Mədəniyyətimizin daha bir uğuru

Azərbaycanı təmsil edən Lahıc folklor kollektivinin və aşıqlarımızın uzaq Qazaxıstanda ifaları böyük marağa səbəb olub

 

“Qazaxıstan Respublikasının Nursultan şəhərində 28-30 iyun 2019-cu il tarixlərində “Kazakh tourism”in təşkilatçılığı ilə keçirilmiş “Koşpəndilər Aləmi” adlı 2-ci Beynəlxalq Etnofestivalında iştirak etmək məqsədilə Azərbaycan nümayəndə heyəti Qazaxıstana səfər etmişdir. Azərbaycan nümayəndə heyəti 25 iyun 2019-cu il tarixdə Nursultan Hava Limanında qazax milli musiqi sədaları ilə qarşılanmışdır.

Qeyd edək ki, 10-dan artıq ölkənin milli komandalarının iştirakı ilə baş tutan etnofestivalda türk xalqlarının köçəri həyatı, adət-ənənələri, rəqs, folklor, sənətkarlıq və ifa nümunələri nümayiş olunmuşdur. Azərbaycanı adıçəkilən etnofestivalda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Eldəniz Ağayev, Lahıc folklor qrupu, 3 sənətkar, 2 çapar və 2 aşıq təmsil etmişdir.

25 iyun 2019-cu il tarixində Etnofestivalın keçirilməsi ilə bağlı Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində mətbuat nümayəndələri üçün brifinq keçirilmişdir. Brifinq zamanı Azərbaycanın zəngin milli mədəniyyəti və nümayəndə heyətinin etnofestivalda çıxış proqramı haqqında, o cümlədən  Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası haqqında ətraflı məlumat verilmişdir.

Festival təntənəli paradla başlanılmış və ”Kazakh tourism”in rəhbərliyinin salamlama nitqi ilə açıq elan olunmuşdur. Qeyd edək ki, Azərbaycan komandasının çıxışı, o cümlədən Lahıc folklor kollektivinin və aşıqlarımızın ifaları böyük marağa səbəb olmuş, Azərbaycan “yurta”sı ən çox ziyarət edilənlərdən olmuşdur. Festival çərçivəsində bir çox ölkələrin nümayəndəlikləri ilə dialoqlar aparılmışdır. Xüsusən Dünya Atüstü Oxatma Federasiyasının rəhbəri ilə söhbət zamanı bildirilmişdir ki, Cənubi Koreya atüstü oyunlarla bağlı Azərbaycanla çox maraqlanır və bu barədə daha çox məlumatlanmaq, həmçinin bu sahənin qarşılıqlı inkişafı üçün daha sıx əlaqələrin olmasında maraqlıdırlar.

Festival zamanı iştirakçı ölkələrin, o cümlədən Azərbaycan komandasının çıxışları gur alqışlarla qarşılanmışdır. Azərbaycan komandası uğurlu çıxışına görə sertifikatlarla təltif olunmuşdur”.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin saytından götürdüyüm informasiyanı dostlarım, talıstanlı aşıq Elman Mehdiyev və İsmayıllının “Zeynəbi” adlandırdığım xanəndə Sahibə Abdullayeva vermiş, müəyyən uğurlarla tanış etmişdilər. Bu yazını yazmaq üçün bilgilərimi daha da artırmaq istədim. Və beləliklə, deyəsən məqsədim alındı.

 

***

Heydər Əliyev adına Beynəlxalq aeroportdan uçuşa başlayan təyyarə Qazaxıstan istiqamətində hərəkət edir, təyyarə ağ pambıq buludların üzərində süzdükcə xəyallarda ağ rəngin harmoniyası dolanır, qeyri-iradi olaraq xəyallar məni də orada keçiriləcək beynəlxalq fesivala aparır. Düşüncələr məni rahat buraxmır. O düşüncə ki, Ziya Gökalpın milli düşüncələri ilə həmahəng səslənir:

Sorma məndən oymağımı, boyumu…

Beş min ildir millət kimi yaşaram,

Sorma məndən ailəmi, soyumu,

Soyum Türklük, soy köküm hökmdarım…

 

