Monitorinqin nəticələri təhlil olunub

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Regional Mərkəzi 9 avqust 2019-cu il tarixində İsmayıllı  rayon İcra Hakimiyyəti yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri ilə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Qəbələ Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirib.

Tədbirdə FHN-nin Qəbələ Regional Mərkəzinin, Qəbələ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev,  yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri iştirak edib.

Müşavirədə FHN-nin Qəbələ Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin qarşıya çıxan problemlərdən qurumun əməkdaşı Tural Ağayev söz açıb.

Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə  yerli özünüidarəetmə orqanlarının mümkün əməkdaşlıq sahələri barədə məlumat verib və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırıblar.

Toplantıda FHN-nin Qəbələ Regional Mərkəzinin monitorinq qruplarının İsmayıllı rayonu ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, problemlərdən söz açılıb.

Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılıb.

Müşavirədə Mərkəzin əməkdaşları tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb, maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylayıblar.

Ş.Soltanov

Şərh Yaz