İsmayıllı müəllimi daha bir beynəlxalq layihədə ölkəmizi uğurla təmsil edib

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəklədiyi və bütün Türk dünyasını birləşdirən “Dədə Qorqudun izi ilə” layihəsində İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tünzalə İsmayılova rayonumuzu və ölkə təhsil ictimaiyyətini uğurla təmsil edən müəllimlərimizdəndir.

Belə ki, layihənin Azərbaycan üzrə rəhbəri Tünzalə İsmayılovadır. Layihə çərçivəsində Dədə Qorqud kimi dəyərlərimizi xatırlamaq, öyrənmək və gələcək nəsillərə ötürmək məqsədi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türk dövlətlərində silsilə tədbirlər həyata keçirilib. Sözügedən layihədə ölkəmiz də uğurla təmsil olunub.

Layihənin açılış mərasimi qardaş Türkiyənin  Bayburt şəhərinin mərkəzində yerləşən Zihni Mədəniyyət Mərkəzində baş tutub. Mərasimdə çıxış edənlər Dədə Qorqudun Oğuz əyalətlərindəki rolundan, Türk dünyasında öz əksini tapmış ənənəsindən və ən əsası “Dədə Qorqud dastanı”ndan bəhs ediblər.  İstiqlal marşı oxunduqdan sonra layihənin meneceri Selma Köseoğlu çıxış edərək bu tarixin keçdiyi ərazilərdə Dədə Qorqudu təbliğ ediləcəyini bildirib. Türk dünyasının böyük bir tarixi olduğunu, Dədə Qorqudun bütün türk dünyasını əhatə etdiyini və gələcək nəsillərin bundan xəbərdar olmasının vacibliyindən danışılıb. Dədə Qorquda olan sevginin, əslində, bir könül və bir ruh məsələsi olduğu vurğulanıb.

Tədbirdə Türkdilli ölkələrin ortaq mədəniyyətindən və Dədə Qorqudun buna vəsilə olmasından bəhs edilib. Dünya əhəmiyyətli mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və digər türkdilli ölkələrin birlik, bərabərlik və müxtəlifliyində, xalqlarımızın ailə dəyərlərinin təbliğ olunmasındakı əhəmiyyəti, bu misilsiz sənət və mənəviyyat abidəsində qonaqpərvərlik və ədalət prinsipləri xüsusi qeyd olunub. Bildirilib ki, “Dədə Qorqudun izində” adlı sənədli film çəkiləcək və gələn il bu film tamaşaçılara təqdim olunacaq.

Sonda iştirakçılara “Dədə Qorqud” mükafatı təqdim edilib. Layihə çərçivəsində keyfiyyət mükafatına layiq görülənlər arasında həmyerlimiz Tünzalə İsmayılovanın da yer alması bizi olduqca qürurlandırır. Tünzalə müəllim layihə çərçivəsində həm milli, həm də Avropa keyfiyyət mükafatına layiq görülüb. Biz də Tünzalə müəlliməni təbrik edir, gələcək fəaliyyətində də davamlı uğurlar diləyirik.

Elnarə Günəş,

AJB-nin üzvü

 

Şərh Yaz