Tircan məktəbinin yeni uğurları

Gözəl təbiəti olan Tircan kəndi mərd oğulları, ziyalıları ilə həmişə fəxr edib. Dağlar qoynunda yerləşən bu kəndin övladlarının təhsil aldığı Tircan kənd tam orta məktəbi İsmayıllı təhsilinin inkişafında  özünəməxsus rol oynayan məktəblərdən biridir. Bu məktəb həm rayonda, həm də respublikada öz şagirdlərinin və məzunlarının yüksək savadı və tərbiyəsinə görə sayılıb-seçilən məktəblər sırasındadır.

Adət-ənənələr davam etdirilir. Məktəbin direktoru İlqar Gərayevin tələbkarlığı və işgüzarlığı müəllim kollektivinə də sirayət edib. Bu da öz nəticələrini göstərir və məktəbimizin nailiyyətləri ildən-ilə artır.

2018-2019-cu tədris ili də məktəbimiz üçün uğurlu oldu. IX və XI sinif şagirdləri buraxılış imtahanında 100 faiz iştirak etdilər. Hamısı ümumi orta və tam orta təhsil haqqında attestat aldılar.

XI sinif məzunlarından 7 nəfəri ali və orta-ixtisas məktəblərinə sənəd verib. Onlardan 4 nəfəri ali məktəbə, 3 nəfəri isə kolleclərə qəbul olunub.

Məzunumuz Təranə Namazlı 524 balla ADPU-nun, Saray Əbilli 405 balla BDU-nun, Ramilə Məmmədli 379 balla SDU-nun, Elnur Abaslı 250 balla SDU-nun, Çinarə Əbilli 372 balla AzDP kollecinin, Aysel Bədəlli 254 balla, Aygün Zəkərəli isə 234 balla Sumqayıt Tibb Kollecinin tələbəsi adını qazanıb.

Tədris ili boyunca məktəbimizin tarix-coğrafiya müəllimi Gülyanaq Əliyeva və fransız dili müəllimi Xatirə Məlikova eTwinning Plus protalına qoşuldular. Müəllim və şagirdlərimiz bu portalda fəal çalışıb keyfiyyət nişanları ilə mükafatlandırıldılar. Fəaliyyətimiz portalda izləndi. Çalışqanlığımızı nəzərə alıb  bizi 1-3 may 2019-cu il tarixində Türkiyə Respublikası və Azərbaycan Respublikasının Təhsil nazirliyinin və eTwinning portalının birgə həyata keçirdiyi Rəqamsal Təhsil-Dijital Egitim adlı seminara dəvət etdilər.

Bu il məktəbimizin X sinif şagirdi Səid Kazımlı və onun  komandası “Yaşıl Patrul” dəsətəsinin fəliyyətini yenidən bərpa etdi. Dəstəyə rəhbərliyimlə komanda Azərbaycan Höküməti və UNİCEF-in birgə əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirdiyi “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi üzrə “Eko səyahət” respublika uşaq qısa film müsabiqəsində iştirak edərək qalib gəldi.

Aprel döyüşlərinin ildönümü zamanı həmyerli şəhidimiz Mikayıl Vahabzadəyə həsr edilmiş “Vətən mənə oğul desə” mövzusunda inşa müsabiqəsində X sinif şagirdimiz Abdulova Pakizə iştirak edərək I yerə layiq görüldü.

Məktəbdə şəhid M.Vahabzadənin xatirəsinə həse edilmiş bilik yarışı keçirilib. Yarışda “Zirvə”, “Mikayıl” və “Məzun” komandalaraı yarışdı. “Mikayıl” komandası yarışın qalibi oldu.

Rayon Təhsil Şöbəsi tərəfindən təşkil edilmiş “Xəmsə” bilik yarışında məktəbimizin də komandası iştirak etdi və 5 məktəb arasında birincilik qazandıq.

Məktəbin tarix–coğrafiya müəllimi kimi Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı pedoqoji mühazirə” müsabiqəsində iştirak edib sertifikata layiq görüldüm.

Məktəbin uğurları hamımızın sevincidir. Uğurların sayını artırmaq üçün məktəb kollektivi səylə çalışır. 2019-2020-ci tədris ilində İsmayıllı rayonunun bütün məktəblərinə və eləcə də Tircan kənd tam orta məktəbinə uğurlar arzulayırıq.

Gülyanaq Əliyeva,

Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin  tarix-coğrafiya müəllimi

 

Şərh Yaz