Boz atlı Gülalı

Əvvəli ötən nömrələrdə

 

Dediyimiz kimi, Boz atlı Gülalı kişinin günü-güzaranı ən çox dağda-aranda, çöl-bayırda olardı. Xüsusilə, yaz-yay aylarında onu ən çox İsmayıllı, Qəbələ rayonlarının yaylaqlarında görmək olardı. Axı, qoyun sürüləri yaz-yay aylarında yaylaqlara səpələnər, hər tərəfdə qoyun-quzu mələşməsi eşidilərdi.

Elə bu səbəbdən də o, tez-tez boz atını Niyal, Müdri, Küpüc, Səlim Soltan, Fit dağı, Qaban dağı, Həftəso yaylaqlarına sürər, gözü tutan erkək və sişəklərdən on-onbeşini alaraq qabağına salıb aylı gecələrdə növbə ilə övladlarından Yaşar, Əli və başqaları ilə yol gedərdi Kəlfərəcə sarı. O aylı gecələr necə romantik, süd kimi ağappaq, ulduzlar bir-birinə göz vuran gecələr idi.

Bir yandan bulaqların şırıltısı, səhərə yaxın bülbüllərin cəh-cəh vurması, lap uzaqlarda Dan yerinin ağarması… bu gecə “səyyahlarını” nə qədər məftun edərdi?! Adam heç getmək istəmir, bu sükuta dalmış təbiətdən doymaq bilmirdi. Bir də baxırdın ki, mənzil başındasan. O anlarda adam yenə qəlbinin ən dərin guşəsindəki duyğularla baş-başa qalırdı:

Əhvalımı hər gün soruş,

Gecikərsən sonra, gülüm.

Uçar gedər köçəri quş,

Olar bu da başqa zülüm…

Gülalı kişi çox səliqəli adam idi. O, bənna, dülgər, rəncbər, usta, yerqazan, yoltikən, bağban olmasa da baltası, dəhrəsi, mıxı, mismarı, çəkici, mişarı, külüngü, beli, yabası, çalğusu, malası, mıxçəkəni, rəndəsi, bizi, qayçısı, kəlbətini, vintaçanı və s. həmişə divarboyu səliqə ilə yanbayan düzülərdi. Biri yerində olmayanda o saat bilirdi ki, bunlara əl dəyilib…

O, nə qədər ciddi, tələbkar, möhkəm və sərt idisə, bir o qədər də qayğıkeş və mərhəmətli idi. On övladının üzündən bir dəfə öpməsə də bir gün də olsun onları çaysız, çörəksiz, ayaqyalın, başıaçıq qoymaz, arvadının səliqə-sahmanı sayəsində onları bəy balası kimi yetişdirərdi. Ona görə də onbeş-onaltı yaşları olmamış oğlanları müstəqil şəraitdə ölkənin böyük şəhərlərinə yollanmış, elm, təhsil, iş, peşə, ixtisas qazanmış, ev-eşik sahibi olmuşdular. Hələ keçən əsrin sonlarında Boz atlı Gülalının 10 övladı (beş oğul, beş qız), 27 nəvəsi, 50 nəticəsi, 15 kötükcəsi var idi.

Övlad dedim, yadıma boz atlı Gülalı kişi ilə bağlı başqa bir əhvalat düşdü. Deyirlər, kasıbın heç nəyi olmasa da, övladdan bol olar. Gülalı kişinin hər il dünyaya bir uşağı gəlirmiş. Onlar bəzən asan doğulur, bəzən də dərd-bəla ilə. Bir dəfə də yenə Balabacı anada doğuş çox çətinlik törədir. Gülalı kişi əvvəlkilər kimi arvadını yenə çətinliklə rayon mərkəzindəki doğum evinə çatdırır. Ananın ölüm ayağındakı vəziyyətini görən doğum evinin baş həkimi Mərziyyə Haşımova (o, öz peşəsinin əsl bilicisi idi) Gülalı kişini görən kimi bərk hirslənir və deyir: “Əşşi, sənə deməmişəm ki, bir də arvada yaxın getmə! Bəlkə şərtimizi unutmusan?” Sonra onun zarafat etdiyini görən kişi belə deyərmiş: “Ay doktor, məndə nə günah var, övladı verən Allahdır”.

