Azərbaycan tarixinin Heydər Əliyev epoxası

12 iyul 2019-cu il tarixində İsmayıllı Rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Tədbir öncəsi Ulu öndərin abidəsi önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər – ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Ramiz Baloğlanov “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusu ilə məruzə edib. O, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırıb, aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə ən qabaqcıl respublikaya çevrildiyini bildirib.

Məruzəçi onu da qeyd edib ki, Ulu öndər dünyasını dəyişəcəyi ərəfədə memarı və qurucusu olduğu Azərbaycanı, ölkənin idarə olunmasını, milli taleyimizin məsuliyyətini özü qədər inandığı cənab İlham Əliyevə etibar edib. Bu düzgün seçim, inam və etimad vətəndaşlara xoşbəxtlik, ölkəmizə  nüfuz, firavanlıq gətirib.

RİH başçısı M.Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medallarını təltif olunan şəxslərə – tarixçi müəllim Mehdi Məmmədova və Ramiz Baloğlanova təqdim edib, onları özünün, eləcə də rayon ictimaiyyətinin adından təbrik edib.

Təntənəli bayram tədbirində bədii qiraətçi Ramiz Zülfüqarov, məktəblilər Ulu öndərə həsr olunmuş şeirlər səsləndiriblər. III və VII Muğam müsabiqələrinin qalibləri Kamilə Nəbiyeva, İlahə Rüstəmova, Əməkdar mədəniyyət işçisi Ağamurad İsrəfilov, Əməkdar incəsənət xadimi Rasim Ələsgərov, “Niyal” xalq çalğı alətləri ansamblının solistləri Sahibə Abdullayeva və Rövşən Teyyubovun ifasında könülləri oxşayan ifalar səslənib.

Günün tədbiri axşam saatlarında rayondakı “Damla” turizm-istirahət mərkəzində şənlik kimi davam edib.

Burada çıxış edənlər Ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin maraqlı və məzmunlu bədii proqramı iştirakçılara tədbir boyu əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Hər zaman ehtiramla xatırlanan, gündən-günə daha çox sevilən Ulu öndərin hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə İsmayıllıda keçirilən tədbirlər sırasında “Talıstan Forest park” turizm-istirahət mərkəzində iyul ayının 19-da baş tutan şənlik məzmun və tərtibatı baxımından iştirakçıların böyük razılığına səbəb olub.

Tədbiri kəndin yetirməsi, İsmayıllının fəxri ziyalılarından olan Məhəmmədəli Süleymanov açıb. O, tədbirə dəvətliləri salamlayıb və əlamətdar gün münasibəti ilə Ulu öndərin siyasətinə, ideyalarına sədaqətli olan hər kəsə iş avandlığı arzulayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkədə, eləcə də rayonda aparılan tikinti-quruculuq işlərindən söz açıb, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikadakı inkişaf səviyyəsinin durmadan artdığını bildirib. Başçı M.Yaqubu Xalq şairi adı alması münasibəti ilə təbrik edib. Şairlə xatirə şəkli çəkilib.
İctimaiyyət nümayəndələrinin – müxtəlif sahə və strukturlarda çalışanların iştirakı ilə keçən  şənlikdə Əməkdar müəllim Şəfaqət Rəsulov,  tarixçi-professor Qafar Cəbiyev, Xalq şairi Musa Yaqub, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Milli Məclisin üzvü Tahir Kərimli, tanınmış həmyerlimiz Simran Həsənov tədbirin vacib məqamlarından danışaraq, “Talıstan Forest park” turizm-istirahət mərkəzinin ilin bütün fəsillərində bölgənin turistlər tərəfindən sevilən, qonaq-qaralı məkanı olacağına ümidvarlıq ifadə ediblər.

Tədbir boyu bədii qiraətçi Pünhan İsmayıllı, Ramiz Zülfüqarov günün nəbzini tutan şeirlər səsləndiriblər.

Tədbirin konsert proqramı paytaxtdan gəlmiş rəqs qrupunun yaddaqalan çıxışı ilə başlayıb. Sənətçi qonaqlar – Əməkdar artist Təyyar Bayramov, Əməkdar mədəniyyət işçiləri Ağamurad İsrəfilov, Rasim Ələsgərov,  Xalq artisti İlham Əhmədov, “Tərəqqi” medallı Sahibə Abdullayeva, VII Televiziya muğam müsabiqəsinin qalibi İlahə Rüstəmova, talıstanlı gənc müğənni Teymur Əziz və digər gənc müğənnilər ifaları ilə tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.
Ş.Soltanov

 

Şərh Yaz