Vəziyyət heç də yaxşı deyil, lakin, güman edirik ki…

İsmayıllı bələdiyyəsi tərəfindən 2019-cu ilin 6 ayı ərzində görülmüş işlər, o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitləri və bələdiyyə mülkiyyətindən istifadə haqqında bələdiyyə sədri Pərviz Ağayevin hesabatı

Bələdiyyələr qarşısında duran əsas vəzifə ictimaiyyət arasındakı nüfuzunu artırmaq, seçiciləri narahat edən məsələləri vaxtında həll etmək, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Bu baxımdan İsmayıllı bələdiyyəsi də cari ilin birinci 6 ayında müəyyən işlər görüb.

Belə ki, 2019-cu ilin 6 ayı üzrə 102750 manat gəlir planlaşdırıldığı halda, faktiki mədaxil 24137 manat olub.  Bu, büdcənin mədaxil hissəsinə 23 faiz əməl olunması və ya büdcənin 78,6 min manat kəsrlə  yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolma mənbələri –  torpaq vergisi 4133 manat, əmlak vergisi 6240 manat, bələdiyyə əmlakının özəlləşdirilməsindən gələn gəlirlər 316  manat, ticarət obyektlərindən torpaq icarə haqları 3911 manat, əkin sahələrinə görə icarə haqqı  599 manat, bələdiyyə əmlakının icarəsindən 1640 manat, avtomobil dayanacaqlarından 799 manat, hüquqi şəxslərin maliyyə yardımı 6500 manat olub.

Büdcəyə daxilolmalar 2018-ci ilin müvafiq dövrü ilə  müqayisədə 43,2 faiz və ya  31361 manat azalıb.

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 102750 manat əvəzinə 23051 manat təşkil edib. Bu, proqnoza 22,5 faiz əməl olunması deməkdir. Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olub:

– Yerli özünüidarəetmə orqanlarının saxlanmasına 20986 manat, sosial müdafiə və sosial təminata 200 manat, mədəniyyət (kütləvi informasiya və bədən tərbiyəsi işlərinə vəsait xərclənməyib), mənzil kommunal təsərrüfatı və abadlığa 340  manat, reyestr və kadastr xidmətinə 1525 manat vəsait xərclənib.

2019-cu ilin 6 ayı üçün proqnozlaşdırılmış 12850 manat torpaq vergisinə qarşı 4133 manat və ya 32 faiz, 24000  manat əmlak vergisinə qarşı 6240 manat  və ya 26 faiz ödəniş edilib. 2018-ci ilin müvafiq dövrü  ilə müqayisədə torpaq vergisinin yığımında 4366 manat, əmlak vergisində isə 6490 manat  azalma olub.

Bələdiyyə ərazisindəki 8234 vergi ödəyicisindən 1082-nə və ya 13,14 faizinə borcları göstərilən tədiyyə bildirişləri paylanıb. Bildirişlərdə göstərilən borcun 31510  manat olmasına baxmayaraq,  2019-cu ilin 6 ayında cəmi  640 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak edib. Bu da tədiyyə bildirişi verilənlərin  59,14 faizini təşkil edir. Yəni bələdiyyə üzrə təxminən hər üç vergi ödəyicisindən biri bələdiyyəyə olan borclarını vaxtında ödəyir.

Son 6 ayda 32 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilib. Onların ödənilməyən vergi borcları 3964,08 manatdır.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, rayonumuzda da son illərdə görülən abadlıq-quruculuq işləri göz qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Çox istərdik ki, İsmayıllı şəhərinin inkişafında bələdiyyəmizin də rolu olsun. Bunun üçün də bələdiyyənin maliyyə imkanları artırılmalı, yəni vergilərin vaxtlı-vaxtında ödənilməsinə nail olmaq lazımdır.

Hesabat dövründə bələdiyyə 7 yığıncaq keçirib, bələdiyyənin daimi komissiyaları tərəfindən qaldırılmış məsələlər müzakirə olunub, 51 qərar qəbul edilib. Hesabat dövründə bələdiyyəyə 548  nəfər müraciət edib. Onların 297 nəfəri arayış və digər sənədlər almaq, 49 nəfəri isə müxtəlif məzmunlu ərizə ilə müraciət edib. 202 vətəndaş bələdiyyənin sədr və müavinlərinin qəbulunda olub. Qaldırılan məsələlərə baxılıb.

Maliyyə imkansızlığına baxmayaraq, bələdiyyə üzvlərinin yaxından köməkliyi ilə şəhər ərazisində müəyyən işlər də görülüb.

Bayram və digər əlamətdar günlərdə ümumrayon tədbirlərinin keçirilməsi vaxtı şəhərin bayramsayağı tərtibatı tərəfimizdən təmin olunub.

Hesabat dövründə 1 nəfər şəhər sakininə  müraciəti əsasında 200 manat məbləğində maddi yardım ödənilib.

Şəhərin Heydər Əliyev prospektində 30 metr piyada səkisi yenidən qurulub.

2015-ci ildən bələdiyyədə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramının tətbiqinə başlanılıb. Ötən vaxt ərzində şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 7012  ev həyətyanı sahəsi ilə birlikdə, 2288 hektar  əkin,  120 hektar bağ sahəsi, 263 kommersiya təyinatlı vergitutma obyekti yenidən uçota alınıb, qanunvericiliyə uyğun olaraq vergiyə cəlb edilib və bu iş davam etdirilir.

İsmayıllı bələdiyyəsinin 01 iyul 2019-cu il tarixə 68 998,72 manat borcu vardır ki, bu  da əsasən DSMF-yə, qazdan istifadəyə, rabitə xidmətinə, təmir-tikinti idarəsinə, üzvlük haqları ödənişi və s. ibarətdir.

Fürsətdən istifadə edib şəhər sakinlərini bələdiyyəyə olan vergi borclarını təcili ödəməyə dəvət edirəm.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və şəhərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda şəhər sakinlərindən həyət-bacaları ilə bərabər küçələrin də təmiz saxlanmasında diqqətli olmalarını xahiş və tələb edirəm.

Bələdiyyənin hesabat dövründəki gəlir və çıxarından, eləcə də mövcud borcundan vəziyyətin heç də yaxşı olmadığı aydın görünür. Lakin güman edirik ki, məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və şəhər əhalisinin köməkliyi ilə qısa vaxtda mövcud çatışmazlıqların həllinə nail olacağıq.

 

Şərh Yaz