publisistik-bədii əsər o məziyyətlərinə görə diqqəti daha çox cəlb edir.

Xəqani İsmayıllı rayonunun Gəraybəyli kəndində doğulub, Dövlət Neft Kimya İnstitutuna daxil olub. Təhsilini yarımçıq qoyaraq könüllü döyüşə gedib. O, bəlkə də müharibəyə getməyib indi aramızda da ola bilərdi, amma, o, Vətənin dar günündə döyüşə gedib. Qəhrəmanlar ölmür.

Ə.Amaşov sözü nəşrin rəyçisi, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə verib. A.Quliyev “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından nəşr edilən kitabların dövlət və ictimai maraqlarla səsləşən, çox əhəmiyyətli, çox dəyərli olduğunu söyləyib. RXKR-nin həyata keçirdiyi layihələr çox rəngarəng və müxtəlifdir. İndiyə qədər Xatirə Kitabının 16 cildi və xüsusi buraxılışı işıq üzü görüb. Bu redaksiyada Böyük Vətən müharibəsində itkin düşmüş soydaşlarımız haqqında kitablar hazırlanır. Eləcə də redaksiya erməni təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızla bağlı ayrıca xüsusi buraxılış nəşr etdirib. Bildiyim qədər, onun növbəti cildləri də çapa hazırlanır. Redaksiyanın həyata keçirdiyi layihələrdən biri də şəhidlərimiz haqqında sənədli-bədii povestlərin yazılmasıdır. Şadam ki, şəhidlərimiz haqqında yazılan üç kitabı ictimaiyyətə biz təqdim etmişik. Bu iş üçün Nəzakət xanıma və redaksiyanın bütün kollektivinə təşəkkürümü bildirirəm. Şəhidlər ölməzdir və şəhidlər haqqında yazılan yazılar da, əsərlər də ölməzdir. Bu kitabın yazılmasının, təbii ki, arxasında böyük zəhmət dayanır. Bu işdə müəllifin, eləcə də onun çapa hazırlanmasında əməyi olan insanların çox böyük zəhməti var. Əgər biz bu kitabın çapa hazırlanması ilə şəhidimizin qohumlarının, ailəsinin, yaxınlarının, azacıq da olsa, qəlbinə daxil ola bilmişiksə, onlara, azacıq da olsa, təsəlli verə bilmişiksə, özümüzü xoşbəxt hiss edirik.

Tədbirdə çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə də X.Əkbərovun ömür və döyüş yoluna həsr edilən nəşrlə bağlı fikirlərini bölüşüb: “Ailəsində, nəslində kifayət qədər şəhid olan, onlar arasında Milli Qəhrəman adına layiq görülən bir nəslin nümayəndəsi kimi demək istəyirəm ki, belə kitablar yazmaq heç də asan deyil. Faktları toplamaq, o izə düşmək çətindir. Belə kitabı yazarkən insanın içi ovulur, ürəyi üzülür. Bu kitab bir təsəllidir. Rahatlıq tapıram ki, biz bu təsəlliləri meydana gətiririk, tarixə qovuşdururuq, gələcək üçün bir arxiv, bir mənbə qoyuruq… Bizim hamımızın son dayanacağımız var, ancaq bizim şəhidlər ona görə xoşbəxtdirlər ki, onlar bizdən fərqləndilər, seçildilər və elə bir zirvəyə yüksəldilər ki, orada əbədiyaşarlıq qazandılar. Bir arzum var, qələbə soraqlı kitablar yazasınız.  Yazasınız ki, torpaqlar alındı. Bax, bu şəhidin ruhu narahatlıqdan qurtardı… Biz yazırıq. Biz bir anaya, bir valideynə, bir nəslə təsəlli qoyuruq, amma, nə o gözlər yoldan yığışır, nə göz yaşları kəsilir, nə də o ürək ağrıları əksilir. Gün o gün olsun ki, biz şəhidlərin ruhu qarşısında xəcalət çəkməyək”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Qərənfil Quliyeva da çıxışında şəhidlər haqqında yazmağın çətin və iztirablı olduğunu bildirib: “3 il 8 ay cəbhə müxbiri işləmişəm. Cəbhədə baş verənləri, şəhidləri, anaların göz yaşlarını çox görmüşəm. Ona görə də belə kitabların ərsəyə gəlməsi həddindən artıq çətindir. Amma çətin olmasına baxmayaraq, bu, şəhidlərimizin ruhu qarşısında bizim borcumuzdur. Hər bir qələm əhlinin borcudur ki, onların ruhunu kitablarla, yazılarla şad etsin. Heç olmasa gənc nəsli onlar kimi vətənpərvər, millətsevər, öz Vətəninə, yurduna bağlı olaraq yetişdirək. Bu baxımdan, müəllifə minnətdarlığımı bildirirəm. Müəllif mənə daha çox yaxındır. Mən onun imzasını bu kitabın üzərində görəndə çox sevindim. Mən həmişə deyirəm ki, biz şəhidlərimiz, qəhrəmanlarımız haqqında çox yazmalıyıq və onları tanıtmalıyıq, yaşatmalıyıq. Arzu edirəm ki, elə zaman gəlsin, biz qələbə soraqlı kitablar yazaq”.

