İsmayıllı-İto əlaqələri möhkəmlənir

Azərbaycanın İsmayıllı, Yaponiyanın İto şəhərləri arasındakı qardaşlaşma sazişindən sonra artıq neçə ildir ki, işgüzar əlaqələr, müəllim və şagirdlərin qarşılıqlı  səfər mübadilələri davam etməkdədir.

Təhsildə və tərbiyədə fərqlənən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Rəşad Babayev, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Samir Osmanlı və şəhər 5 nömrəli  tam orta məktəbinin ingilis dili müəllimi Arzu Məmmədova builki heyətin tərkibini təşkil edirlər. İsmayıllı təmsilçiləri avqust ayının 1-dən 13-dək Yaponiyada olublar.
İto şəhərinə yola düşməzdən öncə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müavinləri ilə bərabər seçilən müəllimi, şagirdləri, onların oxuduqları məktəblərin direktorlarını, valideynlərini, ictimaiyyət nümayəndələrini qəbul edib.

M.Sadıqov görüş iştirakçılarına Yaponiya, xüsusilə də İto şəhəri barədə geniş məlumat verib.  Səfər heyətinə Yaponiyada Azərbaycanı layiqincə təmsil etmə barədə tövsiyələrini verib. Onlara “Yaxşı yol!” arzulayıb.
M.Sadıqov onu da qeyd edib ki, əvvəllər ölkələr arasında bu kimi əlaqələr yox idi. Yaradılan şərait və imkanlar görə, Azərbaycanı beynəlxalq aləmdə sivil dövlət kimi tanıtdığı üçün Prezident İlham Əliyevə minnətdar olmalıyıq.
Görüşdə çıxış edənlər heyətin İsmayıllını yetərincə təmsil edəcəklərinə ümidvar olduqlarını bildirib, onlara uğurlu yol arzulayıblar.

***

Avqust ayının 15-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Yaponiya səfərindən qayıtmış müəllim və məktəblilərimizi, eləcə də onlarla bərabər rayonumuza qonaq gəlmiş yaponiyalı dostlarımızı qəbul edib.

Görüşdə bir qrup təhsil işçisi, əvvəlki illərdə Yaponiyada olmuş nümayəndə heyətinin üzvləri, məktəblilər və onların valideynləri iştirak edib.

Qəbul zamanı başçı M.Sadıqov gələn qonaqlara İsmayıllı barədə ətraflı məlumat verib. Yoponiya ilə əməkdaşlığımızda ikitərəfli, faydalı məqamlara toxunub. Yaponiyadan qayıtmış məktəblilərimizin dost ölkə ilə bağlı təəssüratları dinlənilib.

Ötən il Yaponiyada səfərdə olmuş, bu il tələbə adını qazanmış Suğra Ağamalıyeva qonaqları yapon, Nilufər Məmmədova ingilis dilində salamlayıb. Onlara ölkəmiz və rayonumuz barədə maraqlı məlumatları çatdırıblar. Görüşün sonunda xatirə hədiyyələrinin mübadiləsi həyata keçirilib.

Qonaqlar İsmayillida olduqlarI müddətdə rayonun gəzməli-görməli yerlərinə səyahət edib, tariximizi, mədəniyyət və məişətimizi öyrənmək üçün Lahıc və Basqal qəsəbələrində, İvanovkada və digər yaşayış məntəqələrində, məktəblilərimizin təhsil şəraiti ilə tanışlıq baxımından orta məktəblərimizdə olublar.

Heydər Əliyev Mərkəzini ziyarət etdikdə ölkəmiz, xüsusilə də ümummilli lider Heydər Əliyev haqqında daha çox məlumat əldə etmək məqsədi ilə buradakı eksponatların hər biri ilə yaxından tanış olublar. Mərkəzdə fəaliyyət göstərən dərnəklərin işi qonaqların marağına səbəb olub.

Səfər müddətinin xoş təəssüratlarla başa vuran qonaqlar avqust ayının 22-də Ulu öndərin abidəsi önünə tər güllər düzüb, ruhu qarşısında baş əydikdən sonra vətənə yola düşüblər.

Ş.Soltanov

Şərh Yaz