“DAĞ ÇİÇƏKLƏRİ”

Təcnis

 

65 yaşıma

 

Haqqın  zəri mənə altı-beş verib,

Nə xoş düşüb qismətimə düşənim.

Sevincindən, indi məndən daha çox,

Ürəyimdir əl-ayağa düşənim…

 

Köçən köçüb, bu dağıma qayıtmaz,

Bu ağrıma, bu dağıma qayıtmaz.

Dönüb bir də budağıma qayıtmaz

Bilirəm ki, budağımdan düşənim.

 

Dilsiz deyil, dilimi lal tutanam,

Qələm adlı əlimdə ləl tutanam.

Gövhər kimi dəryada lil tutanam,

Qızıllanıb hər tökülən-düşənim.

 

Yarı quru, yarı höyüş şaxam, şax,

Başım vəzir, ürəyimlə şaham, şah!

Başqasının gözlərində şaxam, şax,

Öz gözümdə bir az gözdən düşənim.

 

… Sağ ol, var ol səni, ay nurlu adam,

Günəş nurlu adam,  Ay nurlu adam!

Ay nurlu qardaşım, ay nurlu atam,

Səninlədir sevinc olub, daşanım.

 

…Gərək hər kəs taleyindən bəxt uma,

Qismət olmaz hər kəsə xoş bəxt, amma…

Şükr eləyib qədərimə, bəxtimə,

Allah, gərək ayağına döşənim!

Nazir Ziya Talıstanlı 

 

Qalmaram

 

Əlimi, qolumu salıb yanıma,

Baxıram, dünyanın heç üzü gülmür.

Ayları, illəri sayıb keçirəm,

Dilimdə nəğməmin heç sözü gülmür.

 

Bədgüman deyiləm, könlüm asiman,

Əlim ulduzların ətəyindədir.

Çiynim ağrılıdır, qollarım qançır,

Kürəyim dünyanın kötəyindədir.

 

Başına daş düşür sərraf olanın,

Könlündən qəm keçir, gözlərindən yaş.

Məni tabutuma qoyan əllərin,

Bir adı bacıdır, bir adı qardaş!

 

Elə öyrəşmişəm oda, atəşə,

Daha alovlar da qarsımır məni.

Könlümün altında gizlədiyim köz,

İstəsəm yandırar bütün aləmi.

 

Bu cahan gözümdə əjdaha, divdir,

Udur yaxşıları torpaq, çöl-bayır.

Vətənçün can verən ərənlər gedir,

Namərdlər oturub daş-qaşın sayır.

 

Vallah, ağrılara dözə bilmirəm,

Fələk də yuxuma qatıbdı haram.

Qışımı, yazımı atıb çiynimə,

Mən belə dünyada daha qalmaram.

Murad Məhərrəmov

 

Bir kəpənək ömrü yaşayır hərə

 

Bir kəpənək ömrü yaşayır hərə,
Sabaha ümid yox, barışmağa an.
Günəş Aydan küsüb, göy baxmır Yerə,
Mənzilə çatmağa tələsir cahan.

 

Qışı necə sevsin bahar çiçəyi?
Yarpağı ağacdan payızmı tökən?
Bugünün sabahda nəyi var, nəyi?
Cavab ver, sabahın dərdini çəkən!

 

Qaldır yıxılanı, əl tut əlsizə,
Əldə etdiyinə mənimdir demə.
Ucalıq nə verər, de, təməlsizə?
Bir gün boğar səni, haramı yemə!

 

Ən varlı adamdır görüb-götürən,
Dünya yaranandan mərd oldu kasıb.
Həmişə tapılıb ulduza hürən,
Güclülər gücsüzün başından basıb.

 

Bir kəpənək ömrü yaşayır hərə,
Bir gülə qonmaqda qərarsız hamı.
Yazın siz adımı o boş dəftərə –
Doğulduğu gündən Allah adamı.

Şahməmməd Dağlaroğlu

        

Göstər möcüzəni

 

Uca dinimizi qəbul edənlər
Enib, təriqətə niyə uyurlar?
Yoxsa təriqətlər küfr dinlərdir,
Bir-birinə belə nifrət duyurlar?

 

Bir dinin içində dini danmaqla,
Bu onu, o bunu dinsiz sanmaqla,
Yetmiş-səksən yerə parçalanmaqla
Bir bütöv dünyanı viran qoyurlar.

 

Bir gülün üstündə gör neçədir xar,
Hər biri deyir ki, mənəm Haqqa yar.
Bilmirəm, kafirlik ta necə olar?-
Onlar pak təməli didib-oyurlar.

 

Cinayət işlənir din adı ilə,
Dindaş çəkib atır dindaşı selə.
Kiminin qanını on qat qan ilə,
Kiminin on vedrə suyla yuyurlar.

