Ağ dünyanın ağ adamı

Əziz ruhdaşım Nazir Ziya! Sən o adamlardansan ki, ayda bir-iki dəfə görüşsək də, hər gün qarşı-qarşıya dururam, söhbət edirəm: xəyalımda, ruhi aləmimdə. Belə söhbətlərim mənə mənəvi zövq və qüvvə verir, daxili tarazlığımı saxlamağa, saflaşmağa, düşüncələrimi nizama salmağa kömək edir. Bu sözləri ad günün münasibətilə deyilən tostlardan biri kimi qəbul etmə. Hələ 12 il əvvəl heç bir xüsusi münasibət olmadan təcnislərimin birini belə bitirmişdim:
Pak yaradıb Tanrı Nazir Ziyanı,
Ondan al
ım təzə nuru, ziyanı.
Yoxsa Oqtay yen
ə çəkər ziyanı,
Ömrü-günü ağ dünyada olmaz ağ.
Mənim də, poeziyanla tanış olan hər kəsin də nəzərində sən, həqiqətən, ağ dünyanın ağ adamlarından birisən. Sən təmiz yaşamısan, minnətsiz ömür sürmüsən. Qürurunu bayraq kimi həmişə başın üzərində tutmusan. Sən sevincini həmişə yaxşı adamlarla bölüşüb, kədərini ancaq kağız-qələmə açmısan.
Mən sənin üzünü görməmişdən xeyli əvvəl qəlbimə, ruhuma əziz olan qəlbini, ruhunu görmüşəm – şeirlərində. Elə ona görə də səni ruhdaşım adlandırıram. 40 il əvvəl “Zəhmətkeş” qəzetində “Yaz yağışı” adlı bir şeir oxudum. O, öz axıcılığı, təbiiliyi, səmimiliyi ilə məni ovsunladı. Bahar yağışının sehrindən və müəllifin onun qarşısındakı uşaqcasına heyrətindən doğulmuş bu poetik çiçəyin məndə yaratdığı fərəhli ovqat indi də təravətini itirməyib. Xüsusilə:
Bənövşələr çiməçimə
Kol dibind
ə məzələndi, – 
misraları mənə o qədər gözəl göründü ki, sanki Bəhlulzadə fırçası qəfil rəng əvəzinə sözlə möcüzə yaratmışdı. Həmin misralardakı metafora əsl poetik tapıntı idi. “Kol dibində məzələnmək” şeir üçün münasib deyim deyil. Ancaq bu bədii faktın yağışda çimən bənövşələrə aid edilməsi olduqca şirin, həyəcanlı bir duyğu yaradırdı. Həmin uğurlu poetik nümunə şahidlik edirdi ki, poeziyamızın ciyərlərinə təzə bir nəfəs gəlir. O vaxtdan sənin bütün dərc olunan şeirlərini oxuyuram və hər dəfə də ilk təəssüratımda yanılmadığım üçün sevinirəm.
Bu gün sən 65 yaşını “Balım, pətəyim içimdə” deyərək qeyd edirsən. Haqlısan, qardaş! Sənin hər şeirin bir şan, hər misran isə şanın balla dolu gözcüyüdür.
Sənin oxucuların yazdıqlarına məndən də yaxşı bələddirlər. Ona görə də mən sənin yaradıcılığın haqqında çox qısaca söz açacağam, ancaq bəzi məqamlara toxunacağam. Sən qələmə aldığın bütün mövzuların şirəsini çəkə bilirsən. Şeirlərin təzə deyimlərlə zəngindir. Sən öz üslubunu tapan, öz yolunu gedən, fitrətən lirika ilə dolu olan şairsən. Şeirlərin lirik biçimə salınmış xarakteristikandır, sözünlə özün eynisən. Hər qələm təcrübən ruhunun portretidir. Hansısa marağın, ya iddianın oduna düşüb tüstülənənlərdən deyilsən. Sən artıq şeirsiz yaşaya bilməyən, hər şeyi poetik şəkildə dərk edən, hər mövzunu daha uğurlu biçimə salan, bədii təsvir və ifadə vasitələrindən yetərincə faydalanan təcrübəli qələm sahibisən, hay-küyçülükdən, quru nəzmçilikdən uzaqsan. Çox xoşdur ki, bütün bunlarla bərabər, sən iddiasızsan, təmənnasızsan, yəni əsl sənət yolundasan. Elə ona görə də təvazökarlıqla deyirsən: “Nəyə döndüyümü hələ bilmirəm”. Amma mən bilirəm: Sən gözümüzün önündə sözə dönürsən, şeirə çevrilirsən. Sən bu gün “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri kimi rayonun yazarlarına ağsaqqallıq edirsən.
Şeirlərində qəmli notlar daha üstündür. Bəziləri bunu, ümumiyyətlə, bütün şairlər üçün nöqsan hesab edirlər. Ancaq əsl poeziya elə ağrıdan, kədərdən yaranır. Mənim qəti qənaətimə görə, kef-damaq, nəşə hər adamın özünündür, ağrı və kədər isə dünyanın və zamanındır. Fitrətən şair olanın kədəri əslində dünyəvi kədərdir, şəxsilikdən çıxıb bəşəriləşən kədərdir. Şeirlərinin birində bu həqiqəti yaxşı ifadə etmisən:
Şairlərin dərdi dünyadan olur,
N
ə deyim, dərdimiz bizim köhnədi.
Məncə, nəşəli şeirlər ancaq yazanın özü üçün maraqlı ola bilər. Bu qədər faciələri, göz yaşları olan dünyanın, acıları ürək göynədən zamanın şairi nəşə eyforiyasına uya bilməz. Əsl şair zamanın və dünyanın layiqli oğlu kimi onun bütün yükünü bacardığı qədər götürməlidir. Poeziyaya gətirilmiş kədər artıq məğlub edilmiş kədərdir, oxucu ürəyində şərə müqavimət hissini gücləndirən, gözəlliyə, xeyirə ehtiraslı canatma yanğısı törədən kədərdir.
Əzizim Nazir, təxminən 35 il əvvəl sənə yazdığım yoldaşlıq şarjında sənin dilindən demişdim:
Adım Nazir olsa da,
Heyif, nazir olmad
ım.
Nə yaxşı ki, sən nazir yox, şair oldun. Yoxsa şeirimiz ən səmimi, ən duyğulu qələm sahiblərindən birini itirərdi.
Qələm qardaşım, Nazir Ziya! Dünyaya onun kefini çəkənlər yox, sənin kimi dərdini çəkənlər gərəkdir. 65 yaşın çox mübarəkdir, dünyaya gərək olan insan! Bir 65 yaş da yaşayasan, “ürəyindən müqəddəs yol ötən” adam! Qoy 65 il də qəlbindən və qələmindən ağ işıq süzülsün!
Hörmətlə:
Oqtay İsmayıllı

 

Şərh Yaz