“Od aldığım ocaqlar” kitabını oxudum

Dünyada olan saxtaların ən dəhşətlisi ağlın işığının saxtasıdır. Tarix boyu yalnız özləri məşələ dönənlər dünyanı işıqla doldurublar. Kərəm kimi! Ulu Zərdüşt və Baba Prometey kimi! Özünü isitmək üçün Kərəmi yandıranlar. Bu gün də, sabah da alışan tonqallara odun tullayıblar… Kiminsə kəndini qırıblar. Kimisə aldadıb yıxıblar.

Azərbaycan xalq şairi Zəlimxan Yaqubun “Od aldığım ocaqlar” kitabını oxuduğum üçün məhz əsl işığın ünvanından xəbər götürdüm, Vətən ocaqları öz rəng çaları, poetik-əxlaqi çeşidi ilə qarşımda cilalandı. Hansıdır onlar – təbiət və gözəllik şairlərinin, el-oba, yurd-yuva və muğam-saz nəğməkarının “Od aldığı” ocaqlar! Odur ki, bu ocaqdan təsirlənərək bunları yazdım.

İnsanın təkcə özü yox, əsli-nəcabəti, yurd-yuvası da işıqla tanınır. Naxələf haqqında “baba ocağını kor qoydu” – deyirlər. Məncə, “ocaq” – işıq və yuva sözlərinin ülfətindən əmələ gəlmişdir. Məhz  işıqla ünsiyyəti insanı hər hansı digər canlıdan ayırdığı üçün babam qartalın məskəninə “yuva”, insanın məskəninə “ocaq” adı verib. Əsrlər boyu bu ocaqdan saz havası da işıq şəfəqi ilə yanaşı yayılıb. Odur ki, sonralar ocağı yuvadan ayıran qoşa emblem – od və saz olub.

Zəlimxan Yaqub hər şeirində bu iki müqəddəs rəmzə qoşa xitab edir, kitab boyu “oxu, od!” və “oxu, saz!” sözlərini yanaşı işlədir. Demək, burada poetik işıq və ocaq odla sazın təmasından yaranır.

Zəlimxan Yaqubun ata və baba ocağı – özünün dediyi kimi ana Borçalıdır, saz və söz ocağı – müqəddəs Göyçədir, ayrılmaz zərrəsi, qəlpəsi olduğu xalqın, millətin ocağı – Azərbaycandır. Bu şeirlərdən yayılan işıqda və ahəngdə hər üç ocağın üçünün də odunu və nəğməsini tanımaq olar.

Sevgidən Kərəm tək alışdı canım,

Sevənlər baş əydi gülümün üstə.

Od vurdular gülümüzə baxanlar,

Yana-yana sönməz oldun, sönməzim.

Dünyanın dərdini çəkdi dünyalar,

Belində zamanın şələsi yandı.

Bu sətirlərdə həm şairin hansı ocağa tapındığına, həm də lirik “mən”in əxlaq və idealına çox aydın işarə var. Bəzən mənəvi aləmi sözün geniş mənasında Vətənlə, tarixlə və təbiətlə bərabərləşən bu lirik qəhrəmanın əsas məziyyəti torpaq və dünya ilə vəhdət və bütövlük duyğusudur. O, tarixi də, təbiəti də bir “mən”in zərrələri kimi duya və dünyanın dərdini şəxsi ağrısı kimi yaşaya bilib:

Çiçək oldum, çəmənimi böldülər,

İnsan oldum, bədənimi böldülər.

Çox da mənim Vətənimi böldülər,

Mən özümü bölməzdim ki, bölməzdim!

Yaxud:

İnsan özü bir dünyadır həyatda,

Qoca dünya məndə, səndə yaşayır.

“Mən – dünya” vəhdətini  isə saz və od, süd və sümük, gen və qan yaddaşı yaradır. Bu yaddaş itsə od və saz, keçmiş və sabah, bu gün və əbədiyyət arasında vəhdət də itər, – deyir şair:

Pozulsa tarixin bircə cümləsi,

Bəşər öz yaşını itirə bilər.

Cavabsız suallar bükər boynunu,

Zaman yaddaşını itirə bilər.

İnsanın qədrini bilməsə insan,

Bəşər yaddaşını itirə bilər.

Ocaq, işıq və günəş yaddaşı məhz ona görə ulu və əlçatmazdır ki, o məhz kökə, oda sədaqəti əbədi qoruyur, atəşlər arasında estafeti fasiləsiz və zədəsiz saxlaya bilir:

Qar da yağsa, əsl ocaq,

Kül altında köz saxlayar.

