İki müəllimimiz layihə qalibidir

Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqə keçirilib.

Müsabiqəyə qatılan 744 müəllimdən 403 nəfəri növbəti mərhələyə keçib, 96 nəfəri isə msahibədə iştirak etmək hüququ əldə edib.

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində regionlar üzrə namizədlər üçün müsabiqənin sonuncu mərhələsindən uğurla keçənlər sırasında rayonumuzun iki müəllimi – Cülyan kənd tam orta məktəbinin ingilis dili müəllimi Şərafət Bayramov və şəhər 4 nömrəli tam orta məktəbinin tarix müəllimi Ülvi Şamilov da yer alıb.

Hər iki müəllimi ölkənin seçilmiş müəllimləri sırasında yer alması münasibəti ilə təbrik edir, onlara gələcək fəaliyyətlərində də uğurlar diləyirik.

Qeyd edək ki, Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən 2016-cı ildən həyata keçirilən bu layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.

Elnarə Qasımova

 

Şərh Yaz