Yaddas kitabcasi

İki əsrin lideri

Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi ailələrdə də qeyd olunur

Millətimizin bütün müsbət və ali keyfiyyətlərini özündə təcəssüm etdirən ulu öndər Heydər Əliyev sadə insan, əsl xalq və zəhmət adamı olmuşdur. Onun həyatda olan bütün uğurları yalnız və yalnız şəxsi iradəsi, ölçüyəgəlməz, qeyri-adi  fitri istedadı və yorulmaq bilməyən əməksevərliyi nəticəsində əldə edilmişdir.

Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi şərəfinə İsmayıllıda silsilə tədbirlərin qeyd olunduğu vaxtda bir daha bəlli oldu ki,  Heydər Əliyev ruhu və mənalı ömrünü  hələ sağlığında ikən nəsillərin qan yaddaşına yazmış, möhtəşəm əməlləri ilə xalqımızın qəlbində müstəqilliyimizin əbədiliyinə inam işığı yandırmış, inkişaf və tərəqqi üçün təminat yaratmış, insana hörmət və sevgi ilə hər bir İsmayıllı sakininin də qəlbində işıqlı iz buraxmışdır. Odur ki, Ulu öndər ailələrdə də  anılır, ruhuna dualar oxunur, unudulmaz xidmətləri qeyd olunur.

Ulu öndər cahangirlik salnaməmizi zənginləşdirən əməli işləri ilə  Azərbaycanımızın layiqli adını, millətimizin şərəf və ləyaqətini sözün əsil və hərfi mənasında özünə qaytarmışdır. Əslində,  üzərinə götürdüyü öhdəlikləri lazımi anda böyük ustalıqla zərurətə çevirməyi bacaran Ulu öndərin tərifə ehtiyacı yoxdur.

Şərqin ən qüdrətli  filosoflarından biri sayılan İbn Sina bir vaxtlar: Məlum olan şeylər və həqiqətlər haqqında xüsusi danışmağa lüzum yoxdur,  – deyib. Lakin biz Heydər Əliyevi hər gün, hər zaman ehtiramla xatırlamalı, haqqında  qədirbilənliklə danışmalı, şərəfli ömür yolunu davamçılarımıza  göstərməli və ötürməliyik. Biz Heydər Əliyevi necə seviriksə, gələcək nəsil də bu böyük şəxsiyyəti eləcə sevməlidir. Xalqımızin tarixində bu ad  dövlətimizin xilaskarı, memarı və qurucusu kimi yer tutur. Uğurlu iqtisadi inkişafımızın təməli məhz bu böyük  insanın hakimiyyətdə olduğu illərdə qoyulub.

Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz Ulu öndərin davamçıları olmaqla siyasi xəttinə tam sadiqik

Ulu öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun ideyaları cəmiyyətin daim yenilənməsində, müstəqil  Azərbaycan dövlətinin daha da müasirləşməsində və  qüdrətlənməsində aparıcı qüvvədir. Ümummilli liderin əbədiyaşar ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycana yeni-yeni nailiyyətlər, uğurlar gətirir.

Ulu öndər XX və XXI əsrlərin tarixini yaradan şəxsiyyətdir. Misilsiz xidmətləri ilə tarix Heydər Əliyevi   ailələrdə və ürəklərdə əbədi yaşadacaqdır.

H.Məmmədov

Şərh Yaz