Ağacları əkdik, bəs sonra?

Ulu babalarımız ağacları təbiətin “ağ ciyərləri” kimi tanımasalar da, meşələri qorumuş, böyük həvəslə bağlar salmış, ağaclar əkmişlər. Bu xeyirxah əməl nəsildən-nəsilə keçərək bugünümüzə gəlib çıxmışdır. Yaşayış məntəqələri ərazisində, parklarda, istirahət zonalarında, intensiv gediş-gəlişli yolların kənarlarında ağacların əkilməsi estetik görüntü ilə yanaşı, həm də sağlam həyat tərzi yaşamağımıza vəsilə olur.

İsti havalarda ağac kölgəsinə çəkilənlər həmin ağaca sonuncu dəfə nə vaxt qulluq göstərildiyindən xəbərsiz olurlar. Qışda arzulanan isti yay günlərinin də öz çətinlikləri var. Çətinliklərin birincisi ağacların susuzluqdan qurumasıdır. Qlobal iqlim dəyişiklikləri səbəbindən qışda yetərincə qar, yazda və yayda isə yağışlar yağmır. Belədə təsəvvür edək ki, yenicə əkilmiş fidan ona lazım olan suyu, torpaqdakı şirəni, meneralları hardan və necə qəbul edəcəkdir. Deməli, əkilən ağaclara kök salıb məskunlaşana qədər mütləq qulluq lazımdır. Qulluğun əsasını isə suvarma təşkil edir.

Son bir neçə ildə yay müddətində demək olar ki, yağışlar yağmır. Bu il də həmin hal təkrarlandı. Bu səbəbdən rayon ərazisində son illərdə əkilmiş ağacların xeyli hissəsi susuzluğa tab gətirməyib yavaş-yavaş qurudu. Ağac boy atır, böyüyür, bar verir, kölgə salır. Deməli, o da canlıdır. Hər hansı ağacın gözümüz önündə quruması, köməyimizə ehtiyacı olan insanın laqeydliyimiz ucundan can verməsi qədər acı bir həqiqətdir.

Təəssüf ki, məsələnin bu qədər ürəkağrıdıcı olmasını çoxlarımız başa düşmək istəmirik. Belə olmasaydı, yaşıllaşdırma zolaqlarında, parklarda və yol kənarlarda qurumuş ağaclara rast gəlməzdik.
Hamımıza bəllidir ki, hər il ölkəmizdə yüz minlərlə ağac əkilir və ağacəkmə kampaniyaları mütəmadi olaraq davam etdirilir. Əlbəttə, bu çox yaxşı haldır. Lakin məsələnin görülən və görülməyən tərəfləri göstərir ki, əkilən ağaclara lazımi qaydada qulluq edilmir və nəticədə baxımsız qalan ağaclar isti havalarda susuzluğa tab gətirə bilmədiyindən quruyur.

Deyilənlərə inanmayanlar varsa İsmayıllı rayonu ərazisində İsmayıllı-Muğanlı yolunun kənarları boyunca, “Zəfər parkı” adlandırdığımız və digər ərazilərdə əkilmiş yeni ağaclara baxsınlar. Adı çəkilən yerlərdə yeni əkilən ağacların xeylisi quruyub. Yeni əkilən ağaclara ən azından bir müddət mütəmadi su verilir, qulluq göstərilirsə, onun bitməsi, inkişaf edəcəyi şübhə doğura bilməz.
Təzə əkilən ağac dünyaya yeni gəlmiş körpə misallıdır. Onu yaşatmaq, ayağa qaldırmaq üçün mütləq diqqət və qayğı, qulluq göstərmək lazımdır. Təzə əkilən ağacın dibinə tökülən torpaq quruyub çatladısa bu, susuzluqdan həmin ağacın “dodaqlarının” çatlaması deməkdir.

İsmayıllı-Muğanlı yolunun Velosiped zavodu ilə üzbəüz olan hissəsində 4-5 il əvvəl əkilmiş ağaclara yüksək xidmət göstərdiyinə görə indi həmin yerlər meşəlik şəklini alıb. Çünki həmin ağaclar əkiləndən sonra mal-qaraya yem olmaqdan qorundu, yaxşı da qulluq edildi. Ağac elə bir canlıdır ki, müəyyən dövrə qədər ciddi qulluq tələb edir. Bugünün özündə də becərilməsinə nəzarət rayonun müxtəlif idarə və müəssisələrinə tapşırılan yaşıllıq zolaqlarından bəzisinə yetirəncə su verilir və digər becərmə işləri aparılır. Təəssüf ki, bu ciddi məsələyə laqeydlik göstərənlər də vardır.
Körpə ağaclarla yanaşı, bəzən 30-40 ilin ağacları belə susuzluqdan quruya bilir. Bu kimi mənzərəyə müəyyən yerlərdə hamımız rast gəlmişik. Susuzluqdan ən qalın meşələrdə belə ağaclar quruyur. Bu kimi hallarda nə etmək lazımdır ki, ağacların kütləvi quruması baş verməsin? Bunu hamı etməsə də imkanı çatan, təbiəti ana bilib sevən insanlar əli çatdığı yerlərdə ağaclara su verməlidir. Ola bilsin ki, bu fikir bir qədər qəribə səslənsin. Amma küçəmizdə, evimizin qarşısındakı ağacın sulanmasını Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ummaq da qəribəlikdir.
Bəzən yüzlərlə adam yol kənarlarında olan böyük ağacların kölgəsində yolçuluq zamanı dəfələrlə istirahət edir, istidən qorunur. İsti havalarda, yağış yağmadıqda isə o ağacın dibinə zəhmət çəkib bir vedrə su tökən belə olmur…

Müqaisəyə görə bəlkə üzrxahlıq da etmək olar. Amma yerinə düşən müqaisədir: Uşaq əkib, yəni dünyaya övlad gətirib tərbiyəsi ilə məşğul olmayan valideynlərlə, ağac əkib onun sonrakı vəziyyəti ilə maraqlanmayanlar arasında nə fərq var?

İndi payızdır. İstilər get-gedə səngiyir. Payız həm də ağac əkini mövsümüdür. Bəlkə yazı gözləmədən üzümüzü baxımsızlıq üzündən qurumuş ağaclara tərəf çevirək, unutqanlıq etməmək şərti ilə onların əvəzinə yeni ağaclar, tinglər əkək?

Şahməmməd Soltanov

 

Şərh Yaz