Sənətçilərimiz alqışlarla qarşılanıblar

Qazaxıstanın paytaxtı Nursultan şəhərində 28-30 iyun 2019-cu il tarixlərində “Kazakh tourism”in təşkilatçılığı ilə keçirilmiş “Koşpəndilər Aləmi” adlı 2-ci Beynəlxalq Etnofestivalında iştirak etmək məqsədilə Azərbaycan nümayəndə heyəti  də Qazaxıstanda səfərdə olub.

Azərbaycan nümayəndə heyəti 25 iyun 2019-cu il tarixdə Nursultan Hava Limanında kazax milli musiqi sədaları altında  qarşılanıb.

10-dan artıq ölkənin milli komandaların iştirakı ilə baş tutan etnofestivalda türk xalqlarının köçəri həyatı, adət-ənənələləri, rəqs, folklor, sənətkarlıq və ifa nümunələri nümayiş olunub. Azərbaycanı adıçəkilən etnofestivalda təmsil edən qruplardan biri də İsmayıllı Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Lahıc xalq folklor kollektivi olub.

Festival təntənəli paradla başlanıb və ”Kazakh tourism”in rəhbərliyinin salamlama nitqi ilə açıq elan olunub. Azərbaycan komandasının çıxışı, o cümlədən Lahıc xalq folklor kollektivinin ifaları böyük marağa səbəb olub, Azərbaycan “yurta”sı daha çox ziyarət olunması ilə fərqlənib.

Festival zamanı iştirakçı ölkələrin, o cümlədən Azərbaycan komandasının çıxışları davamlı, gur alqışlarla qarşılanıb. Azərbaycan komandasının uğurlu çıxışlarına görə iştirakçıların hər biri sertifikatlarla təltif olunub.

Ölkəmizi, bölgəmizi, eləcə də Lahıc xalq folklor kollektivini “Koşpəndilər Aləmi” adlı 2-ci Beynəlxalq Etnofestivalda uğurla təmsil edən sənətçilərimizi alqışlayır, onlara yeni uğurlar diləyirik.

Aysu Nəcəfli

 

Şərh Yaz