Yaddas kitabcasi

Məsuliyyət hissi əxlaqi keyfiyyətdir

Məsuliyyətli olmağı biri-birimizdən tələb etməklə, demək olar ki, bu mövzuya tez-tez müraciət edirik. Bəs məsuliyyətin nə olduğunu, bu hissin mənasını, necə yaranmasını bilirikmi?

Məsuliyyət hissi əxlaqi dəyərdir və hər bir insanın şəxsiyyət kimi formalaşması üçün də çox önəmlidir. Məsuliyyət hissi şəxsi tərbiyə edən, ona inam, etibar, güc verən qüdrətli qüvvədir. Psixologiyanın tələbi olaraq, insan fərd və şəxsiyyət kimi xarakterizə olunur, Əslində, insan hər iki halda bioloji və sosial varlıq kimi psixoloji xüsusiyyətlərə malik olur.

İnsan şəxsiyyətinin inkişafında məsuliyyət hissinin olmasi vacib şərtlərdəndir. Bir məsələni unutmaq olmaz ki, şəxsiyyətin formalaşması və inkişafı məhz onun özünə güvənməyindən, özunə olan inamından keçir. Uğur yalnız bu halda qazanıla bilir. Bu hisslər heç vaxt kəsişmir və qarşılıqlı əlaqədədir. İnsan özünə güvəndikcə, uğura daha yaxın olur. Eləcə də qazanılan hər uğur insanın özünə olan inamını artırmış olur. Bu halda bir daha əmin oluruq ki, uğur yolu məsuliyyətlə atılan addımlar hesabına keçilir. Bu həyat həqiqətindən bəlli olur ki, məsuliyyət hissi insanın şəxsiyyət kimi formalaşması və inkişafında vacib amillərdəndir.

Məsuliyyət hissi bəşər övladı ilə həmyaşıddır. İnsan bu hissi özü və başqaları qarşısında vəzifələr daşımağa və bu vəzifələr üzərində düşünməyə başladığı dövrdən dərk etməyə başlayıb. Bu hiss insanlar arasındakı münasibətlərin qurulması və ya pozulmasında mühüm rol oynayır.

Əxlaq hissi adlandırdığımız məsuliyyət digər insani hisslərlə də əlaqəlidir. Məsuliyyət hissi olmayan və ya zəif olan insanlar digər əxlaqi hiss və keyfiyyətlərdən də məhrumdurlar və ya geri qalırlar.

Nədənsə valideynlər övladlarından məsuliyyətli olmağı müəyyən yaşa çatdıqdan sonra ciddi tələb edir, ən yaxşı halda məktəb yaşlı uşaqlardan dərslərini hazırlamaqda məsuliyyət umurlar. Məsuliyyətsizlik nümayiş etdirən uşaqlar isə valideyn və müəllimləri tərəfindən cəzalandırılır. Amma bir həqiqəti unutmaq olmaz ki, bir insan digərinə verdiyini ondan istəmək, tələb etmək haqqına malikdir. Yəni sabahkı gündə qarşısında məsuliyyətli övlad görmək istəyən valideyn uşaq tərbiyəsinin bünövrəsini qoyulduğu vaxtdan onda məsuliyyət hissinin rüşeyimlərini canlandırmalı, gələcəyin məsuliyyətli şəxsiyyətini yetişdirmək üçün ona bu ali hissin nə olduğunu anlatmalıdır.

Uşaqlıq dövrü müəyyən mərhələlərdən keçməklə tez başa çatır. Təbii olaraq, məsuliyyət hissi uşağa ilahi qüvvə tərəfindən bəxş edilmir. Bu gözəl hiss də başqa əxlaqi hiss və keyfiyyətlər kimi düzgün təşkil olunmuş, sistemli tərbiyənin və uşağın düşdüyü həyat şəraitinin məhsuludur. Müəyyən hisslərin yaranmasında yaşlıların, ətrafdakı insanların təsiri böyükdür. Yaxşı bilirik ki, bir çox hallarda uşaqlar böyükləri yamsılayırlar. Məsuliyyət hissinin yaranmasına ünsiyyət dövründəki nitqin də özünəməxsus təsiri vardır. İnsanların məzəmmət, narazılıq, razılıq, sevinc, inciklik və s. ifadə edən sözləri  də məsuliyyət hissinin formalaşmasında nəticəsiz qalmır.

Məsuliyyət hissinin aşılanmasında uşaqların yaşına uyğun əməyə cəlb edilməsi də vacib məsələdir. Ev işlərinin müəyyən vaxt üçün uşağa bir vəzifə kimi tapşırılması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Ailənin əmək həyatında faydalı yerinin olduğunu bilən uşaqlar məsuliyyət hissinə erkən yaşlarında yiyələnir. Ailədə yeri və rolu olduğunu bilən uşaq böyüdükdə bu yeri cəmiyyətdə axtarmağa çalışır, o yeri tutmağa müvəffəq olur.

Evdə, ailədə bacarığı və gücü müqabilində əməyə cəlb olunmayan uşaqlar tələbkarlığın nə olduğuna əhəmiyyət vermir, hər cür zəhmətə laqeyd yanaşırlar. Valideyn uşağa verilən və ya verdiyi tapşırığı özü yerinə yetirirsə, uşaq valideynə arxayınlaşır, öz gücünə inamı azalır, verilən növbəti tapşırığa da məsuliyyətsiz yanaşır.

Deyilənləri yekunlaşdırdıqda o nəticəyə gəlmək olar ki, öz işində məsuliyyətli olan valideyn uşaq tərbiyəsinə məsuliyətlə yanaşarsa, o uşaq məsuliyyət hissinə sahib şəxsiyyət kimi formalaşacaqdır.

Perspektivliyi baxımından əxlaqın ən yüksək göstəricisi olan məsuliyyət hissi şəxsiyyətin formalaşması və inkişaf etməsi üçün olduqca zəruridir.

Şahməmməd Soltanov

 

Şərh Yaz