Atletlərimiz uğurla çıxış ediblər

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında 15-17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Yarışmada İsmayıllı atletləri uğurla çıxış ediblər.

Sirr deyil ki, İsmayıllıda idmanın digər növləri ilə yanaşı, ağır atletika da inkişaf etməkdədir. Bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki,  rayonun ağır atletləri – oğlanlarla yanaşı qızlar da müxtəlif səviyyəli yarışlarda uğurlarının sayını inamla artırmaqdadırlar.

Bölgəmizi bu yarışmada təmsil edən idmançılar məşqçi-müəllim Vüsal Ağayevin çalışmaları sayəsində yüksək nəticələr qazanıblar. 45 kiloqram çəki dərəcəsində Selcan Qarayeva fəxri kürsünün birinci pilləsinə qalxıb. 49 kiloqram çəkidə Kənan Rəhimov ikinci yeri tutub. 61 kiloqram çəkidə isə Ədalət Məmmədlinin çıxışı ona üçüncü yeri qazandırıb.

“İsmayıllı xəbərləri”

Şərh Yaz