Polis-vətəndaş münasibətləri möhkəmlənir

İyun ayının 2-də Polis Günü münasibəti ilə qeyd olunan peşə bayramında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP İsmayıllı rayon təşkilatının əməkdaşları, şöbənin şəxsi heyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

Bayram tədbirinin rəsmi hissəsi İsmayıllı Rayon Polis Şöbəsində davam etdirilib. Əvvəlcə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.

İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki  Şəmşir Kazımov Azərbaycan polisinin, o cümlədən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçdiyi şərəfli yoldan ətraflı danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə Polis Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov təbrik nitqində bildirib ki, Azərbaycan polisinin keçdiyi 101 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bugünkü nəsil üçün örnəkdir: “Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır”.

Tədbirin sonunda İsmayıllı RİH başçısı M.Sadıqov RPŞ-nin rəisi Ş.Kazımova polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə görə Təşəkkürnamə təqdim edib. Polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına İsmayıllı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələr verilib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz