Yaddas kitabcasi

Basqal yenidən tikilir, abadlaşır və gözəlləşir

Əgər yaşadığımız son 25 ili özündən əvvəlki illərlə müqayisə etsək, müqayisə illərinin birində iqtisadiyyatı böhran yaşayan, əhalisinin sosial vəziyyəti Allahın ümidinə buraxılan, istehlak bazarı bütünlüklə idxaldan asılı olan, kəndləri, qəsəbələri boşalan, regionları nəinki normal infrastruktura, hətta işığa, təbii qaza həsrət qalan Azərbaycan, digərində isə iqtisadiyyatı inkişaf və artım sürətinə görə dünyada fərqlənən ən güvənli sosial müdafiə siyasəti yürüdən, xarici ticarətdə samballı müsbət saldoya malik olan, müasir standartlara cavab verən infrastruktur yaradan, kommunal xidmət adlı problemləri yaddan çıxan ölkəmiz var. Və sözsüz ki, 25 il əvvəl tamam əks qütbdə olmuş Azərbaycanın qısa zamanda müasir ölkələr sırasına çıxmasında, regionda və dünyada söz sahibinə çevrilməsində Azərbaycan neftinin əvəzsiz rolu var. Başqa cür desək, neft Azərbaycan üçün nə lazımdırsa etmişdir. İndi isə meydan da, zaman da qeyri-neft sektorunundur.

Qeyri-neft sahələrindən biri olan turizmin inkişafı son illərdə ölkəmizdə iqtisadiyyatın ən gəlirli sahələrindəndir. Bu sahə diqqət mərkəzindədir və böyük uğurlar əldə edilib. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm infrastrukturunun inkişafı prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib.

Əsrarəngiz təbiəti, qədim tarix və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq və turizm mərkəzlərindən biridir. Basqal Azərbaycanda mövcud olan o yaşayış məntəqələrindəndir ki, orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə qoruyub saxlamışdır. Basqal vahid memarlıq prinsipləri əsasında salınmışdır. Bu prinsipə əsas memarlıq – plan quruluşuna daxil olan baş küçə özündə hər birinin özünəməxsus tarixi və xüsusiyyətləri olan neçə-neçə ictimai, dini, mədəni-məişət, sənətkarlıq, ticarət və yaşayış binalarını, məhəllə, kürəbənd, bulaq və s. birləşdirirdi.

Basqalda hər bina, hər döngə özü bir tarixdir. Onlardan hər birinin ən azı 3-5 əsr tarixi var. Bu abidələr təkcə Basqalın deyil, doğma Azərbaycanımızın canlı tarixidir. Basqal Azərbaycanda orta əsr şəhərsalma tarixini öyrənmək baxımından, həqiqətən çox qiymətli abidə, cənab prezidentin dediyi kimi, unikal yaşayış məskənlərindən biridir.

Doğrudur, uzun illər ərzində Basqalın bir çox elə problemləri olub ki, həmin problemlər ucbatından Basqal əhalisinin qoynunda dünyaya göz açıb boya-başa çatdığı o abidələr barədə, ümumən Basqalın tarixi dəyərləri barədə, onları əmanət olaraq gələcək nəsillərə çatdırmaq zərurəti barədə düşünməyə nə vaxtı, nə imkanı, nə də həvəsi olub. Köhnə iqtisadi əlaqələrin dağıldığı, mülkiyyət münasibətlərinin büsbütün dəyişdiyi bir vaxtda, hətta iri şəhərlərin çoxsaylı sənaye müəssisələrinin fəaliyyətsiz qaldığı o dönəmdə Basqal nə edə bilərdi? Bu şəraitdə Basqalın kəlağayı sexləri və ya ipək məmulatı istehsal edən ənənəvi karxanaları necə işləyə bilərdi? Əgər bu sexlər, karxanalar işləyə bilmirdisə onda əhali nə etməli idi? Axı ətrafdakı yaşayış məntəqələrindən fərqli olaraq, Basqalda əsrlər boyu sırf şəhər mühiti olub. Əsrlər boyu ancaq sənətkarlıqla məşğul olmuş Basqal camaatının kənd təsərrüfatı ilə məşğul olmağa nə vərdişi, nə də torpaq sahələri olmayıb. Beləliklə, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində məşğuliyyət sahələri olmadığından basqallılar digər ərazilərə getməli olublar. Amma bununla belə, gedənlər də, qalanlar da çox yaxşı bilirdilər ki, Basqala olan belə biganə münasibət heç də uzun müddət davam edə bilməz. Əmin idilər ki, vaxt gələcək, Basqal yenidən tikinti meydanına çevriləcək, inkişaf edəcək, qəsəbədə böyük izdiham və canlanma yaşanacaq.

