Tələbələr üçün “Yay məktəbi”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.
Fondun əsas fəaliyyət istiqaməti dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunması və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanıb həyata keçirilməsinə, sosial layihələrin reallaşmasına dövlət dəstəyini təmin etməkdən ibarətdir.
Fondun təşkilatçılığı və İsmayıllı RİH-nin dəstəyi ilə bir qrup tələbə 8-12 iyul 2019-cu il tarixlərində  İsmayıllıda onlar üçün təşkil olunmuş  “Yay məktəbi”ndə olublar.  Ölkənin müxtəlif ali məktəblərini təmsil edən 100 nəfər tələbə “Yay məktəbi”ni “Qız qalası” istirahət mərkəzində keçirib.
“Yay məktəbi”nin açılışı iyul ayının 8-də olub. Fondun icraçı direktoru Mehman İsmayılov, Fondun və İsmayıllı RİH-nin məsul işçiləri, tələbələr Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri qoyublar.
“Yay məktəbi” müddətində tələbələr istirahət etməklə yanaşı, Azərbaycanın unikal məkanlarından olan Lahıc qəsəbəsinə, İvanovkaya səfər edib, İsmayıllının turizm imkanları, istehsal müəssisələri, aqrar sahələri ilə yaxından tanış olublar.
Tələbələr İvanovkada molokan-ruhani xiristian dini icması, Lahıcda “Ağolu”, “Bədöyün”, “Zəvəro” məscidləri, qədim hamam, Lahıc Tarix-Diyarşunaslıq Muzeyi, İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşunaslıq Muzeyi, Xalça fabriki ilə tanış olublar, tolerant və multikultural dəyərləri öz gözləri ilə görüblər.

M.Məhərrəmov

Şərh Yaz