Yaddas kitabcasi

“DAĞ ÇİÇƏKLƏRİ“

Dünya sənindir…

Talelər keçilən yollar kimidir,
Hardansa başlayar, hardasa bitər.
Rahatlıq, şan-şöhrət, var axtaranda,
Kiməsə dərd olsan, dəyərin itər.

Sevinc də, kədər də ürəkdə bişər,
Gözü açıq olan işığa gedər.
Hər işdə xeyrini axtarar bəşər,
Dayanmaz ziyana yetənə qədər.

Nə qədər sızlasan, dönməz ötən gün,
Çalış, qədrini bil vaxtında vaxtın.
Üzünə güləndə xoş anı ömrün,
İndi görürsən ki, sən hara baxdın.

Daha nə xeyri var köks ötürməyin?
Qurduğun xəyallar mənasız, əbəs.
Yoldan daş yerinə söz götürməyin,
Nəyinə gərəkdir, dil bilməyən kəs?

Tutula bilərsən sorğu-suala,
Adı qorxaqlıqdır ürəksizliyin.
Dözərsən ən böyük qovğaya, qala,
Yükü ağır olur gərəksizliyin.

Səhv etsən, günahı özündə axtar,
Sevgiyə layiq ol: Sevim! – deyəndə.
Dostum, Haqdan gələn böyüklüyün var,
Dünya səninkidir: Evim! – deyəndə.

Şahməmməd Dağlaroğlu

 

Yaşamışam

 

65-in astanasında

 

Çox sınmışam, göyərmişəm,

Sına-sına yaşamışam.

Bir ayın-günün içində

Sənə-sənə yaşamışam.

 

Satmışam varı yox kimi,

Tutmuşam könlü tox kimi.

Olan azımı çox kimi,

Sana-sana yaşamışam.

 

Şəkərim dilimin altda,

Qabarım əlimin altda.

Odumun, külümün altda,

Sönə-sönə yaşamışam.

 

Hər vaxt bir deyib üçümə,

Qatıblar köçü köçümə.

Səsimi udub içimə,

Sinə-sinə yaşamışam.

 

Haqq deyəndə dilim yanıb,

Əllərim göyə uzanıb.

Allahım, bir tək inanıb

Sənə, sənə, yaşamışam!

Nazir Ziya Talıstanlı

 

Qəbir möhürü

 

Çox azdır ixtiyar səğir bəndədə,
Allahım, səndədir kəbir möhürü.
Sən qoyan qanunu ayaqlayırlar,
Alasan divlərdən bir-bir möhürü.

Zülmlə milyonlar sanayanların,
Fitnə qazanıtək qaynayanların,
Bəşər taleyilə oynayanların
Vurasan bəxtinə cəbr möhürü.

Milyonlar qiyamət əzabı çəkir,
Səbirsiz bəndəyə sənin səbrin – sirr.
Kimlər ki xalq üstdə saraylar tikir,
Basasan üstünə qəbir möhürü.

Oqtay İsmayıllı

 

Dərdimin yanında, bitən dərdlərim

 

Mənim dərdlərimin ayaqları var,

Harda olsam gəlib tapacaq məni.

Musa Yaqub

 

Dərdimin yanında bitən dərdlərim,

Kədərə əyilən başım var mənim.

Sevincim tükənib, əlimdə qalıb,

Dağılıb dolusu, boşum var mənim.

 

Bircə Allahadır ümid, gümanım,

Canımın içində qovrulur canım.

Zaman ver, aman ver, ey  böyük Tanrım,

Başıma tuşlanan daşım var mənim!

 

Mən kiməm, nəçiyəm, nə də istəyəm,

Bir payız köçündə səfər üstəyəm.

Yanar ocağımdan qalxan tüstüyəm,

Alışıb qurusu, yaşım var mənim!

 

Yerdən göyə baxsam, ulduzum qaçar,

Güllü budağımdan bülbülüm uçar.

Əlim qoltuğumda qalmışam naçar,

Zülümlə yeyilən aşım var mənim!

 

A Tanrım, Allahım, gəl sən rəhm elə,

Artırma dərdimi bəmindən zilə.

Qıyma könlümdəki o zərif gülə,

Ovcumun içində yaşım var mənim.

Murad Məhərrəmov

                                                                                             

Bel bağlama

Dərə keçdim, yamac qalxdım, dik aşdım,

Gedib, gedib bir daş üstə əyləşdim.

Xəyallarım məni hara apardı,

Daş üstündə yerlə, göylə birləşdim.

 

Göydə bulud, yerdə duman üz-üzə,

Aç qolunu sal qayanın belinə.

Nazlı bir qız xeyli uzaq dayanıb,

Daraq çəkir, sığal verir telinə.

 

Bülbüllərin budaqlarda nəğməsi,

Başqa bir quş yuva qurub kol üstə.

Durnaların səmalarda süzməsi,

Bir aşiq də çıxıb durub yol üstə.

