Daha böyük imkanlar yaradılacaq

Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vanlalvana Bavitlunq İsmayıllı rayonuna səfər edib.

Səfiri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. Başçı rəsmi qonağı salamladıqdan sonra Azərbaycanla Hindistan arasında zaman-zaman mövcud olan və möhkəmlənən dostluq, əməkdaşlıq əlaqələrindən danışıb, rayonla bağlı vacib məlumatları onun diqqətinə çatdırıb. Tərəflərin söhbəti əsnasında mümkün olan ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub. Görüş simvolik xatirə hədiyyələrinin mübadiləsi ilə başa çatıb.

Səfər çərçivəsində Azərbaycan Kənd Qadınları Assosiasiyasının rayonun Sumağallı kəndində yaratdığı “ARZU” Qadın İnkişaf və Müəssisə Qrupu ilə İsmayıllı Rayon Mədəniyyət Mərkəzində görüş keçirilib.

Səfirə məlumat verilib ki, kəndin 20 qadınını özündə birləşdirən, öz daxili resursları hesabına xalça toxuma, şirniyyat bişirmə və cücə bəsləmə kimi kiçik bizneslərə başlamaqla kənddə yaşayan 26 qadını işlə təmin edən bu qrup bir ildən artıqdır ki, fəaliyyət göstərir.

“ARZU” qrupunun yaradılmasında Hindistanda fəaliyyət göstərən analoji layihənin “qadın özünəkömək qrupları” modelindən istifadə edilib. Azərbaycan Kənd Qadınları Assosiasiyasının rəhbəri Gülbəniz Qənbərova bildirib ki, yeni yaranan qadın qrupuna Hindistanın Azərbaycandakı Səfirliyinin həyata keçirdiyi “Texniki Əməkdaşlıq Proqramı” ilə əməkdaşlığı vasitəsilə Hindistandan ölkəyə dəvət olunmuş ekspertlər kiçik biznesin yaranması və idarə olunması mövzusunda təlimlər keçirib.

Görüş zamanı kənd qadınları bir il ərzində əldə etdiyi biznes uğurlarını bölüşüb və öz məhsullarından ibarət kiçik sərgini hörmətli qonağa təqdim ediblər. Görüşdən məmnunluq bildirən səfir Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi və Qadın Qruplarının faydalanması üçün daha böyük imkanların yaradılmasının vacibliyini vurğulayıb.

Sonda “Tərəqqi” medallı müğənni Sahibə Abdullayeva “Sarı gəlin” Azərbaycan xalq mahnısını oxuyub, 2 nömrəli uşaq bağçası-körpələr evinin istedadlı fidanı hind rəqsi nümayiş etdirib. Çıxışlar alqışlarla qarşılanıb.

Görüşə ailəsi ilə gələn səfir açıq səma altında muzey adlandırdığımız qədim Lahıc qəsəbəsinə səfər edib.

Ş.Soltanov

Şərh Yaz