Dahi bəstəkarın doğum günü qeyd olunub

Sentyabrın 18-də İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində faəliyyət göstərən İsmayıllı rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin konfrans zalında Milli Musiqi Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən dəyirmi masada günün önəmi vurğulanıb, eyni zamanda bu günün xalqımız üçün böyük bayram – dahi bəstəkarımız Üzeyir Hacıbəyovun doğum günü olması bildirilib, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ü.Hacıbəyovun Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmasından danışılıb, əsərlərinin azadlıq mübarizəsinə xidmət etmiş ictimai  məzmunlu, milli koloritli, tərbiyəvi əsərlər olduğu vurğulanıb.

Günün ikinci yarısında isə İsmayıllı Rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində “18 Sentyabr – Milli Musiqi Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndələri, mədəniyyət işçiləri, eləcə də musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Edilən çıxışlar zamanı musiqi məktəbinin müəllim heyəti yenicə əsaslı təmirdən çıxmış məktəbdə yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Ü.Hacıbəyovun doğum günündə dahi bəstəkarın yaratdığı bir-birindən gözəl sənət nümunələrindən söz açılıb.

Sonda məktəbin müəllim və şagird kollektivinin birgə hazırladıqları konsert proqramı  nümayiş olunub. Şagirdlərin çıxışları alqışlarla qarşılanıb.

C.Ağayeva

 

Şərh Yaz