1 oktyabr Azərbaycan Respublikası Prokurorluğu orqanları işçilərinin peşə bayramı günüdür

Məlum olduğu kimi, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğu orqanlarının əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində ilk dəfə prokurorluq orqanları fəaliyyətə başlamışdır.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. F.Xoyski, X.Xasməmmədov, A.Səfikürdski, T.Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.

Milli prokurorluq orqanlarının əsasının həmin vaxt qoyularaq fəaliyyəti dövründə heç də həmişə asan olmayan, bəzi hallarda isə hədsiz çətinlik və mürəkkəbliklərlə bağlı olan, lakin son nəticədə xalqına və dövlətinə şərəflə xidmət etməklə uzunmüddətli inkişaf yolu keçməsinə baxmayaraq, bu mühüm dövlət təsisatının dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, məhkəmə hakimiyyətinə  aid olmaqla konstitusion statusa malik, ölkənin hüquq sistemində vacib rolu olan və demokratik cəmiyyətdə özünəməxsus yer tutan sivil bir orqan kimi formalaşması  yalnız müstəqillik əldə olunduqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı nəticəsində mümkün olmuşdur.

Ölkə prokurorluğu çoxillik tarixə malik olaraq  bir sıra onilliklər ərzində fəaliyyət göstərsə də, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində onun tərəfindən imzalanmış 17 iyul 1998-ci il tarixli sərəncama əsasən, hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlamışdır. Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürü olmuşdur. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında 28 noyabr 1998-ci il tarixdə keçirilmiş, Azərbaycan Prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda dərin məzmunlu nitq söyləyən Ulu öndər demişdir: “İlk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər”. Ümummilli liderin həmin müşavirədə qeyd etdiyi, prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin prokurorluğun rəhbər heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirədən sonrakı müddət ərzində Azərbaycanda beynəlxalq standartlara uyğun prokurorluq orqanlarının formalaşdırılması prosesi əsasən yekunlaşdıqdan sonra bu dövlət təsisatının ölkənin hüquq sistemində əhəmiyyətinin, vətəndaş cəmiyyətində rolunun artırılması, hüquqi dövlət quruculuğunda iştirakının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülməklə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək dünya standartlarına uyğun olaraq daha yüksək keyfiyyət müstəvisində qurulması üçün hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi mərhələsi həyata keçirilməyə başlanmışdır.

Heydər Əliyev siyasi xəttinin ən layiqli davamçısı, adı dünyanın ən siyasətçi, ən nüfuzlu, ən  bacarıqlı dövlət başçıları sırasında çəkilən möhtərəm Prezidentimiz cənab İlham Əliyev prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsinə çatdırılması, kadrların saflaşdırılması, peşə hazırlığının artırılması üçün mümkün ola bilən hər cür şəraiti yaratmışdır.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Dövlət səviyyəsində və Ölkə başçısının dəstəyi ilə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu yeni tələblər müstəvisində səmərəli fəaliyyəti üçün təkmilləşdirilmiş mütərəqqi normativ hüquqi bazası olan, demokratik məzmunlu prinsiplər və iş metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmiş, şəffaf və ədalətli prosedurlar əsasında kadr tərkibini mütəmadi olaraq yeniləşdirən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları dərhal aradan qaldırmağa təminat verən nəzarət mexanizmi yaradılmışdır.

Prokurorluğun digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyəti nəticəsində kriminogen durumun daha da stabilləşməsinə nail olunaraq cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Prokurorluqda, bu gün də uğurla davam etdirilən hərtərəfli kadr islahatları prosesində qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr korpusunun formalaşmasının ən demokratik və mütərəqqi vasitəsi kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırki Dövlət İmtahan Mərkəzi) ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin  iştirakı və nəzarəti ilə keçirilmiş müsabiqə nəticəsində gənc hüquqşünaslar prokurorluğa qulluğa qəbul edilmişlər. 2007-ci ilə qədər yalnız test imtahanı və söhbətdən ibarət olan qaydalar Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli Fərmanı ilə daha da təkmilləşdirilərək, namizədlərin beynəlxalq standartlar səviyyəsində çoxmərhələli prosedurlarla seçilməsi barədə Avropa ekspertlərinin tövsiyələri nəzərə alınmaqla, müsabiqə qaydalarına yazılı imtahan mərhələsi əlavə edilmişdir. Hazırda prokurorluq orqanlarında çalışan əməkldaşların əksəriyyətini məhz müsabiqə yolu ilə prokurorluğa qulluğa qəbul olunan gənc əməkdaşlar təşkil edir.

Azərbaycan Respublikasının həyatın bütün sahələrində uğurlar əldə edərək daha yüksək inkişaf mərhələsinə keçməsi, irimiqyaslı və qlobal əhəmiyyətə malik yeni prioritet və hədəfləri məqsəd kimi müəyyən etməklə, onlara nail olunması istiqamətində irəliləməsi hər bir dövlət təsisatının, o cümlədən Azərbaycan Prokurorluğu orqanlarının üzərinə yeni, daha mühüm vəzifə və öhdəliklər qoymaqla, daha böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmələrini tələb edir. Bunu dərk edən prokurorluq işçiləri bundan sonra da öz vəzifə borclarını vicdanla yerinə yetirərək, vətəninə və xalqına sədaqətlə xidmət etməyə, fəaliyyətlərini beynəlxalq standartalar səviyyəsində qurmağa, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, hüquqi sistemin möhkəmləndirilməsində fəal iştirak etməklə prokurorluğun fəaliyyətinin daha da müasirləşdirilməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasında yeni uğurlar əldə edilməsinə çalışacaqlar.

Xanlar Xanlarzadə,

İsmayıllı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor                                       

   

Şərh Yaz