Özü müqəddəs ocaq yaddaşını şair təkcə mənəvi əbədiliyin yox, fiziki diriliyin də şərti və rəhni kimi uca tutur:

Uzağa düşəndə süddən, sümükdən

Bir xalqın həyatı tükənə bilər.

Canında məhəbbət, gözündə heyrət,

Dilində bayatı tükənə bilər.

Bəmində laylası yadına düşməz,

Zilində heyratı tükənə bilər.

Şair Zəlimxan Yaqubun od aldığı ocaqlardan biri torpaq və təbiət, digər yaddaş və tarixdirsə, üçüncüsü saz və söz, poeziya və musiqidir. Əslində, onları bir-birindən heç ayırmaq olmaz.

Klassik muğamın və qəzəlin bədii rəmzi tar, folklorun musiqi emblemi saz olub, xüsusən, saz toyda-mağarda, yasda-müsibətdə, dağda-aranda, odun-ocağın, köçün, obanın ən vəfalı yar-yoldaşın, kütləvi el yaddaşı kimi yaşayıb. Onun üç telinə bir xalqın tarixi və taleyi sığışıb. Sazı Qorqud kökləyib, Ələsgər çalıb, Kərəm yandırıb, Xəstə Qasım və Qul Abbas toza döndərib, Araza səpələyib. Saz Koroğlunun üsyanı, Qurbaninin qəmi, Alının öyüdü, Dədə Şəmşirin bizə vəsiyyəti olub. Onun ən müxtəlif mahnılarını bir yerə yığmaq, bədii sahmana salmaq və saza poema yazmaq isə ilk dəfə Zəlimxan Yaquba nəsib olub.

Əslində, od aldığı bütün ocaqları Zəlimxan sözündə müqəddəslik mərhələsinə yüksəldən sazın, sözün möcüzəsidir. Doqquz teldə yetmiş iki hava əsərdə yetmiş iki çaları, rəngi olan mənəvi dünyanın əksi və özü  kimi təhlilə və təsvirə cəlb edilir. Bədii süjet boyu saz sənətinin qanun və tələbləri, poetika və vəzn sistemi, avaz və ovqatı, havaların ənənəvi ardıcıllığı, hər nəğmənin özünə xas ədəbi-fəlsəfi qaydası nəzərə alınır və rəhbər tutulur. Hətta şair sözü lap əvvəldən birbaşa sədəfli saza etibar edir və “oxu, saz” deyərək onu bilavasitə oxucu ilə tək buraxır.

Zəlimxan Yaquba görə saz da, hər şeydən əvvəl, mənəvi bir ocaqdır, özü də elə ocaq ki,:

Nəsillərin yanğısı var adında,

Hamıdan çox Kərəm qalıb yadında,

Mən edəm ki, külə döndüm odunda,

Deməsinlər yalana bax, yalana!

Şair Zəlimxan Yaqub bildirir ki, yaddaşa çevrilən yanğı, sazda və sözdə davam edən ağrıdır. “Baş divani” – məhz Qurbani və Kərəm yanğısı üçün vicdanın dünyaya verdiyi haqq-hesabdır. Haqqın və mərdanəliyin dara çəkildiyi dünyaya əbədi-fəlsəfi etirazdır. Qeyrət və haqq üçün elə yanmaq arzusudur ki, əbədi qalasan, elə Zəlimxan Yaqub kimi, Nəsimi kimi, Qurbani kimi…

Poemada daha uğurlu fəsil “Yanıq Kərəmi”dir. Bu fəsil işığa, yanğıya dönən eşq haqqında fəlsəfənin, dini ayrı aşiqlər və millətlər arasında çətin, fəqət tükənməz məhəbbətin, heç bir dini, irqi çətinlikdən qorxmayan ulu sevginin, Keşişli, Lələli, Kərəmli bir dünyanın təhlilinə həsr olunmuşdur.