 

Bir cığır da dağ belinə dolanıb,

O cığırdan neçə arzu, kam keçib.

Qartal qonub sinəsinə qayanın,

Elə bil ki laxtalanmış qan içib.

 

Bu dünyanın astar üzü, iç üzü,

Şaxtası var, çovğunu var, qarı var.

Qayalarda qaqqıldaşan kəkliyi,

Dağlarında Qartalı var, Sarı var.

 

Bel bağlama felinə bu dünyanın,

Qaya uçar, dağ əyilər üstünə.

Tənha qalıb alışarsan, yanarsan,

Görən olmaz, göz yumarlar tüstünə.

Rüstəm Məbudoğlu

 

Gəlmisən

 

Sevimli müğənnimiz Elnarə Abdullayevaya

 

Ay ürəyim qurban, ay canım-gözüm,

Nə bildin burdayam, bura gəlmisən.

Oxuyub dərdlərə məlhəm olasan,

Göynədiyi zaman yara, gəlmisən.

 

Məclisdə şair var, deyir şeir də,

Susubdu təbiət, dinmir dəhr də.

Zövqü oxşayalar sənlə bir yerdə

Demisən kamana, tara, gəlmisən.

 

“Orman”a üz tutub, seçib çəməni,

Gəzib-dolanırsan eli, vətəni.

Demisən avazın sağaldar məni,

Səsi bilib mənə çara, gəlmisən.

 

Avazında kədər, səsində qəm var,

Sənətin can sıxmır, deyil qəmavər.

Düşmənə zərbəyçün dildə qəmə var,

Bezib beləsindən,  zara gəlmisən.

 

Yaşanır rahatlıq çölü-düzündə,

Oxu, çeşmələrin, suyun gözündə.

Yəqin ki, bilirsən bunu özün də,

Hara üz tutmusan, hara gəlmisən.

Tamam Qarayeva (Nur Tağlabiyanlı)

      

* * *

 

Mənə qismət eləmiş Tanrı şirin bir canı,

Can ilə birgə yetirmiş mənə həm cananı.

 

Elə incə, lətafətli, məlahətli,  gözəl,

Elə şux ki, yox onun bir zərrəcə nöqsanı.

 

Görən heyrətdə qalır, valeh olan var nə qədər,

Gözəllik əzəl gündən heyran edib insanı.

 

Tənhalıqdan üzüldüm həmdərdim olmayanda,

Şükr olsun ki, düzəlib evimin də sahmanı.

 

Şəkk etməm, əl açdım mən Tanrının dərgahına,

Çünki tək odur verən  xilqətə hər imkanı.

 

Sarvanı olmayan karvan dağılar, şübhə yox,

İnan o, Haqqa ki, Haqdır bəşərin sarvanı.

 

Gülxaram, imanla yetmişəm öz sevgimə mən,

Sevgilimlə çıxaram seyrə Azərbaycanı.

Gülxar Cəbiqızı

 

Gədəbəydənəm

 

Yerimi soruşdun, gizli deyildir,

Hər günü gülləşən Gədəbəydənəm.

Uca dağları var dəmir donunda,

Xoş günlə səsləşən Gədəbəydənəm.

 

Kababı çəkərlər bulaq başında,

Yeyərsən,  olarsan on beş yaşında.

Neçə min sirr yatır hər bir daşında,

Sevinci bollaşan Gədəbəydənəm.

 

Öküz dağ, Tək palıd, Qoşabulaq çay,

Bulaqlar yan-yana, get gözünlə say.

Niyyətin pisdirsə, quş salar haray,

Tovuza birləşən Gədəbəydənəm.

 

Zəhmətkənd, Söyüdlü, bir də Nəriman,

Sən kimi dindirsən, deyəcəkdir can.

Bilmərsən necədi ayrılıq, hicran,

Doğmatək dərdləşən Gədəbəydənəm.

 

Qaytarmaz qapıdan səni nəbadə,

Bacarsan, nuş elə bu yerdə badə.

Ad qoyub həm “Narzan”, həm də “Şahzadə”,

Dağlarda ballaşan Gədəbəydənəm.

Aidə Gədəbəyli

 

***

Uzat əlini, topla ulduzları çantana,

Uzandıqca bəşərində uğursuzluq yan-yana.

Hər bədəni boş qoyanda bu ruhsuzluq, az qala,

Başlamışıq biz ölümü qüsursuzluq sanmağa.

Məsumiyyət səmadadı, gözlərində əks edir,

Günahkar ayaqlarımız köz üstündə rəqs edir.

Hər şeytanın bəlli olur sözlərində məqsədi,

Taparsan əgər gəlsən izlərimlə məhşəri,

Tanrı, oradasan? Yuxarıdakı sirlərlə.

Hansı çuxurun dibindəyəm görəsən öz zirvəmdə?

İstəyirəm günah adlı bataqlıqda kirlənmək,

Ya zehnimin otaqlarında uşaqlıqda gizlənmək.