Hamı yaxşı bilirdi ki, Gülalı kişi Allaha, Peyğəmbərə çox bağlı adam idi. Sözünün başı da Allahu-Əkbər idi, ayağı da. Xüsusilə dini bayramlarda onun Allaha bağlılığı özünü daha çox büruzə verirdi. Hər il Novruz bayramı gələndə o, Lahıcda olduğu kimi, Kəlfərəcdə də cığbığ (şam ağacına bənzər tez alışan və yaxşı qoxusu olan yaşıl koldur) hazırlığı görər, bayram axşamı ondan bir yekə topa damın üstünə yığar və od vurardı. Onun alovu göyə qalxdıqca hiss olunardı ki, kənddə onların tonqalından hündür tonqal yoxdur. Və dediyinə görə bu tonqal şər qüvvələri qovardı. Hələ gur yanan məşəlləri demirəm. Onda indiki fişənglər olmadığına görə Novruz axşamları adamlar evlərdə, tövlələrdə, həyətlərdə, hətta qəbiristanlıqda belə al-əlvan məşəllər yandırardılar. Bu da bir növ atəşfəşanlıq sayılardı. Məşəlləri köhnə pal-paltar hissəsindən hazırlayar, parçaları müxtəlif dəyənəklərə sarıyar, üstünə neft tökərdilər ki, gur yansın.

Bayram axşamı plov qazanı hazır olduqdan sonra Gülalı kişinin göstərişi ilə arvadı qablara plov, bağlamalara şirniyyat, qırmızı yumurta, mer-meyvə, qax-qoz doldurub uşaqlara verərdi ki, aparıb kəndin müxtəlif yerlərindəki kasıb ailələrə çatdırsınlar. Yalnız bundan sonra onların evlərində bayram süfrəsi açılardı. Belə bayram axşamlarında onun insanpərvərliyi, xeyirxahlığı, alicənablığı, insafı, mürvəti bir daha özünü qabarıq surətdə büruzə verərdi. Hələ demirəm ki, imkan daxilində arvadına və uşaqlarına təzə pal-paltar da alardı. Atalar necə də gözəl deyiblər: “Qadın üçün ər kimi zinət yoxdur. Ərsiz qadın gözəllikdən məhrumdur”.

Boz atlı Gülalı kişinin əlindən gələn bir iş də həm atı nallamaq, həm də təzə ürgələri (iki-üç yaşlı atlar) minməyə, yük götürməyə hazırlamaq idi. Hər il elə ki, yaz-yay mövsümü başlayardı, o, Lahıc selposu ilə (kənd istehlak idarəsi) müqavilə bağlayıb onlardan xeyli miqdarda nal və mıx icarəyə götürər və başlayardı yaxın kəndlərdə at nallamağa. Nə cür ipə-sapa yatmayan at olardısa, onun əlindən yaxa qurtara bilməzdi. Aydın məsələdir ki, yaxşı nalbəndin əlindən çıxan at daha yaxşı yeriyir və daha çox yük götürürdü. Yəni, əl-ayağı qaçmağa çətinlik törətmirdi.

Boz atlı Gülalı at sərrafi olduğuna görə o, atın dişinə baxan kimi yaşını, döşünə baxan kimi yük götürmə qabiliyyətini, sağrısına baxan kimi möhkəmliyini, başına, duruşuna və gözlərinə baxan kimi onun gözəlliyini təyin edərdi. Atın ucadan kişnəməsindən bilərdi ki, o nə istəyir…

O ki qaldı cavan dayçaların, atların ustalanmasına, bu Gülalı kişinin əlində bir içim su idi. Elə ki, ipə-sapa yatmayan atın noxtası onun əlinə keçdi, birinci başlayardı onun qantarğasını ağzına keçirməyə. Sonra da navar-palanı və yaxud yəhəri onun belinə qoyub başlayardı belini bərk çəkməyə. Elə ki, ayağını üzəngiyə keçirərdi, atın üstünə sıçrayıb yerdən necə götürülməsi bilinməzdi. At nə qədər şahə qalxsaydı, özünü yeyib-töksəydi o, atın üstündə daha da möhkəm oturar, yüyəni daha da boş tutardı ki, at qaçmağından qalmasın. Ta o vaxta kimi – at özü yorulub dayanmayacağına qədər ona təkid göstərməzdi. Elə ki, at yorulub dayandı, onda navar-palanını və ya yəhərini götürüb atı buraxardı çəmənliyə. İki-üç dəfə ata bu “zülmü” etdikdən sonra heyvan elə bil ki, dil bilər, başlayardı sahibinə yaxınlaşmağa.

