Xeyirxah olmağa nə lazımdır?

Xeyirxahlıq məfhumu insanlıq ifadəsi ilə qoşa səslənir. Həm də xeyirxah əməllər həmişə insanlıq duyğuları yüksək olanlar tərəfindən gerçəkləşir.
Bir anlığa həyata, ətrafımıza nəzər salsaq, hər şeyin qoşa yaradıldığının görərik: isti-soyuq, hündür-alçaq, gecə-gündüz, güclü-zəif, zəngin-yoxsul.  Onda belə düşünmək olar ki, ulu Tanrı birisinə dərin zəka vermişsə, başqasını avam yaratmışdır; biri sağlamdırsa, digəri xəstədir, biri rəhimdildirsə, başqa birisi zalımdır.
Belədə istər-istəməz insan təəccüblənir və “Nə üçün Allah hamını bərabər yaratmadı? – sualı meydana çıxır? Kimlərsə ürəyində də olsa: “Nə üçün bu bölgüdə hamıya eyni pay düşməyib?” – sualı səslənə bilər. Bu sualın cavabını çox vaxt belə eşitmişik: “Ruzi bölgüsündə Allahın nəzərində hərənin öz pilləsi var. Kimi aşağıda, kimisi isə lap yuxarıdadır”. Bunu səbirsizlər, yaxud Allaha inamı zəif olanlar, Allahın sifətlərini yaxşı bilməyənlər bu cür düşünə bilirlər. Əslində isə ətrafımıza diqqət etsək, görərik ki, Allah hamıya ruzini boldan bol verib. Ruzi payı kimisinə uşaqlıqda, kimisinə gənclikdə, kimisinə isə qoca vaxtında çatır. Ruzi dedikdə, nədənsə ilk növbədə bol azuqə düşünülür. Dərin düşündükdə, ruzi heç də təkcə mal-mülk, yemək-içmək deyildir. Allah yaratdığı insanların bəzisinə çoxlu mal-mülk, digərinə gözəl, tərbiyəli övlad, başqa birisinə dəyərli qonşu, qohum, dost və s. verir.

İnsanların hamısı bərabər yaradılmış olsaydı, bir-birinə yardım, kömək etmək kimi anlayışlar olmazdı. Bu da insanların biri-birinə bağlılığını yox edər, hər hansı bir əlaqəyə ehtiyac olmazdı. İnsanların cəmiyyət halında yaşayıb-yaşamaması sual altında qalardı.
Doğrudan da, əgər hər kəs ona verilən maddi imkanın üstündə əssə, başqasına yardım, kömək etməsə, həyatın dadı, yaşamağın mənası olarmı? Güclünün zəifə, gözlünün kora, toxun aca yardım etməyəcəyi halda insan ifadəsi mənasını itirmirmi?
Uca Yaradanın  buyruğu ilə: İnsanlar biri-birinə dəstək durmalı, təmənnasız yaxşılıqlar etməli, pislikdən çəkinməli, günah işlətməməli və pis əməllər törətməkdən qorxmalıdırlar.
Xeyirxahlıq xeyriyyəçilik deyil. Xeyirxahların yardımı maddi, həm də mənəvi olur. Yardımetmənin ən fəzilətlisi, ən qiymətlisi mənəvi yardımlaşmadır.

Bu gün dünyanın bir çox ölkələrində insanlar maddi vəziyyəti pis olanlar, müharibələrdən, təbii fəlakətlərdən zərər çəkən insanlara yardım etmək üçün müxtəlif cəmiyyətlər, birliklər qururlar. Bu qəbildən olan fərdlərin və təşkilatların mövcudluğu xeyirxahlığın insan üçün vacib göstərici, başlıca keyfiyyət olduğunu təsdiqləyir. Bu ənənənin layiqincə yerinə yetirilməsi özünüdərk və Allaha sevgi kimi anlama gəlir .
Bu mövzu vacib hesabat şəklində özünə dəyər verə bilən hər kəsi düşündürməlidir. İnsan tamamilə tanımadığı adama belə xeyirxahlıq etdikdə mənən ona yaxınlaşır, yəni təmənnasız xeyirxahlıq sanki insanları həm də doğmalaşdırır.

Qonşusu, qohumu ehtiyac içində yaşayan imkanlının xeyirxahlıqdan uzaq durması, əslində onun Allaha yaxın olmamasıdır. Belələrinin müqəddəs ziyarətgahlara getməsi, turist səfərindən artıq bir şey sayıla bilməz.

Xeyirxahlıq insani keyfiyyətdir. O, yalnız kiməsə xeyir verməklə ölçülmür. Heç kimə ziyan verməmək də xeyirxahlıqdır. Ziyanın maddi və mənəvi olduğunu qəbul etsək, onu da qəbul edərik ki, ən yoxsul adam belə xeyirxah olub qarşılaşdığı adama böyük səxavətlə təbəssüm bəxş edə bilər.

Hamımıza bəllidir ki, ölkəmizdəki uşaqlar evində gözü yollara dikilən körpələrimiz, qocalar və kimsəsizlər evində övlad məhəbbətinə ehtiyac duyaraq yaşayan ahıllarımız var. Humanist təşəbbüslərə gündəlik diqqət yetirən ölkə rəhbəri, prezident cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı  bu qəbildən olanlarımızı ehtiyac duyduqları xeyirxahlıqla yüksək səviyyədə təmin edirlər.

Üzümü imkanlı adamlara tuturam: Bəs siz bu istiqamətə hansısa addımı atdınızmı? Hər cür nemətindən yetərincə istifadə edə bildiyiniz ölkənin ehtiyac içində olan vətəndaşına xeyirxahlıqda da əliniz olduğunu göstərə bildinizmi? Bu sualların sayını artırmaq da olar. Lakin sonda bir sualla da kifayətlənmək olar: Xeyirxah olmağa nə lazımdır?

Xeyirxahlıq görmüş insanlar, tarixin özü də heç vaxt yaxşı əməlləri unutmur. Ürəklərdə yaxşılar kimi əbədi yer tutmuş insanları hamımız yaxşı xatırlayırıq. Bəlkə nə vaxtsa yaxşılar sırasında yerimizin olması barədə indidən düşünək? Unutmayaq ki, ən böyük əxlaqi vəzifəmiz qəlbimizi xeyirxahlığa öyrətməkdən, başqalarına da bunu təlqin etməkdən ibarətdir. Xeyirxah münasibət, xeyirxah əməl insanı mənən ucaldır, onu cəmiyyətin ləyaqətli üzvünə çevirir. Xeyirxah olmaq, yaxşılıq etmək üçün yaşayaq.

Şahməmməd Soltanov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Şərh Yaz