Ulu öndərin ideyaları İsmayıllıda uğurla həyata keçirilir

Xalqımız dünya tarixinə  kifayət qədər görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlər sırasında yazıçılar, şairlər, alimlər və mədəniyyət işçiləri ilə yanaşı dövlət xadimləri də çoxdur. Bu gün tam inamla deyə bilərik ki, xalqımız üçün gördüyü əzəmətli işlərin miqyasına və əhəmiyyətinə görə ümummilli liderimiz Heydər Əliyevin səviyyəsində dayanan ikinci şəxsiyyət yoxdur. Xalqımızın və müstəqil respublikamızın həyatında elə bir sahə yoxdur ki, onun  inkişafı ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlı olmasın.

Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta ən çıxılmaz hesab olunan vəziyyətlərdə Vətən üçün, doğma xalqı üçün heç kimin gözləmədiyi ən yaxşı çıxış yolunu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bu nadir keyfiyyətlər Heydər Əliyev fəaliyyətinin bütün dövrləri üçün səciyyəvi idi.

Azərbaycanın XX əsr tarixinin geniş bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev tam mənada müasir Azərbaycanın qurucusudur.

Heydər Əliyev əmək fəaliyyətinin ilk illərində Dövlət Təhlükəsizlik orqanlarında məsul vəzifələr tutmuşdur. Bu orqanda hələ 20-30-cu illərdən yuva salmış ermənilər və digər ünsürlər xalqımıza qarşı qanlı represiyalar həyata keçirmişlər. Dövlət Təhlükəsizlik orqanlarının azərbaycanlılaşdırılması  və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcədə çətin işə Sovet rejiminin ən sərt dövründə məhz Heydər Əliyev girişdi.

1969-cu ilin 14 iyul tarixi əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixinə şərəfli gün kimi həkk olunub. Həmin gün xalqımızın böyük oğlu, o vaxt hələ gənc yaşlarında olmasına baxmayaraq istedadı və xüsusi bacarığı ilə İttifaq çərçivəsində böyük nüfuz qazanmış Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldi.

Azərbaycan KP MK-nin birinci katibi seçilməsi ilə respublikamızın həyatında yeni dövr başlandı. Həmin ilin avqustunda MK-nın plenumunda Heydər Əliyev respublikada yaranmış vəziyyəti ətraflı təhlil edən məruzə ilə çıxış etdi. Məruzədə xalq təsərrüfatında, mədəni quruculuqda, ideoloji işdə olan çatışmazlıq və nöqsanları təhlil etdi, respublika əmək intizamının möhkəmləndirilməsi, kadrlara qarşı tələbkarlığın artırılması sahəsində təxirəsalınmaz vəzifələr müəyyənləşdirdi.

Heydər Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatı istehsalı ixtisaslaşdırıldı. Bu, respublikanın təsərrüfatında yüksəlişi təmin edən əsas amil oldu. Həmin illərdə Heydər Əliyevin rəhbərliyi ilə respublikanın xalq təsərrüfatının bütün sahələrində həyata keçirilən təşkilatçılıq, siyasi tərbiyə və mədəni quruculuq işləri bütün İttifaqda nümunə hesab olunurdu. Respublikamız məhsul istehsalının artımında bütün respublikalar arasında fərqlənirdi. Respublikada gedən inkişaf nəticəsində əhalinin həyat səviyyəsində köklü dəyişikliklər baş verir, kənd və qəsəbələrin siması dəyişilirdi. Məhz həmin illərdə kəndlərin bir çoxu abadlaşmış, yaraşıqlı evlər tikilmiş, yollar çəkilmiş, körpülər salınmışdır. Bütün bunların çoxunun  təşəbbüsçüsü şəxsən Heydər  Əliyev olmuşdur.

Respublikamızın bütün digər bölgələri kimi, İsmayıllı da dahi rəhbərin diqqət və qayğısından kənarda qalmamışdır. Heydər Əliyevin  qayğısı sayəsində rayonumuz geridə qalmış kənd təsərrüfatı rayonundan, qabaqcıl təsərrüfatlara, emal müəssisələrinə, sənaye sahələrinə malik rayona çevrildi.

