İki tibb məntəqəsinin açılışı olub

6 sentyabr 2019-ci il tarixində Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı çərçivəsində

İsmayıllı rayonunun Sumağallı və Sulut kəndlərində Yaponiya dövlətinin maliyyə dəstəyi hesabına inşa edilmiş tibb məntəqələrinin açılış mərasimi keçirilib.

Sözügedən mərasimdə, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, layihəni həyata keçirən yerli QHT – “Gənclər İnkişaf Naminə” ictimai birliyinin rəhbəri Rasim Allazov iştirak ediblər.

Açılış mərasimi Azərbaycanın və Yaponiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

İcra Hakimiyyətinin başçısı M.Sadıqov mərasim iştirakçılarını salamlayaraq, göstərdiyi yardım üçün Yaponiya Səfirliyinə təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən cənab səfir Katori layihənin əsas məqsədinin Sumağallı və Sulut kəndinin sakinlərini müasir tibbi xidmətlə təmin etmək, bununla da onların yaşayış səviyyəsini yaxşılaşdırmaq olduğunu vurğulayıb.

T.Katori çıxışında Azərbaycanın Yaponiyadan təxminən 7500 kilometr aralıda olduğunu bildirib. Uzaq məsafəyə baxmayaraq, qurulan yaxın dostluq əlaqələrinin iki ölkə arasında getdikcə möhkəmliyindən danışıb. Əlaqələrin min illər əvvəl – “İpək yolu” açılan zamandan başlandığını deyib. Səfir ötən illərdə görülən işləri də xatırladaraq, ümumilikdə İsmayıllıda 15-ci layihənin icra olunduğunu diqqətə çatdırıb. Əlaqələrin və layihələrim bundan sonra da davam etdiriləcəyini bildirib.
Kənd qadınların iş birliyi sayəsində yaradılan “Arzu” Qadın İnkişaf Qrupunun rəhbəri Arzu Mirzəyeva və kənd ağsaqqalı Hüseyn Xəlilov çıxış edərək, arzusunda olduqları tibb məntəqəsinin inşaasına görə Yaponiya hökumətinə minnətdarlıq ediblər.
Məntəqəyə baxışdan sonra səfir əvvəlki şəraiti də nəzərdən keçirib, tədbirin iştirakçıları ilə  şəkil çəkdirib.
Rəsmi qonaqlarla bərabər RİH başçısının birinci müavini Rövşən Ağayev Sulut tibb məntəqəsinin açılışına yola düşüblər.
Qeyd edək ki, Sumağallı və Sulut kənd tibb məntəqələrinin tikintisinin birgə məbləği 89 min 270 ABŞ dolları təşkil edib.

Ş.Soltanov

 

Şərh Yaz