Ölkə prezidenti cənab İlham Əliyev 03 oktyabr 2018-ci il tarixdə “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” Sərəncamı Basqal camaatının doğma yurdun işıqlı sabahına olan inamını daha da artırdı. Son illər cənab prezidentin Lahıc qəsəbəsi və İsmayıllı rayonu haqqında vermiş olduğu silsilə Sərəncamlardan az sonra qədim Basqala aid belə bir Sərəncam imzalanması bütövlükdə rayon ictimaiyyəti tərəfindən sonsuz sevinc və minnətdarlıq hissi ilə qarşılandı. Dövlət başçısının imzalamış olduğu bu Sərəncam Basqalın sosial-iqtisadi inkişafına və tarixi-mədəni irsinin layiqli səviyyədə mühafizəsinə, təbliğinə, bərpa və konservasiyasına göstərilən dövlət qayğısının birbaşa təzahürüdür. Sərəncamda qeyd olunduğu kimi, son dövrlər Basqal dövlət qoruğunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən qəsəbə təbii qazla təmin olunmuş, Basqalçay üzərində yeni körpü tikilmiş, abadlıq işləri görülmüş, qədim küçələr çay daşı ilə döşənmiş, bulaqlarda müəyyən bərpa işləri aparılmışdır. Bununla belə, Sərəncamda o da qeyd olunur ki, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işləri aparılmasına, mühəndis kommunikasiya təminatı sisteminin və xəttinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidənqurulmasına, ənənəvi xalq sənətkarlıq növlərinin dirçəldilməsinə, istirahət və turizm infrastruktur obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilməsi zərurəti yaranmışdır. Bu Sərəncamdan az bir müddət sonra  cənab prezident Basqal haqqında ikinci Sərəncamı imzaladı. 07 noyabr 2018-ci il tarixdə imzalanmış “İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamda Basqal qəsəbəsində 432 şagirdlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuş, ilkin olaraq 1ımilyon manat vəsait ayrılmışdır.

Hal-hazırda Basqal qəsəbəsi geniş tikinti-quruculuq meydanına çevrilib. Məktəb binasının tikintisində son tamamlama işləri aparılır. Yeni turizm-istirahət mərkəzinin tikintisinə başlanılmışdır. Basqal Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisindəki Bazar meydanı adlanan ərazidə söküntü işlərinə başlanılmışdır. Yaxın vaxtlarda oradakı tarixi abidələrin bərpa-konservasiya və rekonstruksiya işlərinə başlanacaq. Həmin işlərin aparılmasında “Mirİnşaat”, “North West”  və digər şirəktlərin əməkdaşları müxtəlif çətinliklərə baxmayaraq, böyük əzmkarlıqla öz işlərini uğurla yerinə yetirirlər. Bu işlərin görülməsi, Basqal və ətraf yaşayış məntəqələrinin sakinləri üçün yeni iş yerlərinin açılması yerli əhalinin məşğulluğunun təmin edilməsi, əhalinin gəlirlərinin artması və onların maddi rifah halının yaxşılaşması deməkdir.

Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Basqala göstərilən bu qayğını qəsəbə sakinləri böyük sevinc və minnətdarlıq hissi ilə qarşılamışdır. Bu Sərəncamlar İsmayıllının tarixi simalarından biri olan Basqala dövlət tərəfindən göstərilən xüsusi qayğı, milli-mənəvi qeyri-maddi irsə, xalqımızın keçmişinə, zəngin etnoqrafiyasına, şəhərsalma mədəniyyətinə, eyni zamanda da gələcəyimizə verilən ən yüksək qiymətdir. İnanırıq ki, görülən işlər qədim Basqalın bəxtinin açıldığından, Basqalın görkəminə yeni bir gözəllik gətirəcəyindən, onun nurlu sabahının çox da uzaqda olmadığından xəbər verir və layihələrin həyata keçirilməsi Basqala beynəlxalq status gətirəcək.

Novruz Əsədov,

Basqal qəsəbə İƏD üzrə nümayəndə

Şərh Yaz