Rəngarəng yay tətili günləri

Yay fəslinin hər bir ayı isti keçir. Bu isti günlər şagirdlərin yay tətilinə təsadüf edir. Mən yay tətilini səmərəli keçirməyə çalışmışam. İyun ayının sonunda yeni tikdiyimiz evimizə köçdük. Bu, qardaşımla mənim qayğılarımı bir az da artırdı. Əvvəllər bina evində yaşadığımıza görə həyət  evinə uyğunlaşmaq çətin olsa da,  mühitə alışdıq. Müəyyən işlərdə valideynlərimizə kömək etməyə başladıq. Çiyələk, moruq əkilmiş sahələri suvardıq. Qardaşım Eminlə birlikdə yetişmiş çiyələkləri və moruqları yığmaqda valideynlərimizə kömək etdik.

Yay tətili günlərində nağıl kitablarını oxumağı, müəllimlərimizin tövsiyə etdikləri yay tapşırıqlarını da həll etməyi unutmadıq.

Valideynlərimizlə birlikdə İsmayıllı və Qəbələ bölgələrində fəaliyyət göstərən istirahət mərkəzlərində də olduq. Təbiətin hər bir guşəsi bizdə maraq doğururdu. Xüsusilə istirahət mərkəzlərinin yerləşdiyi ərazidə bitən ağaclar – palıd, fıstıq, ağcaqayın, qarağac, vələs, cökə, qovaq ağacları, eləcə də yemişan, çaytikanı, zirinc, itburnu, sumaq kimi dərman bitkiləri barədə babam qardaşımla məni ətraflı məlumatlandırırdı.

Yay dövründə çox sevdiyim idman növü olan gimnastka ilə də müntəzəm məşqul oldum. Əlavə olaraq Göyçay şəhərində keçirilən ustad dərslərində də iştirak etdim.

Hər günü rəngarəng olan yay tətili başa çatıb. Keçən dərs ilini əla qiymətlərlə başa vurduğum kimi, yeni dərs ilində də əla qiymətlərlə oxumağa səy göstərəcəyəm.

Könül Nuriyeva,

 İsmayıllı şəhər A.Aslanov adına 2nömrəli tam orta məktəbinin V sinif şagirdi

Şərh Yaz