Demə mənə: “Oğuz, kayı, osmanlı…”

Türkəm – bu ad hər ünvandan üstündür…

Yoxdur özbək, noqay, qırğız, qazanlı,

Türk milləti bölünməz bir “bütündür…”

 

Ey türk oğlu! Artıq nə mən, nə sən, nə o deyə bir şey yox…

Millətlər yox, uruqlar yox, ancaq böyük Turan var…

Bəli, “Koşpəndilər Aləmi” (“Xoşqədəmlər”) adlı 2-ci Beynəlxalq Etnofestivalı möhtəşəm açılış mərasimi və bu tədbirdə Azərbaycanın dünyaya verdiyi, daha çox da çağırış etdiyi sülh və həmrəyliyin, İslam əxlaqı və mədəniyyətinin, tolerant fikir və düşüncənin, qədimlik və müasirliyin harmoniyası, Azərbaycanın dünya folkloru aləmində yeri və dünya sivilizasiyasına töhfələri barədə düşünürəm.

Dünyanın nəhəng fikir adamları türk dünyasının və mədəniyyətinin gözəlliyi, ali dəyərləri haqqında həmişə heyranlıqla danışıblar, qədim mədəniyyətə yüksək ehtiram göstəriblər. Zamanın sərt küləklərı yüz illər boyu nəinki türk dünyası mədəniyyətinin dəyərini azaldıb, əksinə, onun əbədiyaşarlığını təsdiq edib. Zaman göstərib ki, bu qüdrətli mədəniyyət axar su kimi, işıq kimi bir zərrə belə, ləkə götürmür. Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının insan və cəmiyyətlə bağlı qəbul etdiyi hüquqi və demokratik prinsiplər daha əvvəllər, daha ali formada “Qurani-Kərim”də öz əksini tapıb. Bəşəriyyəti haqqa, ədalətə, dostluğa, sülhə, insanpərvərliyə çağıran İslam dininin inkişafı sivilizasiyalararası dialoqa və mədəniyyətlərin harmoniyasına daim öz töhfəsini verir.

Dünya Azərbaycanı modern bir dövlət olaraq, eyni zamanda İslam dininə etiqad edən insanların vətəni, Avropa dəyərlərini əxz etmiş, Qərbə inteqrasiya edən unikal bir məkan olaraq qəbul edir. Bu anlamda götürsək, Azərbaycan mədəniyyətinin beynəlxalq festivalda təmsil edilməsi dövlətimizin həqiqi mənada imicini də artırır.

Festivalın iştirakçıları aşıq Elman Mehdiyev və xanəndə Sahibə Abdullayevanın da çöhrələrindən bu uğurların ona gətirdiyi sevinc hisslərini sezməmək olmur. Ötən dəfə İran və Türkiyə səfərlərindən də belə təəssüratlara qayıtmışdılar, bu dəfə də. Gəlin onları dinləyək.

Aşıq Elman MEHDİYEV: – Qazaxıstana ilk dəfə idi ki, səfər edirdim. Bizi orada tam səmimiyyətlə qarşıladılar, Nursultan şəhər aeroportunda bizi milli alətləri dombra ilə qarşıladı, ən əziz qonaqlarına verdikləri “qımız”ı (at südünü) təqdim etdilər (Öyrəndik ki, təkcə bizi bu formada qəbul ediblər). Azərbaycanı təmsil dən Lahıc folklor kollektivinin, elə nümayəndə heyətimizin də ən fəal üzvü xanəndə Sahibə Abdullayeva da əvəzində “Yaşa mənim xalqım” mahnısını ifa etdi. İlk baxışdan qazaxların diqqətini cəlb edən Sahibə xanım bu mahnı ilə həm də türk dünyası ilə birliyimizi nümayiş etdirdi.

Bizi “İnn otel” mehmanxanasında yerləşdirdilər. Hərə öz yerini tutdu. Ertəsi gün Nursultan şəhərinin görməli yerləri ilə tanış etdilər. Qeyd edim ki, bu şəhər olduqca əsrarəngiz, gözəl, havası təmiz, əhalisi də mehriban və səmimi olan bir türk yurdudur. .