Heydər Əliyev xalqın böyük sevgisini qazanmışdı. Həmin dövrün bir çox yüksək vəzifəlilərdən fərqli olaraq, xalqdan ayrı deyildi, xalqın içində idi. Respublikanın hər bir vətəndaşının yaşayışı ilə maraqlanan rəhbər, onların probleminin həllində şəxsən iştirak etməyə çalışırdı.

Onun zəhmətkeşlər arasında olması, sadə peşə adamları ilə söhbətləri hər kəsdə ruh yüksəkliyi yaradırdı.

Ulu öndərin rayonumuzda olduğu günlər əsil el şənliyi kimi yaddaşlarda qalmışdır. Onun rayonumuza ilk gəlişi 1981-ci ilin 23 iyul tarixində olmuşdur. İsmayıllı sakinləri elin böyük oğlunu ən əziz qonaq kimi, böyük sevinclə qarşılamışdır.

Dahi rəhbərin 1981-ci ilin iyul ayında rayonumuza gəlişi ismayıllıların həyatında unudulmaz hadisəyə çevrildi. Ulu öndərin rayonda olduğu həmin günlər ismayıllıların ən fərəhli günləri oldu.

1981-ci ilin dekabrında tez-tez təkrarlanan zəlzələnin təsirindən İsmayıllı camaatı çaşqın vəziyyətə düşmüşdü. Yeraltı təkan nəticəsində köhnə evlərdə çatlar əmələ gəlmiş, uçmaq təhlükəsi yaranmışdı. Əhali soyuq qış günlərində ev-eşiyini tərk etməyə məcbur olmuşdu. Rayonun bu çətin günlərində respublikanın rəhbəri  rayona gələrək, çaşqın vəziyyətdə olan əhali ilə görüşdü, onlara təskinlik verdi. Dahi rəhbər rayon mərkəzində və bəzi kəndlərdə olan zərərçəkənlərlə söhbətlər apardı. Bu ağır məqamda ölkə rəhbərinin İsmayıllıda olması əhalidə olan qorxu hissini yox etdi. Heydər Əliyev rayona gəlişi ilə sanki dəhşətli təbiət hadisəsini cilovlamışdı.

O ağır günlərdə İsmayıllı camaatı tək qalmadığını hiss etdi. Respublikanın rəhbəri əhali ilə söhbətlərində bildirdi ki, bütün Azərbaycan xalqı onlarladır. Zəlzələnin vurduğu ziyanlar tamamilə aradan qaldırılacaqdır.

Ulu öndərin rayonda olmasından dərhal sonra rayona çadırlar, hər cür yardımlar gətirilməyə başlandı. Zəlzələ haqqında keçmiş ittifaqın informasiya vasitələrində geniş məlumatlar verildi. Ulu öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırılaraq zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq üçün böyük məbləğdə pulun ayrılmasına nail oldu. Rəhbərin çağırışı ilə respublikanın bütün şəhər və rayonlarından ismayıllıların köməyinə gəldilər. Rayona tikinti materiallarının axını başlandı. Qısa müddətdə xeyli fərdi yaşayış evləri , ictimai binalar, məktəblər, mədəniyyət evləri, kitabxanalar və s. tikilib istifadəyə verildi. İsmayıllı şəhərinin və rayonun kəndlərinin siması dəyişildi.

Bu gün qədirbilən İsmayıllı camaatı haqlı olaraq Heydər Əliyevi müasir İsmayıllının qurucusu sayır.

Dahi rəhbər sonrakı dövrlərdə də İsmayıllının inkişafı ilə maraqlanmış rayona daim qayğı göstərmişdir.

Ulu öndərin İsmayıllıya növbəti gəlişi 2002-ci il noyabrın 8-də olmuşdur. Həmin gün Şəkiyə gedərkən, o, yolüstü İsmayıllıda dayanaraq onu qarşılamağa çıxmış rayon sakinləri ilə səmimi görüşmüşdür. Bu qısa görüş zamanı Ulu öndər demişdir: “İsmayıllı çox yaxşı rayondur. Mən buranı çox yaxşı tanıyıram. Əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişəm. Rayonun bütün ətrafı meşələr, çaylardır. Allah Sizə belə gözəl bir yer bəxş etmişdir”

Ulu öndərin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər, sözün əsl mənasında tariximizin hərc-mərclik, tənəzzül dövrüdür.

1993-cü ilin iyununda Ulu öndərin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı  burulğanına düşmüşdü. Ölkədə sözün əsil mənasında, hakimiyyətsizlik idi. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıqlar adi hal olmuşdu.

