Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir

Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulovun Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə keçirilən tədbirdəki çıxışindan                                 

 

Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Azərbaycan KP MK-nın birinci katibi seçiləndə mən pedaqoji institutun ikinci kursunda təhsil alırdım. Çox yaxşı xatırlayıram ki, həmin dövrdə aqrar respublika olan Azərbaycan ittifaq miqyasında iqtisadi cəhətdən ən geridə qalan diyar idi. Hakimiyyətinin ilk dövrlərində Ulu öndər Azərbaycanın təkcə neft ölkəsi kimi deyil, həm də sənaye sahəsində, aqrar sahədə böyük potensialının olduğunu sübut etdi. Həyata keçirdiyi islahatlar, kadrlara qarşı yüksək tələbkarlığı, qəbul edilən hökumət qərarlarının vaxtında yerinə yetirilməsinə nəzarət mexanizminin yaradılması, əmək və icra intizamına riayət edilməsi, əməyin elmi təşkili və sair sahələrdəki qətiyyətli fəaliyyəti ölkəni tərəqqi yoluna çıxardı.

Böyük dövlət xadimi və siyasi xadim Heydər Əliyevin öz Vətəni, xalqı qarşısında xidmətləri  olduqca böyükdür. Mən həmişə Heydər Əliyev haqqında düşünərkən onun həm də ideya-siyasi, mənəvi tərbiyə sahəsində gördüyü işlər diqqətimi daha çox cəlb edir. Yaxşı xatırlayıram, 1979-cu ilin aprel ayında Bakı şəhərində “Fəal həyat mövqeyinin formalaşdırılması, mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” mövzusunda ümumittifaq elmi-praktik konfransı keçirildi. Konfransda dünya şöhrətli alimlər, müxtəlif dövlətlərin məsul şəxsləri, gənclərin nümayəndələri, əmək adamları fəal iştirak edirdilər. Konfransın məqsədi Azərbaycanda ideya-siyasi və mənəvi tərbiyə sahəsində qazanılan nailiyyətləri ümumiləşdirərək ictimaiyyətə təqdim etmək idi. Heydər Əliyevin alovlu nitqi sonralar müxtəlif dillərdə kitab şəklində nəşr edilərək ittifaq miqyasında yayıldı. İnsanları və ölkə vətəndaşını əqidəcə saf, mənəviyyatca təmiz görmək onun həmişə diqqətində idi. Heydər Əliyev hələ SSRİ rəhbərlərindən biri kimi, o dövrdə məktəb islahatının həyata keçirilməsinə birbaşa nəzarət edir, təhsilin inkişafına çox böyük diqqət verirdi.

Heydər Əliyev cəsarətli siyasətçi idi. Bütün dünya siyasətçiləri onu yaxşı tanıyır və hörmət edirdilər. Böyük dövlətlərin rəhbərləri ondan öyrəndiklərini etiraf edirdilər.

Hər bir Azərbaycan vətəndaşı Ulu öndərimiz, onun xalqımız qarşısındakı xidmətləri barədə günlərlə danışa bilər. Əlbəttə, bu, bir həqiqətdir ki, bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin bizə ərməğan etdiyi şah əsəridir.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyinə əbədilik xarakteri verdiyi Azərbaycan Prezident İlham Əliyevin idarəetmə qüdrəti, siyasi varisliyi yaradıcılıqla davam etdirməsi nəticəsində ən yüksək sürətlə inkişaf edir, xalqımızın rifah halı gündən-günə daha da artır.

Şərh Yaz