Daha çox abadlıq, quruculuq işləri görülə bilərdi

Avqust ayının 7-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qubaxəlilli kəndində sakinlərlə görüş-qəbul keçirib. Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov iştirak edib.

Başçı görüş-qəbulda Qubaxəlilli kəndinin sovetlər dönəmində ölkə səviyyəsində qazandığı uğurlardan söz açıb və ondakı coşqu fərəhinin hazırda təəssüf hissi ilə əvəzləndiyini bildirib. Kəndin sosial inkişafı üçün görülən işlərdən danışan M.Sadıqov bildirib ki, Qubaxəlilli bələdiyyəsi son illərdə işgüzarlıq nümayiş etdirərək kənd daxilində 3000 kvadratmetr yola asfalt döşəyib. Bu yenilik əhalidən toplanan yerli vergilər hesabına olub. Vergilərin vaxtında və tam ödənilməsi, daha çox abadlıq, quruculuq işlərinin görülməsi ilə nəticələnə bilərdi.
Kənd ətrafında taxılçılıq üçün münbit və əlverişli torpaq sahələrinin olduğunu diqqətə çatdıran M.Sadıqov həmin sahələrdən səmərəli istifadə etmənin vacibliyindən danışıb. Sakinlərə taxılçılıq və heyvandarlıq sahələri üzrə kooperativlər, aqrokompleks yaratmalarının mahiyyəti barədə açıqlama verib.

Görüş öncəsi ərazinin problemləri ilə tanış olan RİH-nin başçısı kənd sakinlərinə onların qısa müddətdə həll olunacağını bildirib. Deyilənlərdən bəlli oldu ki, kəndin suvarma suyuna, elektrik xətlərinin müasir sibkabelləşməsinə və smartkarta keçilməsinə, Cərmədil kəndində elektrik dirəklərinin yenilənməsinə, uşaq bağçasının açılmasına, həkim məntəqəsinin təmirinə və ya yenidən tikilməsinə, ərazisində məskunlaşmış qaçqın və köçkünlərə mavi yanacaq verilməsinə ehtiyac vardır.

Görüş-qəbulda kənd sakinləri adından çıxış edən Hüseyn Həsənov ölkədə və rayonda görülən, sosial rahatlığa zəmin yaradan işlərə görə dövlət başçısına minnətdarlıq edib.

Sakinlərdən bir neçə nəfəri şəxsi və ümumi təkliflərlə çıxış edib. Səsləndirilən xahiş və təkliflər qeydiyyata alınıb, aidiyyəti təşkilatlara onların icrası ilə bağlı tapşırıqlar verilib.
Ş.Soltanov

 

Şərh Yaz