Sinif rəhbəri

?

Hər birimiz ömrümüzün sonunadək ibtidai sinif müəllimimizi və V-XI siniflərin sinif rəhbərini heç vaxt unutmuruq. Onların hər ikisini daim xatırlayırıq. Məktəbdə oxuyarkən onlara bənzəməyə çalışırdıq.

Valideynlər öz övladlarının gələcəyini, taleyini məktəbə – müəllimlərə etibar edirlər. Bu etibarı doğrultmaq üçün sinif rəhbərləri daha çox məsuliyyət daşıyır. Onlar uşaqlara öz övladları kimi yanaşır, qayğı göstərirlər.

İlk baxışdan sinif rəhbəri işi adi, sadə bir fəaliyyət növü kimi görünə bilər. Bu, heç də belə deyil.  Çalışdığım məktəbdə V sinifdən XI sinfədək 21 nəfər şagirdin sinif rəhbəri kimi fəaliyyət göstərmişəm. Çalışmışam ki, 7 il sinif rəhbəri olduğum şagirdlərə öz işimi sevdirim, onların rəğbətini qazanım. Həmin illərdə daim şagirdlərlə apardığım vətənpərvərlik, mənəvi, hüquqi, estetik, ekoloji, iqtisadi, fiziki tərbiyyə öz bəhrəsini verdi. Ən başlıcası isə şagirdlərə kollektivçilik hisləri aşılamağa nail oldum. Onlarla apardığım işdə inzibatçılığa yol vermədim. Elə etdim ki, şagirdlər valideynlərinə deyə bilmədiklərini mənə desinlər, mənimlə məsləhətləşsinlər. Onlar bir-birinin qayğısına qalsınlar, biri- birinə köməklik göstərsinlər. Məhz bunun nəticəsidir ki, hərbi xidmətə çağırılan sinif yoldaşları İsmayıl İsayevi yola salmaq üçün çağırış məntəqəsinə gəlmişdilər. Bir gün əvvəl isə ona istirahət mərkəzindən birində yolasalma mərasimi də təşkil etmişdilər. Həmin sinfin şagirdləri öz təşəbbüsləri ilə oxuduqları sinfi tam təmir də etdilər. Bu işlər onu bir daha sübut edir ki, şagirdlərlə apardığım tərbiyə işi səmərəli olub.

Sinif rəhbəri kimi məktəb-valideyn əlaqələrini möhkəmləndirmək üçün hər bir ailə ilə iş aparıram. Valideyn iclaslarını müntəzəm keçirirəm. Valideynləri sinifdə və məktəbdə keçirilən tədbirlərə dəvət edirəm. Valideynlərlə müxtəlif mövzularda apardığım pedoqoji söhbətlər də faydalı olub. Rəhbəri olduğum sinif şagirdlərindən heç biri pis vərdişlərə aludə olmayıb.

Sinif rəhbəri olduğum, həm də Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etdiyim məzunlarından 8 nəfəri – Baba Babayev, Təbriz Kazımlı, Kənan Zeynalov, Ramil Gərayev, Kəmalə İsgəndərova, İlahə Tağıyeva, Nuray Yəhyayeva, Kəmalə Vahabova müxtəlif ali məktəblərə qəbul olunublar.

Yeni 2019-2020-ci dərs ilindən  V sinfin sinif rəhbəri kimi fəaliyyətə başlamışam. Onları da vətənimizə, xalqımıza laiqli vətəndaşlar kimi yetişdirmək üçün var qüvvəmlə çalışacağam. Çalışacağam ki, sinif rəhbəri kimi çətin və şərəfli işin öhdəsindən ləyaqətlə gəlim.

Xatirə Nuriyeva,

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

 

 

?

Şərh Yaz