Hamımız o arzudayıq

İsmayıllıda yetişən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində orta məktəblərdə çalışan hərbi çağırışaqədərki fənn müəllimlərinin danılmaz əməyi vardır. Bu sahədə  şəhər 6 nömrəli tam orta məktəbinin “Tərəqqi” medallı müəllimi Əsgər Manafovun uğurları daha diqqətçəkəndir. Təkcə onu qeyd etmək kifayətdir ki, o, bu məktəbdə müəllimliyə başladıqdan sonra məktəbi bitirən gənclərin 40 nəfərdən çoxu  gələcək taleyini hərb işinə bağlayıb, nəinki rayonda, hətta respublikada tanınan hərbçilər sırasına qatılıb.

2016-cı ilin Aprel döyüşlərində məktəbin yetirməsi Yaşar Ağayev xüsusi qəhrəmanlıq göstərənlərdən biri olub. Yaşarın yaralanma xəbəri əzizləri, doğmaları ilə bərabər məktəbin müəllim və şagird kollektivini də məyus etdi. Lakin bu məyusluqda bir təsəlli, qürur da vardı: Yaşar düşməni böyük itkilərə məruz qoyaraq yaralanmışdı…

Dövlətimiz Aprel döyüşlərində xəsarət alanlara böyük diqqətlə yanaşdı, Yaşar uzun müddət Vətəndə, qardaş Türkiyə Respublikasında müalicə aldı. Bu müddət ərzində Əsgər müəllimin təşkilatçılığı ilə yaralı qəhrəmanımız vətənpərvər gənclərin iştirakı ilə dəfələrlə ziyarət olundu. Ona ümid qanadlı məktublar yazıldı. Yaşarın doğma ata evinə qayıdışı rayon səviyyəsində, böyük coşqu ilə qarşılandı. Bu qarşılanmada 6 nömrəli məktəbin vətənpərvərləri bayraqdar oldular. Yaşar Aprel döyüşlərindəki şücaət və qəhrəmanlığına görə medalla təltif olunub…

Göstərilən dövlət qayğısı, el-obanın etdiyi dualar sevindirici oldu. Y.Ağayev ayağa dura bildi, hətta əzizlərinə ailə qurmaq arzusunda olduğunu açıqladı. Yaşarın toyu adi toylardan olmadı. Toyun əvvəlindən sonunadək  vətənpərvərlik, qəhrəmanlıq mahnıları oxundu, şadlıq sarayını yaraşığa gətirən üçrəngli bayraqlarımız oldu.

Oktyabr ayının 6-da müəllim Əsgər Manafovun təşkilatçılığı ilə çalışdığı məktəbin bir qrup vətənpərvər şagirdi Yaşarı, ailəsini ziyarət etdilər. Bu görüş zamanı unudulmaz saatlar yaşandı. Xatirələr dilə gəldi. Yaşarın sinif rəhbəri olmuş Şahəstə müəllim yada düşdü. Onun gəlişi məclisdə xüsusi ovqat yaratdı…

Ailə özünü çox xoşbəxt sayır. Yaşar indi dayaqla hərəkət etsə də, bir gün tam sərbəst gəzə biləcəyinə ümid edir. Hamımız da elə bu arzudayıq.

Ləman Zeynalova

 

Şərh Yaz