Tədbirdə söz X.Əkbərovun komandiri olmuş Qasım Həsənova verilib. Q.Həsənov əsgərinin qorxmazlığından, cəsurluğundan danışıb: “Xəqani Vətəni canından çox sevirdi. Taktika qurmaq baxımından arxaya çəkilmək lazım idi. 18 əsgərdən 16-sı komandirlə birgə geri çəkilsə də, Xəqani döyüş yoldaşı Fərhadla geri çəkilmədi. Döyüşdə öndə olmalıyıq dedilər. Biz geri çəkildik, ara sakitləşəndən sonra məlum oldu ki, Xəqani və Fərhad itkin düşüblər. Nə qədər axtarsaq da, onları tapa bilmədik. Qarşıda rusların “çyornaya koşka” deyilən alayı dayanmışdı”.

Tanınmış jurnalist, cəbhə və şəhidlik mövzusunda kifayət qədər yazan, kitablar nəşr etdirən Zemfira Məhərrəmli də tədbirdə çıxışında X.Əkbərovun şəhidlik yolunu yüksək dəyərləndirib: “Qələm əhli hər mövzudan yazır, amma, ağrılı mövzulardan yazmaq həqiqətən də çətindir. Vətən dərdindən yazmaq həmişə lazımdır. X.Əkbərov çox xoşbəxt bir insandır ki, şəhidlik zirvəsinə yüksəlib. Qəhrəmanlıq, igidlik ölümə atılım deməkdir. Şəhidlər öz həyatlarını deyil, Vətəni düşündülər, qarış-qarış itirilən, sinəmizdən ağır daş kimi asılan Vətən dərdini düşündülər. Ona görə də onlar şəhid oldular”.

Şəhidin dayısı, el ağsaqqalı Rəsul Cəfərov bacısı oğlundan danışarkən qəhərlənməyə bilməyib. O bildirib ki, Xəqani döyüşə könüllü gedib və müharibədə şücaətlə döyüşüb, itkin düşüb. Hələ də Xəqaninin yolunu gözlədiklərini deyən R.Cəfərovun sözlərinə görə, X.Əkbərov itkin düşdükdən sonra o, Xəqaninin qardaşı Knyaz Əkbərovla birgə bir neçə ay onun döyüşdüyü əraziləri qarış-qarış gəzib, eyni zamanda, müxtəlif təşkilatlara sorğu verməklə bacısı oğlundan bir soraq almaq istəyib, lakin heç bir informasiya əldə edə bilməyib.

R.Cəfərov “Gözlər yoldan yığılarmı” kitabını ərsəyə gətirənlərə minnətdarlıq edib.

