Səmimi görüş, hərtərəfli qayğı

Minkə kəndi Keyvəndi kənd inzibati ərazi dairəsi hüdudlarındadır. 45 evdən ibarət olan Minkə kəndinin 245  nəfər sakini var. Kəndin 62 şagird yerlik ümumi orta məktəbində 35 şagird təhsil alır. Son rəqəm kənddə gənclərin az olmasını açıq deməyə imkan verir. Kənd sakinləri 48 təsərrüfatda maldarlıq, əkinçilik və arıçılıqla məşğuldur.

İyun ayının 27-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndin əhalisi ilə görüşüb.  Görüş-qəbula rayonun bir sıra xidmət təşkilatlarının rəhbərləri və nümayəndələri də qatılıb.

Kənd sakinlərini salamlayan M.Sadıqov ölkədə, eləcə də İsmayıllı rayonunda gedən dinamik iqtisadi və sosial inkişafdan danışıb, ərazinin əsas problemləri ilə tanış olduğunu diqqətə çatdırıb. Sakinləri faydalı əməklə məşğulluğa səsləyib.  Bildirib ki, zəhmətə qatlaşan insanın güzəranı özünün arzuladığı kimi, yüksək, evi ruzi-bərəkətli, süfrəsi zəngin olur. Mövcud problemlər də elə zəhmət bahasına aradan qaldırılır.

Görüş-qəbulun iştirakçısı, kənd sakini Allahverdi Məmmədov məlum fevral zəlzələsində evinin yaşayış üçün yararsız hala düşdüyünü deyib. Ona yeni ev tikilməsini xahiş edib.

Famil Cəbiyev bildirib ki, Girdiman çayı sahilində məskunlaşmış məcburi köçkünlərin mal-qarası kənd sakinlərinin sahil boyunca olan əkin sahələrinə ziyan vurur.

Kəndin sakini Hikmət Qasımov Minkə-Keyvəndi-Şəbiyan- Bəhliyan-Bilistan yolunun asfaltlaşdırılmasına görə Prezident İlham Əliyevə ərazidə yaşayanlar adından dərin minnətdarlıq ifadə edib və Minkə kəndinə olan 300 metr yola da asfalt döşənməsini xahiş kimi səsləndirib.

Azad Hüseynov qonşu tərəfindən tutulan yolunun açılmasına, Validə Baxışova sosial yardım edilməsinə, Tural Mahmudov müvafiq işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib.

Xoşqədəm Səlimova zəlzələdən ciddi zərər çəkmiş evinin yerində yeni ev tikilməsinə görə Prezident cənab İlham Əliyevə minnətdar olduğunu bildirib.

Hərtərəfli söhbətdə RİH başçısı kənd sakinlərini torpaq və əmlak vergilərini ödəməyə, daşınmaz əmlaklarını sığorta etdirməyə, vətənpərvərliyə, torpağa bağlılığa dəvət edib.

Görüşə gələnlər nümayiş etdirdiyi səmimiyyət və göstərdiyi qayğıya görə  rayon rəhbərliyinə minnətdarlıq ediblər.

M.Sadıqov görüş-qəbul zamanı edilən xahişlərlə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Ş.Soltanov

 

Şərh Yaz