Ölkədə iqtisadi tənəzzül dərinləşmiş, manatın məzənnəsi sürətlə aşağı düşürdü. Çörək və digər ərzaq məhsulları üçün alçaldıcı növbələr düzülür, bölgələrdə seperatçılıq əhval-ruhiyyəsi güclənirdi. Cinayətkar ünsürlər meydan sulayır, insanlar etnik zəmində təqiblərə məruz qalır, şəhər və rayonlarda qətl-qarətlər törədilir, ziyalılar baş götürüb ölkədən qaçırdılar. Hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verirdi. Cəbhədə Ermənistan silahlı birləşmələri ilə bəsit özünümüdafiə səviyyəsində müharibə aparılırdı. Dövlətə və ayrı-ayrı şəxslərə məxsus silahlı dəstələrdə adi hərbi nizam-intizam və tabeçilik yox idi. Dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə tam hakimiyyətsizlik hökm sürürdü.

Müdrik xalqımız həmin günlərdə yeganə düzgün addımını atdı. Dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla xalqımız məhv olmaqdan, dövlətçiliyimiz süqut etməkdən xilas oldu. 1993-cü ilin 15 iyun  günü tariximizə ən şərəfli gün kimi – Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqımız müstəqilliyə qovuşmuş dövlətinin idarə olunmasını Heydər Əliyevə etibar etdi. Dahi şəxsiyyət ən kəskin ziddiyyətlərin mövcud olduğu şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi. Heydər Əliyevin qətiyyəti sayəsində dövlətçiliyimizə qarşı yönəlmiş 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı Azərbaycan dövlətçiliyi ağır sınaqlardan uğurla çıxdı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi. Xalqın inamını özünə qaytardı.

Həmin ağır günlərdə onun çox böyük inamla dediyi məşhur kəlamı tarix təsdiq etdi: “Azərbaycanın  dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır!”

Azərbaycan vətəndaşları bu taleyüklü dövrdə Heydər Əliyevin sadiq müttəfiqləri oldular. Dahi şəxsiyyətin qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı. Xalqda ümidsizlik gələcəyə inamla əvəz olundu.

Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutaraq, vəziyyəti obyektiv qiymətləndirdi. Məkrli düşmənin və onun havadarlarının gücünü, onların planlarının təhlükəsini, ordu quruculuğu sahəsində buraxılan kobud səhvləri nəzərə alıb atəşkəs rejiminə nail oldu. Bununla  gənclərimizin mənasız yerə qırılmasının qarşısını aldı. Ermənistan-Azərbaycan qanlı müharibəsi Heydər Əliyevin diplomatik ustalığı sayəsində beynəlxalq hüquq prinsipləri əsasında həlli üçün sülh danışıqları mərhələsinə keçdi.

Heydər Əliyev Azərbaycanı milli-mənəvi parçalanmadan xilas etdi. O, özündən əvvəlki “rəhbərlərin” reallıqdan uzaq emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərində əbədi “Azərbaycan” möhürü vurdu. Bununla ölkəmizdə vahidliyimizin simvolu olan islam türk birliyi bərpa olundu. Reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı.

Ulu öndərin hakimiyyətə qayıdışından dərhal sonra respublikamız dövlət quruculuğu, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu.

Ümumiyyətlə, müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin yarım əsirlik dövrünü əhatə edən epoxa Heydər Əliyevin adı ilə bağlıdır. Onun müəyyənləşdirdiyi siyasi xətt Azərbaycanın müasir dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin bünövrəsini möhkəm əsaslarla qurmuşdur. Heydər Əliyevin hələ respublikamıza birinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən aydın olmuşdu ki, onun simasında Azərbaycan xalqı əsil milli liderini tapmışdır.

Ulu öndər Naxçıvana rəhbərlik etdiyi çətin illərdə ona qarşı yönəlmiş təqiblərə baxmayaraq, Azərbaycanın bu qədim diyarında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını bərpa etdi, sovet sosialist sözlərini Muxtar Respublikanın adından çıxartdı, 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Heydər Əliyev Azərbaycanda milli dövlətçilik quruculuğunun əsas ideyalarını 1992-ci ildə yaratdığı Yeni Azərbaycan Partiyasının siyasi platformasında əks etdirdi.