Kitabın redaktoru Zülfüqar Şahsevənli isə çıxışında deyib: “Təqdim edilən kitab olduqca dəyərlidir. RXKR-nin layihəsi əsasında nəşr edilən “Gözlər yoldan yığılarmı” kitabı “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından üçüncü kitabdır. Bu kitablar səriştəli, imzası respublikada tanınan həmkarlarımız tərəfindən yazılıb. Şəhidlər haqqında yazılan kitablar gələcək nəsillər üçün yadigardır. Nəşr olunan hər üç kitabın qəhrəmanlarının hər biri nişanlıdır. Nişanlı olaraq ömürləri yarımçıq qırılıb. Bu kitab onların ailəsinə bir təsəllidir”.

Kitabın müəllifi Nəzirməmməd Zöhrablının da  çıxışı maraqla dinlənilib: “Xəqani məndən ötrü kimdir? Xəqani məndən ötrü bu Vətəndə bizim həmişə ehtiyacımız olan birləşdirici simvoldur. Xəqani məndən ötrü o mənada qiymətli adamdır ki, Vətən üçün canından keçib. Xəqaniyə deyiblər ki, nişanlı oğlansan, qal toyunu edək. Mən bütün axtarışlarımdan sonra belə başa düşdüm ki, Xəqani fikirləşib ki, mən gedib Vətəni qorumasam, heç İsmayıllı da qalmayacaq, onda nişanlımın üzünə necə baxacağam… Xəqani birləşdirici faktordur. Ona görə də Xəqani qəhrəmandır. Qəhrəmanlıq elə-belədə bilinmir, qəhrəmanlıq qəlbdə yaşayır-yaşayır və məqamı çatanda üzə çıxır. Belə kitabların yazılması, gələcək nəsillərə çatdırılması vacibdir”.

Şəhidin qardaşı Knyaz Əkbərov qardaşının döyüş yolunu gənc nəsil üçün böyük örnək hesab edib. İtkin düşdükdən sonra onu axtardıqlarını, lakin bu 25 ildə ondan heç bir soraq ala bilmədiklərini deyib. O, həmçinin, təklif edib ki, “Gözlər yoldan yığılarmı” kitabının təqdimat mərasimi həm də qardaşı Xəqaninin doğulduğu Gəraybəyli kəndində keçirilsin. K.Əkbərov, eyni zamanda, kitabın ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirib.

Sonda RXKR-nin baş redaktoru Nəzakət Məmmədova çıxışında deyib: “Bir az əvvəl Rəsul müəllim dedi ki, gözlər yoldan yığılmır. Mən başa düşürəm. Amma inanın ki, o son ümidin bitdiyi günə qurban deyənlər də, o günün sevincini yaşayanlar da olub. Yəni xəbər gəlib ki, o harada dəfn olunub, məzarı haradadır. Mən onun şahidi olmuşam. Redaksiyamıza gəlib bizə təşəkkür ediblər ki, siz öz yazınızla bizim gözümüzü yoldan yığdınız, biz artıq qurbanımızı kəsdik, gedib qəbrini ziyarət etdik. İtkin düşmüş övladın yolunu gözləmək ağır işdir. Mən Telli ananı şəxsən tanımırdım, amma mən onun belinin bükülməsini gördükdə inanın ki, uzun müddət o səhnəni unutmadım, hər an o səhnəni yaşadım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 20 ildir sevincimi itirmişəm, demək olar, bir başqa insana çevrilmişəm.

Tədbirə gələn hər bir insana, Əflatun müəllim, sizə təşəkkür edirəm. Sizə minnətdaram ki, yanımızdasınız. İşinizin çox olmasına baxmayaraq, bu işə dəyər verirsiniz. Üçüncü kitabımızdır ki, siz təqdimatında aparıcı olursunuz. Artıq barəsində kitab yazılacaq növbəti şəhidimiz də məlumdur. Şəhidimizin hələ bundan sonrakı taleyi, yolu müəyyən olunmasa da, onunla bağlı belə bir kitab ərsəyə gətirildi. Bilirsiniz, qəhrəmanlar doğulmurlar, qəhrəmanlıq üçün bir an lazım olur, bu qəhrəmanlığı da Xəqani kimi oğullar göstərib”.

İradə Sarıyeva

Şərh Yaz