 

Yad dinliyə qardaş deyən müsəlman
Edir bir-birinin evini viran.
Göstər möcüzəni, müqəddəs Quran,
Bunlar səni adi kitab sayırlar.

Oqtay İsmayıllı

 

Bilməz sevməyən

 

Həyatı bükər qaraya,
Dadını bilməz sevməyən.
Özü özünü unudar,
Adını bilməz sevməyən.

 

Tutar içində yasını,
Görməz insanın xasını.
Dost-düşməni, dosğmasını,
Yadını bilməz sevməyən.

 

Məhəbbətli, sədaqətli,
Bahar kimi təravətli,
Sevgi dolu, hərarətli-
Xatını bilməz sevməyən.

Xatın

 

Səni

 

Bir ağ göyərçinsən bu ağ libasda,

Nurdan xəlq eyləyib Yaradan səni.

Yerişin, duruşun, gülüşün asta,

Tanıdım vurduğun yaradan səni.

 

İlin yorğunuyam, gülüm yatmışam,

Qəmlər dünyasında itib, batmışam.

Bir hay ver, əl uzat, sənə çatmışam,

İtirsəm, taparam haradan səni?

 

Yenə də üstümü boran, qar aldı,

Həsrətin sinəmdə yandı, qor oldu.

Susdun, gözlərimdə dünya qaraldı,

Ağ qız, seçəmmirəm qaradan səni .

 

Uzaq ol qohumun, dostun pisindən,

Danış təzələnsin könül səsindən.

Neyləyim, qorxuram el tənəsindən,

Götürüb qaçardım aradan səni.

Vüqar Vaqifoğlu

 

Bax

 

Əlimi əllərdən üzüb yaşadım,

Qəlbimə göz yaşı süzüb yaşadım.

Gör neçə həsrətə dözüb yaşadım,

İlahi, sən məndə dözümə bir bax.

 

Meyvəsi  dərilmiş ağac kimiyəm,

Gözü buz bağlamış bulaq kimiyəm.

Alovu səngimiş ocaq kimiyəm,

Külümün altında közümə bir bax.

 

Çox dostun əliylə daşım atılıb,

Heyrətə gəlmişəm, qaşım çatılıb.

Ömrümə- günümə zəhər qatılıb,

Dilimdə bal dadan sözümə bir bax.

 

Ruhum səmalarda dolanan mələk,

Bu torpaq cismimə bürünmüş bələk.

Qəlbim gözlərimə taxılmış eynək,

Özümü axtaran,  ğözümə bir bax.

 

Baş aça bilmirəm, vallah, bu işdən,

Uğunub getmişəm heç  gülməmişdən.

Köçmüsən dünyadan mən ölməmişdən,

Boş qəbir üstündə izimə bir bax!

Cəbrayıl  Hüseyn

 

Ahın dağlara

 

Ah çəkdim, dedilər ahın dağlara,

Bu dağlər nə qədər  “ah” götürərmiş.

Hamı öz ahını dağa yükləsə,

Dağlar da axırda aha dönərmiş.

 

Gəlin yükləməyək ahı dağlara,

Deyirlər dağın da dağ dərdi olur.

Dağlar ah götürmək üçün deyil ki…

Uca zirvələrə qartallar qonur.

 

Kənardan görünür dağ dərdsiz-sərsiz,

Qəlbimiz dağlarla hər an döyünür.

Ən uca zirvəyə insan çıxanda,

Ən uca dağ belə kiçik görünür.

Rüstəm Məbudoğlu

 

Dağların

Yaş yetişir, ömür ötür, gün keçir,
Yaşayıram qucağında dağların.
Ana kimi sinəsinə sığınıb,
İsinirəm ocağında dağların.

Ovçu kimi dərə keçdim, dağ aşdım,
Yamaclarda gül-çiçəyə bulaşdım.
Gecə gündüz yorulmadan dolaşdım,
Bərəsində, bucağında dağların.

Elman deyər arzularım dərindi,
Sinəsindən axan sular sərindi.
Payız gəldi, sarı rəngə büründü,
Qonaq oldum bu çağında dağların.

Elman Mehdiyev

 

Bənzəyirəm

 

Mən elə haldayam ki, mən elə gündəyəm ki,

Oxşarlığım var qorğaya, qovrulana bənzəyirəm.

Yetər yel tərpənmiş ola, bir balaca külək əsə,

Havaya uçub gedənə, sovrulana bənzəyirəm.

 

Zəhmətim itbat olsa da, çıxmasa da işim üzə,

Yaşayıram bu ağrıya, bu acıya dözə-dözə.

Bağlılığım elədir ki, əzəl gündən şerə, sözə,

Bərkidilənə bənzəyib, vurulana bənzəyirəm.

 

Yanımdan “keçəsi“ olub, “oxşayıb” mənə güllərim,

İtirəsi olmayıbdı zərifliyini tellərim.

