İsmayıllıda sosial-iqtisadi inkişaf yüksələn xətt üzrə davam edir

2019-cu ilin birinci yarısında iqtisadi göstəricilər yüksələn xətt üzrə artmaqda davam edib. Əsas kapitala 39 milyon 884 min manat vəsait qoyulub. İnvestorlar və iş adamları üçün yaradılan münbit şəraitin nəticəsi olaraq investisiyanın 58 faizi özəl sektorun payına düşür.
Altı ay müddətində faktiki qiymətlərlə  121 milyon 606 min manat məbləğində ümumi daxili məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 20 milyon 273 min manat çoxdur. Əmtəə dövriyyəsi də 4,2 faiz artaraq 88 milyon 956 min manata çatmışdır.
Büdcəsi özünümaliyyələşdirmə əsasında formalaşan İsmayıllı rayonunda büdcənin gəlirlər hissəsi 4 milyon 434 min manat (1 milyon 89 min manat artıqlaması ilə) icra olunub.
İstehsal, emal, kənd təsərrüfatı, sənaye, xidmət, tikinti, quruculuq, sosial infrastruktur layihələri istiqamətlərinə diqqət yetirdikdə hər birində müvafiq zamanla müqayisədə əhəmiyyətli artım nəzərə çarpır. Hesabat dövründə 5 milyon 848 min manatlıq sənaye məhsulu istehsal olunub. Ümumi daxili məhsul istehsalının 38,9 faizi kənd təsərrüfatının payına düşür. Bu sahədə işlərin gedişi barədə dəqiq məlumat almaq istəyənlər bircə fakta diqqət yetirsələr  kifayət edər: 2019-cu ilin taxıl yığımı mövsümündə rayon üzrə 103 min 400 ton taxıl istehsal olunub, hər hektardan 36,3 sentner məhsul götürülüb.
100 yerlik uşaq bağçası-körpələr evində, 48 mənzilli yaşayış binasında, 432 yerlik Basqal qəsəbə məktəbinin və Heydər Əliyev Fondu hesabına tikilən Gəraybəyli kənd məktəbinin yeni binalarında, ikinci Xalça fabrikində, Bədo” sanatoriya-müalicə mərkəzində, “İsmayıllı” otelində tikinti, İvanovka kənd Mədəniyyət sarayında əsaslı təmir işləri başa çatmaq üzrədir. Şəhərdaxili küçələrin abadlaşdırılması, asfaltlanması və işıqlandırma sistemlərinin quraşdırılması  davam edir.
Basqal qəsəbəsində Turizm kompleksinin, Aşıqbayramlı gölü ətrafında böyük investisiya qoyuluşu ilə başa gələcək turizm-istirahət mərkəzinin və Qubaxəlilli kəndi ərazisində soyuducu-anbarın tikintisinə hazırlıq işlərinə başlanılıb.
Muğanlı-Təzəkənd-Ağbulaq-Qoşakənd, İsmayıllı-Quşencə-Zoğallıq, Tircan-Maçaxı, Şəbiyan-Bilistan asfalt yolları çəkilib. Zeyvə kənd sakinlərinin də arzusu, istəyi reallığa çevrilib – buraya da qaz yanacağı verilib.
Ümumi mənzərənin əks olunduğu hesabat məruzəsini dinlədikdə bir daha yəqin edirsən ki, İsmayıllı rayon icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam, göstəriş və tapşırıqlarını ən yüksək səviyyədə icra etmək, əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün bütün imkanlardan məsuliyyətlə və səmərəli şəkildə istifadə edir.
Rayonun sosial-iqtisadi inkişafının 6 aylıq  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bütün bu uğur, nailiyyət və inkişaf göstəricilərindən ətraflı danışılıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı hesabat yığıncağını giriş nitqi ilə açıb.
Rayon icra hakimiyyəti başçısının müavini Mahmud Süleymanov hesabat məruzəsini təqdim edib.
Rayon maliyyə idarəsinin rəisi Radim Müslümov, İvanovkadakı N.Nikitin adına kolxozun müşahidə şurasının sədri Olqa Jabina, Basqal İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Novruz Əsədov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehovun  və rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovun çıxışları dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Nazim Səfərova təqdim edib.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yekdilliklə müraciət qəbul ediblər.

Ariz Həsənov

Şərh Yaz