Beynəlxalq düşərgə Nəsimiyə həsr olunub

Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Gənclər İdman Nazirliyinin və İsmayıllı Rayon İcra hakimiyyətinin dəstəyi ilə dahi şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Wonderland Azərbaycan-2019” beynəlxalq skaut düşərgəsinin açılışı olub.
Açılış mərasimi Azərbaycan, Türkiyə, Rusiya və Böyük Britaniyanı təmsil edən 450 nəfərdən çox iştirakçının, eləcə də İsmayıllı Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin nümayəndələri, adı çəkilən ölkələri təmsil edən Skautlar Assosiasiyasının idarə heyətinin üzvlərinin iştirakı ilə keçib.
Skaut düşərgələrinin tarixi, onun gündəlik proqramı barədə düşərgənin lideri Zamin Məmmədov məlumat verib.
Düşərgəyə İsmayıllının ev sahibliyi etdiyindən məmnunluq duyduğunu deyən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev iştirakçılara rayonun tarixi-mədəni irsi haqqında geniş məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Xəqani Əzizov düşərgədə yarana biləcək təhlükələrə qarşı təmsil etdiyi qurumun hazırlığından və düşərgə müddətində onlara daim dəstək olacaqlarından danışıb.
Açılış mərasimi Azərbaycanın Dövlət himninin səsləndirilməsi, Azərbaycan Skautlar Assosiyasının və digər iştirakçı ölkələrinin bayraqlarının təntənəli surətdə qaldırılması ilə başa çatıb.
Sonrakı 7 gündə iştirakçılar düşərgə proqramına uyğun olaraq fəaliyyətlərin davam etdiriblər. Onlar peşəkar təlimçilər tərəfindən keçirilən atçılıq, atıcılıq, yaylı oxatma, tətbiqi incəsənət, intellektual oyunlar, komanda işi, əyləncəli kimya, elmi mühəndislik, riskli hallardan xilasetmə, ilkin tibbi yardım, dalğıclıq, dağa dırmanma üzrə müxtəlif istiqamətli təlimlərə qatılıblar.

Düşərgə iştirakçıları şairin əsərlərində səslənən məşhur deyimlər – “Əhli-İrfan”, “İki Cahan”, “Ənəl Həqq”, “Dəryayi-Mühit” kimi adlar altında kiçik düşərgələrə bölünüblər. Düşərgədəki digər tədbirlər də Nəsiminin və onun əsərlərinə aid simvollarla müşayiət olunub.

“İsmayıllı xəbərləri”

Şərh Yaz