Həyat yolunuz uğurlu olsun

2018-2019-cu tədris ilinin başa çatması münasibəti ilə ölkənin ən qabaqcıl peşə təhsili müəssisələrindən biri olan İsmayıllı Peşə Tədris Mərkəzində (İPTM) “Məzun günü” keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Zaur Muradov açıb. O, Mərkəzin tədris ili ərzində qazandığı uğurlardan danışmaqla bərabər, bu işlərdə əlaqədar təşkilatların, o cümlədən rayon İcra Hakimiyyətinin, Məşğulluq Mərkəzinin, işəgötürən təşkilatların, qayğı və diqqətindən, göstərdikləri köməkliklərdən razılıq edib.

“Məzun günü” ərəfəsində pedaqoji sahədə çalışanların əmək haqlarının artırılması barədə verdiyi Sərəncama görə Z.Muradov rəhbərlik etdiyi kollektivin müəllimləri adından cənab Prezidentə minnətdarlıq edib.

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri,  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova İPTM-də kadr hazırlığı və ideoloji işin yüksək səviyyədə olduğunu bildirib, məzunlara ixtisasları üzrə peşəkar usta olmağı, həyatda uğurlu mövqe tuta bilmələrini arzulayıb. Qeyd edib ki, Mərkəzin kollektivi rayonun ictimai-siyasi həyatında önəmli yer tutur.

Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili Dövlət Agentliyinin əməkdaşı Zamin Bədirxanov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Yuliya Bajenova çıxışlarında Mərkəzdəki təlim və tədris işindən razılıqla danışıblar.

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov, Məşğulluq Mərkəzinin direktoru Asif Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov məzunları əlamətdar gün münasibəti ilə təbrik edib, onlara həyat yollarında uğurlar diləyiblər.

Qabaqcıl müəllimlər, istehsalat ustaları və şagirdlərə mükafatlar təqdim olunub. Mərkəzin bədii özfəaliyyət kollektivi bayram tədbirinə xoş ovqat bəxş edib.

Ş.Soltanov

 

Şərh Yaz