Konfransın mövzusu məktəb-icma münasibətləri olub

Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq, sentyabr ayının 9-da İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun Basqal qəsəbə tam orta məktəbində “Təlim-tərbiyənin yüksəldilməsi istiqamətində məktəb-icma münasibətlərinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə cari ildə tikilib istifadəyə verilmiş məktəblə, burada təhsil və tərbiyə üçün yaradılan şəraitlə tanış olublar. Son dərəcə müasir üslubda tikilib bütün lazımi avadanlıqlarla təchiz olunmuş təhsil ocağına görə müəllimlər dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı üçün razılıq ifadə ediblər.

Məktəblə tanışlıqdan sonra siniflərdə açıq dərslər dinlənilib. İbtidai siniflərdə riyaziyyat və texnologiya, IV sinifdə ingilis dili, V sinifdə informatika, VI sinifdə biologiya, VII sinifdə riyaziyyat, IX sinifdə fizika,  X sinifdə kimya dərsləri dinlənildikdən sonra keçirlimiş dərslərin təhlili, müzakirələr aparılıb, fikirlər mübadilə olunub, dərslərin keçirilmə səviyyəsi qiymətləndirilib.

Konfransa başlamazdan əvvəl məktəblilər vətənpərvərlik, elmə, təhsilə, əməyə bağlılıq tərbiyə edən cəhnəciklər nümayiş etdirib, şeirlər söyləyiblər. Məktəbin tarix müəllimi Kazım Bağırlı qədim Basqalın tarixi ilə bağlı maraqlı məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. RTŞ-i metodik kabinetinin direktoru Şahin Gənciyev konfrans gündəliyinə çıxarılan mövzu ətrafında məruzə edib. Basqal qəsəbə tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Yeganə Ağayevanın, ibtidai sinif müəllimi Rəsmiyyə Nağıyevanın, İsmayıllı RİH-nin Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədovun məruzədən irəli gələn vacib məsələləri əhatə edən çıxışları dinlənilib.

Konfrans İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun yekun nitqi ilə başa çatıb.

Sonda ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov məktəbin bir qrup pedaqoji işçisinə RTŞ-nin Fəxri fərmanları və  qiymətli hədiyyələrini təqdim edib.

Ülviyyə Zeynalova

 

Şərh Yaz