İsmayıllıda Beynəlxalq Gənclər Günü böyük coşqu şəraitində qeyd olunub

İsmayıllı rayonunda Dövlət gənclər siyasəti uğurla həyata keçirilir və nailiyyətlər yüksələn xətt üzrə artır. Nəticələr də gənclərin məşğulluğunun artmasında, vətənpərvərlik tərbiyəsinin güclənməsində, ilbəil çoxalan təhsil uğurlarında, intellektual səviyyələrinin artmasında, zərərli vərdişlərdən uzaqlaşmasında, sağlam həyat tərzi keçirməsində, dövlətçilik mövqeyində daha möhkəm dayanmasında, rayon üçün vacib peşələrə yiyələnməsində öz əksini tapır.
Rayon Gənclər və İdman İdarəsi çoxistiqamətli fəaliyyətinin önündə gənclərin hərbi vətənpərvərlik tərbiyəsini görür. Ardıcıl olaraq bilik yarışları, milli intellektual oyunlar, şeir, inşa yazı, musiqi və mahnı, rəsm müsabiqələri keçirilir. Rayonun bütün yaşayış məntəqələri əhatə edilməklə gənclərin say tərkibi müəyyənləşdirilir, hər bir gəncin məşğulluq dərəcəsi, peşəsinin, ixtisasının, yiyələndiyi təhsil növünün olub-olmaması öyrənilir. Rayon icra hakimiyyəti rayon gənclər və idman idarəsi və rayon məşğulluq mərkəzi ilə birgə aparılan təhlillər əsasında tədbirlər həyata keçirir.
İsmayıllı gəncləri sosial şəbəkələrdə, kompyuter oyunları və internet səhifələrində fəal iştirakları ilə də seçilirlər. Buna görədir ki, İsmayıllı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdi.
Milli-mənəvi dəyərlər əsasında tərbiyə işinin, bir çox digər tədbirlərin təşkilində rayon icra hakimiyyəti rayon gənclər və idman idarəsini, rayon təhsil şöbəsini, Dövlət Humanitar və Texnologiya kollecini, Peşə Tədris mərkəzini, Olimpiya idman kompleksini həmişə birgə fəaliyyətdə görür.
İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq gənclər gününə həsr olunmuş təntənəli tədbirdə RGİİ-nin rəisi Taleh Salehov bunlar barədə ətraflı danışıb.
Tədbir “Orman” turizm-istirahət mərkəzində bütün əraziləri əhatə edən  200 nəfərdən çox gəncin iştirakı ilə keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova gənclər qarşısında çıxış edərək cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan, onların sosial həyatının yeniləşməsi üçün dəyərli tədbirlər həyata keçirməsindən, gəncliyi ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi kimi görməsindən, İsmayıllı gənclərinin təhsildə, peşələrə və ixtisaslara yiyələnməsində, məşğulluğunun artırılmasında, mənəvi və ideya tərbiyəsində qazanılan uğurlardan danışıb.
Veteran jurnalist Lətifə Əliyeva, Əməkdar müəllim Ramiz Baloğlanov, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov tədbir iştirakçılarını səmimiyyətlə təbrik edib, həm də onlara həyat yollarında inamla irəliləmək üçün gərəkli olacaq məsləhətlər veriblər.
Təntənəli tədbirdə iştirak edən könüllülər adından koordinator Namiq Kərimov çıxış edib.
Bayram tədbirində intellektual oyunlar və bilik yarışları keçirilib. Qaliblər RGİİ-nin hədiyyələri ilə mükafatlandırılıb.
Üç nəfər könüllüyə sertifikat,  bir qrup fəal gəncə  isə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanı verilib.
Regional mədəniyyət mərkəzinin hazırladığı bədii bayram  tədbir boyu alqışlarla qarşılanıb.
İsmayıllı gəncləri dövlət başçısına minnətdar olaraq daha bir bayram təntənəsini yaşayıblar.

Valeh Salehov

 

Şərh Yaz