Söhbətimizin bir yerində demişdim ki, boz atlı Gülalı kişi dostluğa, yoldaşlığa, qonşuluğa, ilqara, düzgünlüyə, etibara çox möhkəm adam idi. Əməlində, iş-gücündə, söz-söhbətində çox saf adam idi. Qeybət etmək, söz gəzdirmək, şeytanlıq, başqasının malına xor baxmaq, ara vurmaq, yalan danışmaq və s. ona yad olan xüsusiyyətlər idi. Doğru-düzgün yolla ondan nə desən, almaq mümkün idi. Amma dağallıqla, yalançılıqla, hədə-qorxu gəlməklə ondan heç bir şey qopartmaq mümkün deyildi.

Yadımdadır, 30-40 il bundan qabaq Tircanda qohumu Səmid müəllimin böyük qardaşı Şirin kişi Gülalı Dəmirov haqqında belə bir söhbət açmışdı: “Kazan şəhərində Gülalı kişi ilə biz dəfələrlə lavaşna alverində olmuşuq. O, tərəzidə çox düzgün adam idi. Ona görə tatarlar ən çox onunla alver edərdilər. Bir dəfə işdən sonra qərara aldıq ki, böyük qardaşım Məhəmməd, mən, Təzəkəndli Ötərxan, Mücülü Qahir və başqaları gedib limandakı restoranda əyləşək. Belə də etdik. Restorana çatan kimi nə lazımdırsa sifariş verdik. Əlbəttə, araq-çaxır olmaq şərtilə. Doyunca yeyib-içdikdən sonra çölə çıxanda haqq-hesabımızın cəmini dəqiq bilən Gülalı kişi adambaşı pulu hesablayıb öz payına düşəni bizə verəndə onunla razılaşmadıq. Dedik ki, axı sən bizimlə araq-çaxır içməmisən. O, inad etdi ki, içməsəm də mən sizinlə bir məclisdə olmuşam, yoldaşlıq etmişik.

Bax, o, dost kimi hər işdə düzgünlüyü, bərabərliyi belə sevərdi.

Onun böyüyə də, uşağa da hörməti eyni idi. Evinə bir adam qonaq gələndə onu ailəsindən çox sevərdi. Hər dəfə qonaq çölə çıxıb evə gələndə o, hörmət xatirinə ayağa qalxar, yer göstərər, yenidən oturardı. İsmayıllıdan kürəkəni Səmid Əliyev, Pirəbilqasımdan Şükür Bəkirov, Zərnavadan Xasay Ağayev, Lahıcdan Məhəmmədyusif, kolxoz sədri Ağacəfər Aslanov, Basqaldan qəssab Tərlan və başqaları gələndə o, həddindən artıq sevinər, əməlli-başlı dəm-dəstgah hazırlayardı. Ona xas olan ən yüksək xüsusiyyətlərdən biri də çox qeyrətli, namuslu, təəssübkeş, elcanlı, xeyirxah və insanpərvər olması idi. Maddiyyatı yox, mənəviyyatı hər şeydən əziz və qiymətli sanardı. Bəzən namus-qeyrətdən söz düşəndə özünə məxsus şirin lahıc ləhcəsində belə deyərdi: “Qeyrət mis qab degil ki, onu paxırı çıxanda qəleyliyəsən”.

Hətta onun təbirincə desək, kişinin başını üç şey uca edər: yaxşı at, yaxşı arvad və yaxşı ar.

Gülalı əvvəllər yetim olub, çox əziyyət çəkib. O, 7-8 yaşı olanda Lahıcda qonşu məhlələrdən birində uşaqlarına sünnət toyu edən tanımadığı bir adama yaxınlaşıb, yalvararaq “Dayı, məni də uşaqlarına qatıb sən Allah, sünnət etdir” – deyibmiş. Balaca Gülalının bu kişiyana söhbətinə qulaq asan həmin adam Allah qarşısında böyük savab qazansın, – deyə ən birinci tanımadığı bu uşağı sünnət etdirir.

Bax, bütün ibadətlərin, bütün ziyarətlərin ən başlıcası belə əməllərdir, belə xeyirxahlıqlardır. Hansı ki, belə əməllər sahibi heç vaxt nə Allah tərəfindən unudulur, nə də bəndə tərəfindən.

Sonralar Gülalı gənc olanda da o xeyirxah adama qarşı minnətdarlığını hər yerdə, həmişə ürəkdən bildirər, ona can sağlığı diləyərdi.

(ardı var)

İldırım Dəmirli

Şərh Yaz