“Əsli və Kərəm” sonu faciə ilə bitən yeganə xalq dastanıdır. Öz bədii qəhrəmanı hər hansı cür maneədən həmişə qalib çıxan xalq ilk dəfədir ki, burada öz ənənəsinə sadiq qalmır: folklorun realizmi onun ən sabit məziyyətinə – nikbinliyinə qalib gəlir! Hər cür sehri və tilsimi, dünyəvi, sosial və fiziki müqaviməti dərhal aradan qaldıran “haqq aşiqi” belə, milli və dini maneənin qarşısında yanıb kül olur. Zəlimxan Yaquba görə “Yanıq Kərəmi”ni belə yandıran təkcə Əsli və Kərəmin kül olması deyil, hər addımda şərlə, haqsızlıqla qarşılaşan dünyamızdı, bölünən mənəviyyatımız və torpağımızdı, balalarımızın taleyi və tariximizin faciələridir. Kərəm niyə kül oldu? Ona görə ki, Ərzurum dağlarında Lələ borana düşüb ölmüşdü. Öz məhəbbətinə qovuşhaqovuş məqamında Kərəmə məsləhət verən, bələdçilik edən olmamışdı. Poetik qayda budur ki, müdrik ağsaqqalları olmayan ölkə və ağsaqqalları müdrik olmayan gənclik əzablı və faciəli taleyə məhkumdur:

Gəzir yer üzünü belədən-belə,

Güvənir rütbəyə, güvənir çinə.

Çoxu yüz yaşını keçirir, Lələ,

Ucalmır lələlik mərtəbəsinə!

Hər saç ağardandan ağsaqqal, hər qocamandan Lələ olmaz. Poemada da, dastanda da Lələ – atalıq, babalıq, dayəlik, ustadlıq rəmzi kimi verilir. Təkcə fəslin yox, poemanın poetik pafosu ilə təsdiq edilir ki, insan və xalq dostluqda və ünsiyyətdə yalnız humanist hissin, mənəvi fədailiyin yanğısı ilə əbədiyyət qazanıb, ölümsüzlüyə qovuşa bilir, indiki bəzi insanlar kimi yox.

Yandı, ocağına tapındı ellər,

Yanmasa, minlərdən biriymiş Kərəm.

Belə alışmasa, kim nə bilərdi,

Ölüymüş, yoxsa ki, diriymiş Kərəm?

Ümumiyyətlə, bu vaxta qədər dastana verilən ədəbi-elmi və bədii təhlillərdə maraq daha çox Keşiş və Kərəm qütblərində cəmləşmiş, Lələ ədəbi-bədii marağın, diqqətin də soyuğunda və “boranında” qalmışdır. Halbuki, Lələni donduran soyuqda Kərəmi yandıran istidən daha böyük amala, daha nəcib  fəlsəfəyə, əxlaqa işarə var:

Sən niyə yanırdın, ay yazıq Lələ,

Kərəmin ömrümü yandırdı səni?

Kərəm Əsli deyib çöllər gəzirdi,

Bəs sənin istəyin nəydi həyatda?

Kərəm Əslisinə – səadətinə qovuşmaq üçün yanır, Lələ Kərəmin və Əslinin səadətini qorumaq yolunda! Lələnin eşqinin Kərəmdən fərqi elə bu deyildimi? Məhz bu fərq poemada həssaslıqla açılır, “peyğəmbərlik” mərtəbəsinə Lələ “saz”da ucalır:

Dözümün önündə dizim büküldü,

Sən mənim gözümdə peyğəmbər oldun!

Xudpəsənd, qara və bədxah keşişliyin tənqidi dastanda əvvəllər də vardı, xeyirxah peyğəmbərliyin tərənnümünü bu kəskinliklə mövzuya Zəlimxan artırır. Şair  nikbinliklə bildirir ki, bəşərin “Kərəm yanğısı” heç zaman, heç yerdə qədir-qayğısız, müdafiəsiz və hamisiz qalmamışdır, dünyada qəbrində tikanlı kol bitən Qara keşişlə yanaşı, sədaqətinə əfsanə yaranan Lələlər də var.

Bütövlük, kişilik yaddaşdan başlayır. Məhz Lələ tarixlə və yaddaşla vəhdətin simvoludur. Lələdən ayrılanda Kərəmlər Qara Keşişin oduna qurban olurlar. Necə ki, mən oldum… Kitabda “ocaq” və “yaddaş” obrazları çoxdur. Kitabın böyük təhlillərə ehtiyacı var. Kitab haqqında geniş oxucu konfransları, müzakirələr aparmaq da faydalı olardı. Bu, Zəlimxan Yaqub ruhuna, sevənlərə də, sözə, saza söykənənlərə, gələcəyimizə, saz arasında ülfətin və ünsiyyətin fasiləsizliyinə işarə olardı…

“Od aldığım ocaqlar” kitabını siz də oxuyun ki!…

Hacıməmməd Məmmədov

 

Şərh Yaz