21 Sentyabr – Beynəlxalq Sülh Günü

21 Sentyabr – BMT-nin Beynəlxalq Sülh günü dünya miqyasında, o cümlədən ölkəmizdə əlamətdar bayram kimi geniş qeyd edilir. Bu tarixi gün insanların sülh diləyini, sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsinin, bəşəri arzuların fövqündə dayanmaqla hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir.

Sülh – həyat, yaşamaq, sağlam nəsillər deməkdir. Bütün bunların toplumu ayrı-ayrı ölkələrdə, dünyada, davamlı inkişaf, qarşılıqlı əməkdaşlıq deməkdir.

Bəşəriyyətin dayanıqlı inkişafı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi sülh və təhlükəsizliyin təmin edilməsindən asılıdır. Davamlı inkişafa yönəlmiş yol məhz sülh, ədalət, tolerantlıq, qanunun aliliyindən və insan hüquqlarından keçir.

Sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədəni proseslər hər bir ölkədən zamanın təxirəsalınmaz çağırışlarına adekvat cavab verməyi tələb edir. Bu isə dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, yeni kreativ təfəkkürün və innovativ mühitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə yanaşılması, irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün ləğvi ilə mümkündür.

Təəssüf ki, dövlətlər, konfessiyalar və sivilizasiyalararası ziddiyyətlər genişlənir, yeni müharibə ocaqları yaranır.

Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı, sülhməramlı mövqeni dəstəkləyən və buna sadiq olan Azərbaycan tarixinin son 25 ildən artıq Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, xalqımızın müharibə dəhşətlərini öz taleyində yaşaması, əzəli torpaqlarından qovulmuş yüz minlərlə soydaşımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınması, onların insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə müşahidə olunmuşdur.

Bu gün atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq, bu sazişin şərtlərini pozması, kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və başqa hüquqlarını pozur.

Bütün bunlar mülki əhalinin, uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin, o cümlədən BMT-nin 14 dekabr 1974-cü il tarixli “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə”sinin, “Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi haqqında” 1899 və 1907-ci illər Haaqa Konvensiyalarının, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyası (1949) və onun I və II Əlavə protokollarının (1977), habelə Uşaq Hüquqları Konvensiyasının (1989) müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnir. Bu kimi halların davam etməsi, çoxsaylı cəzasızlıq presedentləri yaradır. Cəzasızlıq isə insanlıq əleyhinə yeni cinayətlərə, dinc əhalinin təhlükədə qalmasına şərait yaradır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələrinin, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların, düşmənçilik aktlarının dərhal dayandırılmasını, atəşkəsin təmin edilməsini, bütün erməni hərbi qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 mart 2008-ci il tarixli qətnamənin tələbləri yerinə yetirilmir. Sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır. Bütün bunlar dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərir.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinin hər zaman sülhsevər siyasət yürüdəcəyini bəyan edərək demişdir: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Bu zərurət həm də onunla bağlıdır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və əsassız ərazi iddiaları müstəqil dövlətimiz və xalqımız üçün böyük problemlər yaratmışdır. Ərazimizin 20 faizi işğal olunmuş, on minlərlə insan öldürülmüş və yaralanmış, yüzlərlə qadın, uşaq və qoca əsir və yaxud girov götürül­müş, 1 milyondan çox insan tarixi-etnik torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. Təcavüz nəticəsində xalqımızın böyük mənəvi və maddi itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan Respublikası daxili və xarici siyasətində demokratiya və müstəqil dövlətçilik prinsiplərinə, eyni zamanda beynəlxalq hüquqi normalara daim sadiqlik nümayiş etdirir. Biz bu yolda xalqımızın sülhsevərlik, humanizm və dözümlülük kimi yüksək mənəvi dəyərlərinə arxalanırıq”.

Ulu öndərin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyildir ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır”, – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.

Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

Eldar Məmmədov,

İsmayıllı rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas                  

 

Şərh Yaz