Sadə dil, güclü məntiq

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi və “Ulduz” jurnalının birgə layihəsi çərçivəsində “Ulduzlu nəşrlər” seriyasından həmyerlimiz, gənc şair Furqanın “Şeircəsinə” adlı, sayca ikinci şeirlər kitabı işıq üzü görüb. Layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Elçin Mirzəbəylidir.

Furqan Tərlan oğlu Sadıqov 1994-cü ildə Hacıhətəmli kəndində anadan olub. Lənkəran Dövlət Universitetini bitirib. Kimya müəllimi işləyir. “Yarpaqların intihar fəsli” kitabı 2013-cü ildə çap olunub.

Furqan az sözlə dərin düşüncələrini təqdim edən şairlərdəndir. Dili sadə, məntiqi güclüdür. 64 səhifəlik kitabında ən uzun şeirini 4 bənddə gördüm.

Həmin şeirlərdən bir neçə nümunə:

 

Yağış yağanda ağlama

 

Yağış yağanda ağlama,

Göz yaşlarını yuyar su…

Yağış  yağmayanda ağla,

Tükənər, quruyar su…

 

Yuxun ərşə çəkilibsə,

Sən yerdə nə gəzirsən?!

Həyatda yaşayammırsan,

Şeirdə nə gəzirsən?!

 

Ömür nədi – bir addım yol,

Bitəcək, addım atsan…

Dərdim dəvə boydadı ha,

Qar yağacaq, oynatsan…

 

Ölüm

 

Gedənlərin

geri

dönməməsi

deyil,

Gələnlərin

geri

dönməsidi

ölüm…

 

Heç kəsə

 

Hər gün bir kərpic ucalan

Bu qəm ev deyil hələ…

Üstünə güllələr yağan

Bu can ov deyil hələ…

 

Güya nə üçün yazıram,

Yoxdu bu şeirin ardı…

Mən sıxıram dişlərimi,

Dünya dişini ağardır…

 

İsmayıllı xəbərləri”

 

Şərh Yaz