Gənclər ölkənin bugünü, sabahı və ümididir

Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”.

Heydər Əliyev

 

12 Avqust – Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində iştiraklarına təkan vermək məqsədi ilə qeyd olunur.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaqdır.

Ölkəmizdə gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.

Azərbaycan gəncləri həm də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Onların xarici ölkələrdə təşkilatlanması da uğurla gedir.

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.

Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.

Avqust ayının 9-da İsmayıllıda keçirilən Beynəlxalq Gənclər Gününün iştirakçısı olduğumdan qürur duydum. Bu tədbirə dəvət almağım və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanı ilə təltif olunmağım bir gənc kimi Vətən, xalq, doğma yurd qarşısındakı məsuliyyət hissimi artırdı. Çalışacağam ki, göstərilən etimadı doğruldum, azərbaycanlı gənclərin beynəlxalq aləmdə fəaliyyətində mənim də zəhmət payım olsun.

Gülnar Mustafayeva

 

Şərh Yaz