Təhsil işçiləri səmərəli istirahət etdilər

Hər il olduğu kimi bu il də ATİAHİ İsmayıllı RK-si təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkil edilməsinə və sağlamlığı qayğısına xüsusi diqqət ayırıb. İstirahət  günlərində  müxtəlif idman yarışları təşkil  edilib, qaliblər mükafatlandırılıb.

Sağlamlıqlarını bərpa etmək üçün müxtəlif xəstəliklər üzrə müraciət etmiş 80 nəfərdən çox təhsil işçisinə müxtəlif sanatoriyalara göndərişlər verilib. Yay məzuniyyəti dövründə də ATİAHİ Respublika Komitəsinin Nabranda  açılmış “Təhsil” istirahət mərkəzində 25 nəfərdən çox müəllimin istirahəti  təşkil edilib. Bundan əlavə  təhsil işçilərinin Respublikanın müxtəlif tarixi yerlərinə ekskursiyaları və turist  gəzintiləri təşkil olunub, yay məzuniyyətinin səmərəli keçməsi üçün müvafiq tədbirlər görülüb.

Məzuniyyət günlərində  bir qrup təhsil işçisi ölkəmizin şimal-qərb bölgəsinə – Qax, Şəki, Oğuz rayonlarına, bir qrup – səhər 1-5 nömrəli, Cülyan kənd tam orta məktəbi kollektivlərinin isə  cənub-qərb bölgəsinə – Gəncə, Göy göl rayonlarına ekskursiyası təşkil olunub. Təhsil işçiləri  Qax və Şəki şəhərinin tarixi abidələrini və Azərbaycanın incisi olan Göy gölü seyr edərək, təbiətin bu yerlərə verdiyi əsrarəngiz gözəlliklərdən zövq alıblar. “Maral göl”ün qeyri-adi təbiəti seyr olunub, xatirə şəkilləri çəkilib. ”Qoşa ceyran” istirahət məkanında dincələn təhsil işçiləri gərgin əmək sərf olunmuş təhsil ilini belə başa vurublar.

Təhsil işçilərimiz qədim Gəncə şəhərini gəziblər. Ölkə rəhbərinin qayğısı sahəsində sanki yeni, gözəl, əzəmətli bir şəhərin tikildiyinin şahidi olublar. “Xan bağı” yenə də  insanların gözəl istirahət məkanıdır.

Təhsil işçiləri sonda dahi şairimiz Nizaminin məqbərəsini ziyarət ediblər. Son illər burda yaradılmış gözəlliklər, yeni salınmış park, dahi şairin yaradıcılığının əsası olan “Xəmsə”ni əyani heykəllər əsasında təsviri hamını valeh edib.

Yol boyunca səliqəli, bol məhsulu olan  meyvə  bağlarını, yaşıllıqları seyr etdikcə  vətənimizin  hər bir  bölgəsinin necə gözəl olduğunu, sürətlə inkişaf etdiyini görənlər təhsil işçilərimiz daxili rahatlıq və fəxarət duyublar.

Təhsil işçilərinin yay məzuniyyəti dövründə səmərəli istirahət etmələri üçün müvafiq tədbirlər  davam edir.

H.Kərimov,

ATİAHi  İsmayıllı RK-nin sədri                        

 

Şərh Yaz