Ailə dəyərləri qorunmalıdır

Milli-mənəvi dəyərlərimiz sırasında ailə dəyərləri xüsusi əhəmiyyət kəsb edir. Milli mentalitetimizə xas olan ailə qurmaq, övlad tərbiyə etmək,  böyüyə-kiçiyə hörmət, ər-arvad, qaynana-gəlin münasibətlərini tənzimləmək, qarşılıqlı inam, etibar və hörmətə əsaslanmaq ailə dəyərlərimizin əsasını təşkil edir.
Ailə dəyərlərinə həsr olunmuş tədbir “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması ictimai birliyi tərəfindən İsmayıllıda da ünvan tapıb.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun müxtəlif ailələrindən olan 100-ə yaxın nümayəndə iştirak edib.
Tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açıb, qonaqları rayon rəhbərliyi adından salamlayıb. Dövlətimizin ailə dəyərlərinə verdiyi yüksək qiymətdən danışıb.
“Dimed” klinikasının baş həkimi, ali dərəcəli məhkəmə tibbi eksperti Səfərbəy Səfərbəyov,  Azərbaycan İlahiyyat İnstitunun fəlsəfə üzrə doktoru, kafedra müdiri Əhməd Niyazov, Əməkdar müəllim, layihə müəllifi Səbinə Rəsulova, psixoloq Şəhla Hilalqızı çıxış edərək  “Ailə dəyərləri”  mövzusunda məruzə və çıxış ediblər.
Tədbirdə ailə dəyərlərinin müxtəlif sahələrinə həsr olunmuş filmlər nümayiş olunub.
Qeyd olunub ki, Azərbaycanda ailə dəyərlərinə yüksək önəm verilir. Lakin bütün dünyada olduğu kimi, ölkəmizdə də boşanma halları getdikcə artıb. Bunun qarşısının alınması üçün maarifləndirməyə ciddi ehtiyac vardır. Keçirilən tədbir də məhz belə aktual bir məsələyə xidmət edib.

M.Məhərrəmov

 

Şərh Yaz