2019-cu ilin yanvar-iyun aylarında İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı

Birinci yarımilin nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə dinamik sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir. Bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2019-cu il də ölkəmiz üçün uğurlu il olacaqdır. Ölkə iqtisadiyyatında yaranan müsbət meyillər regionların inkişafı üçün də daha geniş yollar açır. İsmayıllı rayonunun da sosial-iqtisadi inkişafı üçün 2019-cu ildə uğurlar gözlənilir. Birinci yarımildə əldə olunan nəticələr artıq bunu qeyd etməyə əsas verir.

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2019-cu ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 121606,4 min manat, müqayisəli qiymətlərlə 121989,3 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 37,7 faiz artaraq 1170,2 manata çatmışdır. Məhsul və xidmətlərin 74,1 faizi istehsal sahələrinin, 25,9 faizi isə xidmət sahələrinin payına düşür.

Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 47,3 milyon manatlıq və ya ümumi məhsulun 38,9 faizi, sənayedə 5,8 milyon manatlıq (müvafiq olaraq 4,8 faiz), tikintidə 37,0 milyon manatlıq (30,4 faiz), rabitədə 0,5 milyon manatlıq (0,4 faiz), nəqliyyatda 1,6 milyon manatlıq (1,3 faiz), ticarət və xidmət sahəsində 29,3 milyon manatlıq (24,2 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 53,8 faiz, sənaye istehsal 64,5 faiz, tikinti istehsalı 2,0 faiz, informasiya və rabitə 9,4 faiz, nəqliyyat və anbar təsərrüfatı 6,1 faiz,  ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 2,2 faiz artım qeydə alınmışdır.

2019-cu ilin yanvar-iyun ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 5848,3 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 64,5 faiz  artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 16,1 faiz çox, 33,2 milyon kilovat saat elektrik enerjisi, 2,0 milyon kub metr çox, 17,5 milyon kub metr qaz istehlak olunmuşdur.

Bu ilin ilk 6 ayında rayonda 6487,6 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52,9 dəfə çoxdur. Hesabat dövründə əsas kapitala 39883,9 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən bu ilin 6 ayı ərzində 10367,5 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 6665,4 min manat çoxdur.

Hesabat ilinin altı ayında rayon əhalisinə 88956,0 min manatlıq istehlak malları satılmış, əhaliyə  14205,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 2,2 faiz çox, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə qiymətlərlə 2,3 faiz çox  təşkil etmişdir.

Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 514,9 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 9,4 faiz çoxdur.

01 iyul 2019-cu il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq nominal əmək haqqı ilkin məlumatlara əsasən 354,2 manat təşkil edərək, keçən ilin müvafiq dövründən  24,3 faiz  yüksək olmuşdur.

Əziz Əzizov,

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                          

 

Şərh Yaz