Çəkilən zəhmət, qazanılan nəticə

Bu dünyada hərənin taleyinə bir ömür payı düşür. Bu əvəzsiz payın günlərini, aylarını, illərini hərə öz bildiyi kimi yaşayır. İnsanı əməlləri ucaldır. Eli, obası üçün gərəkli iş görənlər xalqın gözündə yüksəlir, nəcib əməl sahibinə çevrilirlər. İnsana qiymət yaşadığı illərə görə verilir. Nəcib əməli, xoş məramı, insana yaşından asılı olmayaraq, hər zaman, hər yerdə hörmət gətirir. İllər bir-birini əvəz etdikcə, ömrün sonrakı illərində uzun müddət unudulmayan həmin xoş anlarla, xoş günlərlə yaşayırsan.

Belə insanların həyatı ilə tanış olmaq, onların həyat yolunu araşdırmaq, ömür kitabını vərəqləmək hər bir şəxs üçün xoşdur. Gənclər üçün örnək olan belə qabaqcıl ziyalıları, pedaqoqları yeni yetişən gənc nəslə təqdim etmək, onların şərəfli həyat yolu haqqında yazmaq, həm mənəvi borcdur, həm də məsuliyyətdir.

Bu yazıda haqqında söhbət açacağım şəxs istedadlı, peşəkar pedaqoq, fəal ictimaiyyətçi, qabaqcıl sinif rəhbəri, qayğıkeş insan Qumru müəllimədir.

Hacıyeva Qumru Neman qızı 1962-ci il 26 fevralda İsmayıllı şəhərində anadan olmuşdur. 1979-cu ildə şəhər 3 nömrəli məktəbi müvəffəqiyyətlə bitirərək, M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda tələbə adını almışdır. 1984-cü ildə oranı bitirdikdən sonra şəhər 6  nömrəli məktəbdə musiqi müəllimi kimi fəaliyyətə başlamışdır. İndiyə kimi həmin məktəbdə peşəkar müəllim kimi fəaliyyət göstərir.

Qumru müəllim işini ürəkdən sevən, şagirdlərin təlim-tərbiyəsində xüsusi payı olan, təşəbbüskar, məsuliyyətli və bacarıqlı bir pedaqoqdur. Onun məktəbdə, eləcə də rayon səviyyəsində keçirilən müxtəlif  tədbirlərin təşkilində və keçirilməsində müstəsna rolu vardır.

Məktəbdə artıq ənənə şəklini almış “İstedad sorağında” devizi altında keçirilən yarışın təşəbbüskarı da  Qumru müəllimdir. Qumru müəllimin səyi nəticəsində məktəbdə xor kollektivi yaradılmış, həmin kollektiv rayonda keçirilən müxtəlif tədbirlərdə müvəffəqiyyətlə çıxış etmişdir.

Qumru müəllim bacarıqlı sinif rəhbəridir. Neçə ildir ki, onun rəhbəri olduğu siniflər yüksək nəticələrə, uğurlara imza atmışlar. 2017-2018-ci tədris ilində bu nəticə ən yüksək mərhələyə çatdı. Belə ki, 11 nəfər 500-dən yuxarı, 6 nəfər 600-dən yuxarı, 1 nəfər isə 700 bal  toplayaraq, məktəbin şərəfini yüksəklərə qaldırdılar.

Bütün bunlar sinif rəhbərinin qayğıkeş və tələbkar olmasının nəticəsidir. Qumru müəllim pedaqoji kollektivdə böyük nüfuza malikdir. Demək olar ki,qarşıya çıxan bütün problemlərin həll olunmasında onun xüsusi rolu vardır.

Qalib müəllim:

– Qumru müəllim işlədiyi müddətdə özünü əsl pedaqoq kimi tanıtmışdır. Elə məsələ olmur ki,onun həllində Qumru müəllim iştirak etməsin. Mən həmişə ona etimad göstərmişəm. Hansı sinfə rəhbərlik edibsə, o sinifdə yüksək nəticələrə nail olub. Məktəbdə sağlam-psixoloji mühitin formalaşmasında onun xüsusi payı vardır. Odur ki, hər zaman mən onun bacarığına, məsuliyyətinə, yüksək peşəkarlağına həmişə dəyər vermişəm. Çalışmışam ki, onun fəaliyyətində daha böyük nailiyyətlər, daha böyük uğurlar olsun. Əlbəttə, belə insan öz qiymətini vaxtında almalıdır. Sevindirici haldır ki, Beynəlxalq Müəllim Günü ilə əlaqədar rayonda keçirilən tədbirdə Qumru müəllim Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edildi. Bu da onun fəaliyyətinə verilən ən yüksək qiymət və dəyərdir.

Əlbəttə, Qalib müəllimin Qumru müəllim haqqında dedikləri onun fəaliyyətinin bir hissəsi haqqındadır. Qumru müəllimin fəal ictimaiyyətçi kimi işindən saatlarla danışmaq olar. Pedaqoji kollektivin hər bir üzvü ona xüsusi rəğbət və ehtiram göstərir və bu yüksək mükafata layiq görülməsi ilə əlaqədar onu təbrik edir, ona çətin və şərəfli həyat yolunda uğurla addımlamağı arzulayır.

Mən də, səni təbrik edirəm, Qumru müəllim! Qoy sənin şagirdlərə olan tükənməz sevgin və məhəbbətin azalmasın. Rəhbəri olduğun sinfin şagirdlərinin uğurları, nailiyyətləri gündən-günə artsın.

S.Əliyev,

N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

 

Şərh Yaz