Məni qatıb-qarışdırıb, elə yoğurub əllərim,

Verib narının yerini, ovulana bənzəyirəm.

Tamam Qarayeva (Nur Tağlabiyanlı)

 

Bacımın balaları

 

Siz qoşa qanadsınız –

Bacımın yadigarı.

Sevimli övladsınız –

Vətənimin divarı.

 

Sizin həyat tərziniz,

Nümunədir çoxuna.

Qalibiyyət günündə

Hünəriniz oxuna.

 

İlkinin üç ulduzu –

Vətən, ana, bacıdır.

Kənanın uğurları

Başımızın tacıdır.

 

Seçdiyiniz doğru yol,

Qapı açır sabaha.

Sizdən ötrü nigaran

Qalan deyiləm daha.

 

Ananızın ruhunu

Şad edin gecə-gündüz.

Tale sizə yar olsun,

Düz yolda dayanın düz!

Şərqiyyə Balacanlı

 

Dilindən

Çatmışam yoluna yolu yeriyib,
Uzat əllərini, tutum əlindən.
Zamanın yükünü çəkib, sürüyüb,
Gəldim eşitməyə bir söz dilindən.

 

Kəlməni kəlməyə qoşub danışım,
Bir az duyğulardan coşub danışım.
Bir az da sevgidən çaşıb danışım,
Sorağın almışam çiçəkdən, güldən.

 

Dəstələ çiçəyi dəstəbədəstə,
Gətir dayandığım yolların üstə.
Etibar göstərib, sədaqət istə,
Vermə bu fürsəti, vermə gəl əldən.

 

Yollara nə var ki, uzanıb gedir,
Yol gedən nə isə qazanıb gedir.
Üstündə nə qalsa tozlanıb gedir,
Birlikdə gəl çıxaq sulardan, seldən.

 

Xoş günü qoparaq tale əlindən,
Qisməti kor olan əli yalından.
Səadət dəyərli, dünya malından,
Qoruyaq bir ömrü tufandan, yeldən.
Mehriban İbrahimova

 

Sənin xətrinə

 

Bir sevginin tarixini yazaram,

Bir arzunun məzarını qazaram.

Lazım  gəlsə, ömür boyu  susaram,

Tək sənin xətrinə, sənin xətrinə.

 

Biganəlik ürəyimi ağrıdır,

Şirin sözün hisslərimə oğrudur.

Hər nə desən, deyəcəyəm doğrudur,

Tək sənin xətrinə, sənin xətrinə.

 

Zəmanənin ələyindən keçərəm,

Oyunundan, kələyindən keçərəm.

Hər gün, hər an ürəyindən keçərəm,

Tək sənin xətrinə, sənin xətrinə.

 

Dörd yanında mən olanda görmədin,

Qəmgin,  ya da şən olanda görmədin.

Mən də səni dəyişdikcə gözlədim,

Tək sənin xətrinə, sənin xətrinə.

Elnarə Günəş

Yeridir

Dağlar çayların anası,
Dənizlər məzar yeridir.
Gözlər ruhların aynası,
Ürəklər azar yeridir.

Fələk batmaz bu tilsimə,
Möhtac olur gör kim kimə?!
Başıma qaxınc sevgimə,
Bəxtim utanc, ar yeridir.

Günəş kimi inadkardım,
Dərdim yandırdı, qaraldım.
Özüm başıma daş saldım,
Əllərim qubar yeridir.

Daşam, qayayam, dəmirəm.
Dözümdür məni gəmirən.
Öz gözlərimi əmirəm,
Anam ahu- zar yeridir.

İllərimi verdim bada,
Çeynəndikcə gəldim dada.
Ölləm qismət olsa yada,
Sinəm üstü yar yeridir.

Turac Hilal

 

Ey dost

 

Oğluma

 

Səbr eyləsən asan olar hər müşkülün, ey dost
Bir gün yetişər vəslinə bülbül gülün, ey dost.

 

Nuş eyləmə hər badəni ki, “abi-həyatdır”,
Əfsanədi bu, bəllidi son mənzilin, ey dost.

 

İdrak elə “Allah” sözünü, şükr elə, zövq al,
Şərbət dadacaq şükr elədikcə dilin, ey dost.

 

Bil qədrini ömrün, o, sənə bir daha gəlməz,
Qoy faydalı olsun hər ayın, hər ilin, ey dost.

 

Hərgah, ola düşmən sənə bir aqili-bəndə,
Yer alma yanında, yenə də, cahilin, ey dost.

 

Qəflət yuxusunda yatan insandan uzaq dur,
Çün, dövrədən olmaz xəbəri qafilin, ey dost.

 

Pərvanə kimi eşqini izhar et, alovlan,
Olsun Romanın dərdinə dərman külün, ey dost.

Roman Səfərov

Şərh Yaz