Kainat sadəcə pərdədi Tanrıyla aramızda,

Dualar qarğışları ardınca aparırlar.

Səni yaradır, sənsə onu ağlınla yaradırsan,

Və sonra da şübhə adlı ağrınla yaşayırsan.

Buludlu göz bəbəklərim, ulduzlardan ayrıyam,

Hər əzama batırırdı yaradılışım sancılar,

Düşündükcə yox oluram və bu çatır axrıma,

Düşünürəm… düşünürəmsə, deməli, Tanrı var.

Nə qədər axmaqcadı  əbədiyyət axtarıb,

Axmaq kimi görünmək. Nə qədər qəddarcadı,

Bir ömür səmaya baxıb, sonda torpağa gömülmək.

Xəyal Hüseynov

 

Dünyanın günahı nə?

 

İnsan qaçsa insanlıqdan,

Dil daş olub, deməsə can.

Quruyarsa körpə fidan,

Bu dünyanın günahı nə?

 

Valideyni saymır övlad,

Ana olur balaya yad.

Dost dostunu eləmir şad,

Bu dünyanın günahı nə?

 

Dərdlər artdıqca, yayıldı,

Mən yatdım, korlar ayıldı.

Canı alan Əzrayıldı,

Bu dünyanın günahı nə?

Nizami Nadirov

 

İnşaatçılar

 

Daşı daş üstünə qoyan əliniz,

Var olsun, həyatın mənası bunda.

Yaxşı yol tutandan qalar yaxşı iz,

Sizi xatırlayar el-oba sonda.

 

Qalar niyyətiniz əməlinizdə,

Oğlunuz, qızınız üzüağ gəzər.

Görünür qüdrət var gül əlinizdə,

İşiniz gül açan Vətəni bəzər.

Şərqiyyə Balacanlı

 

Dərdli baxışların öldürür məni

 

Gül çöhrəni soldurubdur qüssə-qəm,

Nə yaman ah çəkdin, sızladın gülüb.

Baxışın var idi, başqa bir aləm,

Saçların ağarıb, belin bükülüb.

 

Gözlərin sel tökür, dərd verir mənə,

Göz yaşın yandırır gül yanağını.

Kədər heç yaraşmaz o gül çöhrənə,

Dost-düşmən bilməsin ağlamağını.

 

Sən ağlasan, mən də gülə bilmərəm,

Həsrət acı-acı güldürür məni.

Taqətim kəsilib, gələ bilmərəm,

Dərdli baxışların öldürür məni.

Xuraman Baxış

 

İncimə məndən

 

Sən günəş soraqlı bir qönçə çiçək,

Çıxmışam qarşına, incimə məndən.

Qəlbini üşütsə soyuq rəftarım,

Gəlməsəm xoşuna, incimə məndən.

 

Gözlərin bələnib sevda rənginə,

Çəkir sevənləri öz ahənginə.

Vermə ürəyini qəmin çənginə,

Dəyməz göz yaşına, incimə məndən.

 

Sən bu elin gülü, mən qərib bəndə,

İnsaf et, ruhumu salma kəməndə.

Qəlbimin parası qalıb vətəndə,

Dolanım başına, incimə məndən.

Şahlar Hacıyev

 

Məni səsləyir Vətən

 

“Qürbət cənnət оlsа dа”

 

Аrtıq qоcаlmışаm mən,

indi bilmirəm nədən;

Yuхulаrdа hər gеcə

məni səsləyir Vətən.

Günlərimi sаyırаm

еlə bil məhbəsdəyəm.

Аyrı bir təmənnаdа,

аyrı bir həvəsdəyəm.

Nаrаhаt hiss еdirəm

gеtdikcə mən özümü.

İstərəm tоrpаğımı

öpəm, sürtəm üzümü.

Əvvəllər yuхulаrdа

аz-аz görürdüm оnu.

Bəlkə də yахınlаşır

dеyirəm ömrün sоnu.

Tоrpаğımdаn yоğrulub

qəlbim, ruhum, bədənim,

Yеnidən öz bаğrınа bаsmаq

istər Vətənim.

Qоrхurаm gеcikəm mən

оnunlа sоn görüşə,

Vətənin bir pаrçаsı

özgə tоrpаğа düşə…

 Vaqif Əliyev

 

 

slə

Uzat əllərini, uzat sən mənə,
Əllərin əlimə yetincə, səslə.
Üzəndə qəlbini intizar, həsrət,
Həsrətin yolunda bitincə səslə.

 

Qəminin yükünü götür aradan,
Ayırmağı bacar, ağı qaradan.
Boylan, gözlərində bir dəli hicran
Hicranın gözündə itincə, səslə.

 

Demə, yorğun düşdüm yolunda mən də,
Yollar birləşəndi günün birində,
Harayla gül-çiçək bitən çəməndə,
Səsin ürəyimə yetincə, səslə.

Mehriban İbrahimova

 

 

Şərh Yaz