İyunun 28-də məşqlərimiz başladı. Vurğulayım ki, tədbirdə Azərbaycan, İran, Türkiyə, Qazaxıstan, Rusiya, Monqolustan, Özbəkistan, Qırğızıstan, Cənubi Koreya, Bolqarıstan dövlətlərinin folklor kollektivləri iştirak edirdilər.

Festival iyunun 29-da açıldı. Meydana daxil olan Azərbaycanın nümayəndə heyətini tamaşaçılar gurultulu alqışlarla qarşıladılar. Çaparlarımız at üstündə bayrağımızı dalğalandırdılar. Rəsmi keçiddən sonra Nursultan şəhərinin meri və təmsilçi ölkələrin səfirləri də çıxış edib qonaqları salamladılar.

Festival başlandı. Hər bir ölkə üçün rəmzi olaraq qurulmuş alaçığın yanında həmin ölkənin milli bayrağı dalğalanırdı. Hər bir ölkəyə çıxış üçün 20 dəqiqə vaxt ayrılmışdı. Bizim çıxışlarımız – aşıqların (mənim, aşıq Əli Zeynalabdinovun, aşıq Əfsanə xanımın), Lahıc folklor ansamblının, eləcə də Sahibə xanımın “Yaşa, mənim xalqım” mahnısı tamaşaçıların alqışlarına səbəb oldu.

Söhbətimizin bu yerində Sahibə ABDULLAYEVA dillənir, təəssüratlarını bizimlə bölüşür:

– Daşdəmir müəllim, dünyanın çox yerində olmuşam, maraqlı çıxışlarım olub. Amma Qazaxıstandakı çıxışlarım, ifalarım yadımdan çıxmayacaq. Əslində, öz ifamla orada iştirak edən qonaqların da diqqətini cəlb etmişəm. Bu da çoxlu dost tapmağımla nəticələndi.

Festivalın ikinci günündə eyni proqramla çıxış etdik və tamaşaçı marağına səbəb oldu, gurultulu alqışlarla qarşılandıq. İyunun 30-u axşam festival iştirakçılarının şərəfinə Qala gecəsi hazırlanmışdı. Bu gecədə də nümayəndə heyətimizin fəallığı, oxuduğum müxtəlif mahnılar millətindən asılı olmayaraq hamını cuşə gətirdi, rəqs etməyə sövq etdi.

İyulun 1-də bizi Qazaxıstanda olan Azərbaycan Cəmiyyətinin təmsilçisi Vidadi müəllim qəbul etdi, bizi nahara dəvət etdi. Süfrə arxası işgüzar söhbətlərimiz oldu. Bizi səmimi qarşıladığına görə Vidadi müəllimə minnətdarlıq hisslərimizi çatdırmaq istərdim.

Söhbətimizi aşıq Elmanla davam etdiririk. E.Mehdiyev deyir:

– İyulun 1-i axşam saat 8-də Vətənə yola düşdük. Bizimlə birlikdə səfərdə olan Mədəniyyət Nazirliyinin nümayəndəsi Eldəniz Ağayev (O, qəlbimizdə sadə və gözəl insan kimi qaldı), Sahibə Abdullayeva, İsaq Mövlamov, Maarif Əliyev, Nəzər Əliyev, Ramil Quliyev, Abdulla Dadaşov, Amil Talıbov, Oktay Talıbov, Əli Zeynalabdinov, Aşıq Əfsanə xanımın və başqa dostlarımızın yaddaşına Qazaxıstan səfərimiz əbədi həkk olundu. Hələ də o səfərin xoş təəssüratları altındayıq…

* * *

Mən də bu ümiddəyəm ki, nə qədər tamaşaçıya böyük zövq vermiş bu festivalın xoş təəssüratlarını yaşayan Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil edilən Lahıc folklor kollektivi bu maraqlı səfəri uzun müddət yadından çıxarmayacaq. Ona da sevinirəm ki, mədəniyyət xalqlarımızı bu qədər yaxınlaşdırır. Biz bundan sonra da böyük məmnunluqla bu kollektivin uğurlarının sorağını eşidəcəyik.

Söhbətləşdi:

Daşdəmir ƏJDƏROĞLU

 

Şərh Yaz