Müəllim gününüz mübarək

Müəllim ömrü şama bənzəyir, damla-damla yanan şama. Şam odun hərarəti ilə yanaraq yaşayır. Müəllim isə öz qəlbinin hərarəti ilə şölələnir. Bu şölələr şagirdlərinin yolunda bir mayak olur. Onları xoşbəxt, uğurlu həyata səsləyir. Əsl müəllim damla-damla şagirdlərinin qəlbinə dolur, onun idealına çevrilir. Müəllim pərvanə kimi şagirdlərinin oxumaq, yazmaq, həyatı dərk etmək əzablarına qatlaşır. Müəllim gözəl bağbandır desək, sehv etmərik. Müəllim üçün şagirdləri körpə fidanlardır.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini S.Əliyev Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbiri bu sözlərlə açdı. O, bütün müəllimləri peşə bayramı münasibətilə təbrik etdi, onlara çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar, naliyyətlər arzuladı.

Sonra söz məktəbin direktoru Q.Bəşirova verildi. Qalib müəllimin dediklərindən:

30 ildən artıqdır ki, pedaqoji kollektivə rəhbərlik edirəm. İşlədiyim müddətdə həmişə çalışmışam ki, gələcəyimiz olan şagirdlərin təlim-tərbiyəsi sahəsində əlimizdən gələni əsirgəməyək. Əminliklə deyə bilərəm ki, biz buna nail olmuşuq. İldən-ilə pedaqoji kollektivin səyi nəticəsində yeni-yeni uğurlara imza atılır. Son üç ildə məktəbimiz daha böyük uğur qazandı. Üç nəfər şagirdimiz ən yüksək bal toplayaraq prezident təqaüdünə layiq görülmüşdür.

Şagirdlərimiz demək olar ki, rayon, eləcə də respublika səviyyəsində keçirilən bütün  yarış və müsabiqələrdə fəal iştirak etmiş, Fəxri fərman və Diplomlarla təltif edilmişdir.

Mən inanıram ki, bundan sonra da kollektivin birgə əməyi sayəsində daha böyük uğurlara, nailiyyətlərə imza atacağıq. Bu yolda hamınıza uğurlar arzulayıram.

Sonda söz balaca fidanlara verildi. Onlar dahi şəxsiyyətlərin, müdrüklərin müəllim haqqında kəlamlarını və ayrı-ayrı şairlərin müəllimə həsr olunmuş şeirlərini söylədilər. Yekunda gül çələnglərini müəllimlərə təqdim etdilər.

Aysel Hacılı,

N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin uşaq birliyi rəhbəri

Şərh Yaz