Ulu öndər 1994-cü ilin sentyabrında BMT-nin 4-cü, 2000-ci  ildə isə yubiley sessiyalarının tribunalarında Azərbaycan həqiqətlərini bütün düyaya çatdırdı. 1996-cı ilin dekabrında keçirilən sammitində ATƏT-in üzvü olan 54 ölkədən 53-ü  qəbul edilmiş Bəyanatda Azərbaycanın ərazi bütövlüyü prinsipini müdafiə etdi.

Düşmənlərimiz “Erməni kartından” istifadə etməklə Azərbaycanı diz çökdürməyə çalışdılar. Uzaqgörən dövlət xadimi düşmənlərin siyasətinə üstün gələn neft strategiyasını irəli sürülməklə onların planlarını puç etdi. Ulu öndərin bu siyasətinin nə qədər dərindən düşünülmüş siyasət olduğunu zamanın özü sübut etdi.  Bu gün düşmənlərimiz bu siyasətin uğuru qarşısında aciz qaldıqlarını etiraf etməyə məcbur olmuşlar. Dünya şöhrətli dövlət xadiminin rəhbərliyi ilə Azərbaycan Respublikası Konstitusiyasının mükəmməl layihəsi hazırlandı və 1995-ci ilin 12 noyabr tarixində keçirilən ümumxalq referendumu ilə qəbul olundu.

Zəmanəmizin qüdrətli siyasətçisi Heydər Əliyev sözün əsl mənasında Müasir Azərbaycan dövlətini qurdu, onu təhlükələrdən böyük ustalıqla, mərdliklə, incə və çevik siyasətlə qoruyub inkişaf yoluna çıxartdı. Xalqımız dövlətimizin sükanını Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan İlham Əliyevə tapşırmaqla öz müdrikliyini tarix qarşısında bir daha sübut etdi.

Respublika Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Respublikamız iqtisadi cəhətdən qüvvətlənmiş, dünyanın qabaqcıl ölkələri sırasında yer almışdır.

Ulu öndərin ideyaları rayonumuzda da ən yüksək səviyyədə həyata keçirilir. Son illərdə rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri doğma İsmayıllımızın simasını əsaslı şəkildə dəyişdirmişdir. İsmayıllıda son illərdə keçilməz hesab edilən küçələrə asfalt döşənilmiş, parklar əsil istirahət obyektlərinə çevrilmişdir.

Rayonda açılan çoxsaylı istehsal obyektləri İsmayıllı camaatının məşğulluğunun yüksəldilməsinə xidmət etməkdədir. Rayonda Humanitar və Texnologiya Kollecinin açılması İsmayıllı tarixində görülən ən uğurlu işlərdəndir. Velosiped zavodu, Xalça fabriki, Kərpic zavodu, Dam Örtükləri Müəssisəsi, Elektrik Stansiyaları və s. son illərdə rayonda açılmış müəssisələrdəndir. Bütün bunlar cəmi 6-7 il bundan əvvəl yalnız arzulanan idi.

Respublika Prezidenti cənab İlham Əliyevin son 6 ildə 4 dəfə rayonumuza səfər etməsi rayonda görülən işlərə yüksək qiymət verməsinin nəticəsidir.

Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. O, taleyin xalqa bəxş etdiyi nicat idi. O,

xalqımızın ən ağır günlərində meydana çıxan parlaq bir ulduz idi. Ulu öndər bütün gücünü səfərbər edərək xalqımızı düşdüyü bəlalardan xilas etdi. Azərbaycan dövlətini qurdu. Onun gələcək inkişaf yolunu müəyyən etdi.

Ulu öndərin gələcək üçün müəyyən etdiyi ideyalar gerçəkliyə çevrilməkdədir. Respublikamızın daha da inkişafı, vətəndaşlarımızın rifahı naminə xalqımız Ulu ondərin siyasi irsindən hələ uzun illər faydalanacaqdır.

Heydər Əliyev əbədiyaşar şəxsiyyətdir. O, hər bir azərbaycanlının qəlbində yaşayır. Xalqımız, Azərbaycan mövcud olduqca, Heydər Əliyev əbədi yaşayacaqdır.

Ramiz Baloğlanov,

Əməkdar müəllim, İsmayıllı RTŞ-nin  aparıcı məsləhətçisi

Şərh Yaz